Rusiya Ali İqtisadiyyat Məktəbinin ekspertləri hesablayıblar ki, ilin əvvəlindən rublun 30 faiz ucuzlaşması inflyasiyanın səviyyəsini 1,5-3 faiz artıracaq. Mərkəzi Bankın məlumatları da göstərir ki, məzənnənin hər 10 faiz artması inflyasiyaya 0,5-0,6 bənd əlavə edir.
Hafta.az-ın yazdığına görə, Rusiyada dollar 97 rublu ötüb və valyutalar 97,13 səviyyəsinə yüksəlib. Saat 17.32-də avronun məzənnəsi 106,32 rubl təşkil edib.
Müvafiq olaraq, ilin əvvəlindən rublun dollara nisbətdə ucuzlaşması 27 faiz, avroya nisbətdə isə 33 faiz səviyyəsini keçib.
Məsələni “RBC” qəzetinin rəyi ilə işıqlandıran “Rennesaince Capital”ın analitiki Sofiya Donets bildirir ki, idxalçılar qiymətləri təyin edərkən məzənnənin gedişatını da nəzərə alırlar və rubl ucuzlaşdıqda “yuvarlaqlaşma” tendensiyası artır.
Rusiya Mərkəzi Bankının inflyasiya hədəfi 4 faizdir. 2023-cü ilin ilk 6 ayında inflyasiya səviyyəsi 2,76 faizdir.
Bu arada, infilyasiya ilə əlaqədar Rusiyada sosial dolanışığı pisləşən əhali banklara borclanmaqda davam edir və fiziki şəxslərə verilən kreditlərin məbləğində iki ay dalbadal rekord qırılıb.
“Frank RG” analitik və konsaltinq firmasının məlumatlarına görə, ötən iyul ayında Rusiya vətəndaşlarına verilən kreditlərin məbləği 1,53 trilyon rubla yüksəlib. Bu isə iyun ayı ilə müqayisədə 4 faiz artım deməkdir.
Rusiya vətəndaşlarının istifadə etdiyi istehlak kreditlərinin həcmi illik müqayisədə 5 faiz artaraq 663,9 trilyon rubla çatıb.
İpoteka mənzil kreditləri bir ayda 4 faiz artaraq 633,2 milyard rubla çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 faiz artıb.
Avtomobil kreditləri isə bir ayda 30 faiz, illik bazda isə 186 faiz artaraq 165 milyard rubla çatıb.