Şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır - Təklif

11:49 28.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar dərslərin hansı qaydada davam edəcəyi artıq açıqlandı. Bu barədə dünənki brifinqdə Təhsil Naziri bildirib. Tədrisin davam etməsi qərarını hafta.az-a şərh edən təhsil eksperti Kamran Əsədov dedi ki, təhlil aparsaq görərik ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərdi:

"Belə ki, bu sahə fəaliyyətini davam etmək üçün 180 dərəcə bütün infrastrukturu dəyişməlidir. Tədris həftəsi əvvəllər 34 həftə idi və şagirdlər 210 gün məktəblərə gedirdilər. İndi isə bu rəqəm 68 günə qədər düşəcək. Hesab edirəm ki, ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır.

2-3 gün məktəbə getməklə tam bilik və bacarıqlara malik olmaq mümkün olmasa da, ən azından bu onlayn dərslərdən daha effektivdir.

Lakin bir məqam var, bu gün 4447 orta məktəbdə çalışan 151 min müəllimin 37 faizi risk qrupuna aiddir. Bu zaman onları ənənəvi yox, onlayn dərslərə cəlb etmək lazımdır.

Məsələ o deyil ki, şagirdlər 2-3 gün dərsdə olduqları üçün virusa yoluxacaqlar. O şagirdlər məktəbə gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. O zaman əlbəttə ki, yoluxma halları olacaq. Şagirdlər məktəbə daxil olanda ciddi yoxlanılmasalar, potensial daşıyıcıya çevriləcəklər. Hesab edirəm ki, Bakı və bölgələrdə şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır və o avtobuslar yalnız şagirdləri daşımalıdır.

Məktəblərdə dezinfeksiya işləri, şagirdlərin yoxlanılması çox ciddi aparılmalıdır.
Baxçaların fəaliyyətinə icazə verildi, amma nəzərə alsaq ki, 1675 uşaq baxçasında 110 min uşaq tərbiyə alır və onları valideyinləri aparır baxçalara, deməli təmas halları olacaq. Bu da yoluxma hallarına təsir göstərə bilər.

Bundan başqa, 2020-2021-ci tədris ilində əgər ali və orta ixtisas təhsil müəssisələri ənənəvi formada tədrisi həyata keçirməyəcəklərsə, mütləq şəkildə təhsil haqları azaldılmalıdır. Çünki universitetlərin xərcləri alternativ təhsil vermədə dəfələrlə azalır.

Dövlət təhsil müəssisələrinin yükünü azaltmaq və insanların sağlamlığı üçün özəl sektorun fəaliyyətinə icazə verilməlidir ki, həm şagirdlər, həm də məktəbə ənənəvi qaydada getməyənlər zəruri bilik və bacarıqlara yiyələnsinlər, eyni zamanda məktəblərin yükü azalsın.
Bundan başqa təklif olunur ki, dərslər 2-3 gün tədris olunsun.

Bildiyimiz kimi 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə 15 sentyabr ilk dərs günüdür. Bu müddət ərzində 4447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir.
Onlayn sistemdə keçirilən dərslər heç də bütün şagirdlər üçün əlçatan deyil. Yəni 3 martdan etibarən keçirilməli olan bir çox dərsləri mənimsəməyən şagirdlər var.

Təklifim kompensiya təhsili proqramının işlənib hazırlanmasıdır. Yəni Təhsil Nazirliyi koronovirus dövrünə təsadüf edən mövzuların birləşdirilməsi, yığcamlaşdırılmasını əks etdirən tədris proqramı hazırlamalıdır.

Kompensasiya təhsili bütöv bir dövr təhsili deyil, qismən və sürətlənmiş təhsil prosesidir. Bu prosesdə heçdə tədris olunan bütün fənlər yox, zəruri akademik bilikləri formalaşdıran və növbəti sinif və pillələrdə vacib olan biliklərin verilməsini əks etdirən mövzu və paraqraflar tədris olunmalıdır".

Sosial rubrikasından digər xəbərlər