Ruslar əlacsız qalıb: dollar 110 rubla çata bilər

09:27 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iqtisadçılar hesab edir ki, 2024-cü ilin ikinci rübündə dolların məzənnəsi 110 rubla yüksələcək.

Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, “Roskonqres” analitiklərinin hazırladığı hesabatda deyilir ki, dolların hər ay iki rubl dəyər qazanacağı proqnozlaşdırılır.

Rublun ucuzlaşmasına səbəb olan uzunmüddətli fundamental faktorlar göstərilib. Bu amillər arasında ölkədən kapital axını, dollar və avro ilə valyuta gəlirlərinin azalması, sanksiyalar səbəbindən bahalaşan idxal əməliyyatları üçün valyuta tələbinin artması aparıcı amillərdir.

“Capital Skills”dən Mark Qoyxman bu fikirdədir ki, Mərkəzi Bankın gördüyü tədbirlərin fundamental amillərə toxunmadığı üçün təsiri məhdud olacaq. Qöyxmanın fikrincə, dollar-rubl məzənnəsini azad bazar üsulları ilə nəzarətdə saxlamaq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin səlahiyyəti xaricindədir.

“Roskonqres” analitikləri həmçinin dolları cilovlamaq üçün valyuta nəzarətini gücləndirməyi və bütün ixrac gəlirlərinin rubla çevrilməsini tövsiyə edirlər.

Bu arada Rusiyada valyutaya nəzarət tədbirlərinin görülməsi rəsmi olaraq gündəmdədir.

RBC-nin məlumatına görə, Dumaya məlumat verən maliyyə nazirinin müavini Aleksey Moiseyev deyib: “Hazırda valyuta nəzarəti ilə bağlı bəzi tədbirlər hazırlanıb və qiymətləndirilir. Bu tədbirlər indi dost ölkələrdən keçən kapital axınına yönəlib. Hesab edirik ki, bu, xarici valyutada qısamüddətli volatilliyi azaldacaq. “Lakin yekun qərar verilməyib, biz hələ də bunun üzərində işləyirik”.

Eyni iclasda çıxış edən Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkin belə nəzarətlərin artırılmasını dəstəkləmədiklərini və valyuta məzənnəsindəki dalğalanmanın maliyyə sabitliyi üçün risk yaratmadığını deyib.