Nəhayət, deyəsən Qəzzada sülh ab-havası yaranır. Bir neçə gündür silah səsləri eşidilmir, min əzab-əziyyətlə tikilib-qurulan evlər dağılmır, ən əsası isə, insanlar həlak olmur. Amma bir məsələ var: ABŞ prezidenti Donald Trampın diqtə etdiyi sözügedən sülh prosesi daimi olacaqmı, yenidən qurulacaq Qəzzada yaşayanlar müharibəsiz həyat yaşaya biləcəkmi? Əlbəttə, bütün bu xoş arzuları reallaşdırmaq üçün müharibəyə səbəb verəcək halların yaşanmamasına təminat verilməlidir və Qəzzaya dair Misirdə keçirilmiş Sülh Sammiti deyəsən bu təminatı verəcək kimi görünür.
İsrailli politoloq, ictimai-siyasi fəal Barux Liviyevlə Hafta.az-a müsahibəsində yenicə yaranmaqda olan sülh prosesi ilə bağlı qısa müzakirə apardıq.
- Təbii ki, çoxları bunun daha tez baş verməsini, iztirabların və itkilərin daha az olmasını istərdi, lakin sülh prosesinin başlanmasının özü artıq mühüm nailiyyətdir. Qeyd etmək istərdim ki, terrorçularla danışıqlarla bağlı bilmədiyimiz bir çox nüanslar var. Tapşırıq həqiqətən çətin və mürəkkəbdir. Regiona həyat və sabitlik gətirən istənilən addım dəstək və tərifə layiqdir. Ən əsası odur ki, diplomatik bəyanatların ardınca xalqımızın təhlükəsizliyini təmin etmək üçün real addımlar atılır.
ABŞ Prezidenti Donald Trampa zəhmətinə qarşılıq haqqı verilməlidir – o, bu sülh missiyasına böyük məsuliyyətlə rəhbərlik edib.
Artıq bütün girovlar azad edilib. Həmas terrorçuları onlarla qeyri-insani rəftar edib, dözülməz şəraitdə saxlasalar da, onların qayıdışı insan ruhunun əsl zəfəridir. Hər şeyə rəğmən, xalqımız Trampın hərəkətlərini qürurla qarşıladı, onu sülhə nail olmaq əzmi və iradəsinə görə alqışladı.
- Bölgədən yayımlanan sujetlərdən də aydın görünür ki, yerli əhali sevinir evlərinə qayıtdığı üçün və hamı sülhün daimi qalmasını arzulayır. Bəs siz necə düşünürsünüz: sülh daimi olacaqmı və bunun üçün tərəflər konkret nələrə əməl etməlidirlər?
- Daimi sülh o zaman mümkündür ki, təkcə düşmənçilik deyil, həm də nifrət dayansın. Sülhün davamlı olması üçün hər iki tərəf etimadı bərpa etməyə çalışmalıdır. İsrail demokratik ölkə kimi qonşularımızın ekstremist qrupların təsirindən azad olaraq ləyaqətlə yaşaya bilməsində maraqlıdır. Hər şey Qəzzada liderlərin zorakılıqdan əl çəkməyə və İsrailin təhlükəsizlikdə yaşamaq hüququnu tanımağa hazır olub-olmamasından asılıdır. Açığı, mən də bir çox İsrail vətəndaşları kimi buna inanmaqda çətinlik çəkirəm. Fələstin xalqı mövcud olduğu uzun illər ərzində sülh şəraitində birgə yaşamaq qabiliyyətini dünyaya göstərə - sübut edə bilməyib. Təəssüf ki, hamımızın gördüyümüz kimi, terrordan başqa insanlıq üçün faydalı heç nə yaratmadılar.
- Köçkünlər geri qayıdır, amma axı çox sayda binalar dağılıb. Sizdə məlumat varmı, onlar geri qayıtdıqdan sonra harda yerləşəcəklər, yəni İsrail hökuməti və ya beynəlxalq birlik hər hansı proqram hazırlayıbmı bununla bağlı?
- İsrail Fələstin Mülki Administrasiyasının daxili işlərinə qarışmır. Bununla belə, bildiyimə görə, beynəlxalq təşkilatlar və ərəb ölkələri artıq Qəzza zolağının yenidən qurulmasında iştirak etmək istəyini bildiriblər. İsrail, öz növbəsində, sülh və sabitliyə töhfə verərsə, humanitar məsələləri koordinasiya etməyə açıqdır. Biz hamımız istəyirik ki, insanlar normal həyata qayıda bilsinlər, amma ən əsası odur ki, bu ərazilər artıq terror üçün istifadə edilmir.

- Humanitar yardımlar da Qəzzaya sərbəst daxil olur. Mən bu gün xarici telesujetlərin birində üstünə iri hərflərlə İsrail əlifbası ilə nəsə yazılmış TIR-ların da yardım daşıdığını gördüm. Qəzzaya yardım daşıyan humanitar prosesdə İsrailin özü də iştirak edir, yoxsa sadəcə beynəlxalq yüklər İsrail TIR-ları ilə daşınır?
- Bəli, İsrail humanitar yüklərin çatdırılmasında mühüm rol oynayır. İsrail tərəfi nəzarət-buraxılış məntəqələrindən keçən hər şeyi Qəzzaya göndərilməzdən əvvəl təhlükəsizlik baxımından hərtərəfli yoxlayır. İsrail bunu siyasi mənfəət baxımından deyil, humanitar səbəblər üçün edir. İsrail cəmiyyəti başa düşür ki, Qəzza sakinlərinə kömək etmək əxlaq və vicdan məsələsidir, hətta biz düşmən rejim və demək olar ki, 90 faizi düşmənçilik edən əhali ilə qarşılaşsaq belə.
- Sülh prosesi İsraildə necə qarşılanır, sadə əhalinin münasibəti necədir?
- İsrail cəmiyyəti parçalanıb, lakin siyasi mənsubiyyətindən asılı olmayaraq əksəriyyət sülh istəyir. İsraillilər daimi təhlükədən yorulub və hamı bu prosesin real dəyişikliklərə gətirib çıxaracağına ümid edir. Eyni zamanda, əksəriyyət anlayır ki, sülh yalnız təhlükəsizliyə və terrorun olmamasına əsaslandıqda mümkündür. İsrail illüziyalarla yaşaya bilməz, ona görə də ictimaiyyət hökumətin ehtiyatlı, lakin məsuliyyətli yanaşmasını dəstəkləyir.
- Önümüzdəki dövrdə Qəzzanın taleyi necə olacaq, idarəçilik Fələstin hökumətinə veriləcək, yoxsa indiki kimi, yenə də başqa bir qurum və ya şəxslər tərəfindən idarə olunacaq?
- Bu mürəkkəb və həssas məsələdir. Hər şey bu ərazini idarə etmək üçün məsuliyyəti kimin üzərinə götürməsindən asılıdır. İsrail Qəzzanı idarə etməyə can atmır, lakin terrorun orada yenidən möhkəmlənməsinə imkan verə bilməz. Yəqin ki, mötədil ərəb ölkələrinin və ya Fələstin rəhbərliyinin iştirakı ilə hansısa beynəlxalq idarəçilik modeli yaradıla bilər. Əsas odur ki, orada artıq silahlar, tunellər, nifrət ideologiyası olmasın, əvəzində məktəblər, iş yerləri açılsın, iqtisadi inkişaf olsun.
- Sülh yaransa belə, dünyada Netanyahu hökumətinə (İsrailə yox, Netanyahu hökumətinə!) qarşı etiraz edən hökumətlərlə Təl Əvivin gələcək münasibətlərini necə görürsünüz, Netanyahu hökuməti küsüləri aradan qaldıra biləcəkmi, yoxsa bunun üçün yeni hökumətin qurulması vacibdir?
- İsrail demokratiyası güclüdür, çünki biz fikir müxtəlifliyi və canlı siyasi debatdan həzz alırıq. Hər bir hökumət, o cümlədən indiki hökumət, ilk növbədə milli təhlükəsizlik maraqlarından çıxış edir. Baş nazir Netanyahu, tənqidlərə baxmayaraq, geniş təcrübəyə və beynəlxalq münasibətlərə dair strateji baxışa malikdir. Əminəm ki, müxtəlif ölkələrlə dialoq davam edəcək, çünki İsrail qarşıdurmada deyil, sülh, inkişaf və terrorizmlə mübarizə dəyərlərini paylaşan dövlətlərlə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Mən onu da bilirəm ki, üzdə İsraili açıq şəkildə tənqid edən ölkələr, məsələn, İordaniya, Misir və hətta Livanın bəzi hissələri – əslində pərdə arxasında onunla təhlükəsizlik və kəşfiyyat sahəsində sıx və davamlı əməkdaşlıq edir. Bu, sadəcə açıqlanmır, çünki onların hökumətləri radikal qrup və fanatiklərin potensial əks reaksiyalarını başa düşürlər. Bu ölkələrin məsul rəhbərləri əsl düşmənin və müttəfiqin kim olduğunu, kimin qurub, kimin məhv etdiyini yaxşı bilirlər. Axı onlar özləri Fələstin ekstremizmini və terrorizmini öz təcrübələri ilə yaşayıblar.
Tarix bunu artıq sübut edib. 1970-ci ildə İordaniyada fələstinli milislər Kral Hüseyni devirməyə cəhd etdilər - bu, silahlı toqquşmalarda minlərlə insanın öldüyü "Qara Sentyabr" hadisəsi kimi yaddaşlarda qalıb. Livanda 1970-1980-ci illərdə silahlı Fələstinli qruplar ölkədə sabitliyi pozmuşdu ki, bu da vətəndaş müharibəsinin səbəblərindən biri idi. Hətta Misir sülh arzusuna baxmayaraq, eyni ideologiyadan qaynaqlanan ekstremizmin nəticələri ilə dəfələrlə üzləşib. Bu dərslər götürülüb və günümüzdə regionun ağıllı liderləri başa düşürlər ki, sabitlik yalnız İsraillə əməkdaşlıq yolu ilə mümkündür, radikalların əlinə oynamaqla yox.
İsrail güclü iqtisadiyyatı və yaradıcılıq üçün doğulmuş istedadlı xalqı olan bir ölkədir. Sınaqlara baxmayaraq, İsrailin iqtisadiyyatı müharibə zamanı zəifləmədi, əksinə, daha da gücləndi. İsrail bacarıqlı hökuməti və qətiyyətli baş naziri sayəsində qlobal nüfuz qazanmağı bacarıb, Yaxın Şərqdə yeni nizamın formalaşmasında mühüm rol oynayıb. Proses artıq başlayıb və hələ uzun müddət bu haqda danışılacaq. İsrail, hətta daimi çağırışlar qarşısında necə qura və inkişaf edə biləcəyinə dair bir nümunə olaraq qalır...