Sakinləri internetsiz qoyan nasaz bloklar

15:18 16.10.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Provayderlər bir-biri ilə rəqabət apararkən xidmətin sürətinə və qiymətinə diqqət yetirdiyi qədər infrastrukturun keyfiyyətinə də önəm verməlidirlər

Müasir dövrdə internet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Evdən işləmək, onlayn dərslərdə iştirak etmək, bank və dövlət xidmətlərindən istifadə etmək üçün sabit, etibarlı bağlantı vacibdir. Lakin təəssüf ki, paytaxtın bəzi ərazilərində yerləşən çoxmərtəbəli binalarda internetin fiziki infrastrukturu bu ehtiyacı qarşılamaq gücündə deyil.

Müşahidələr göstərir ki, son illər artan provayder sayı sakinlərə daha çox seçim imkanı versə də, bu texniki baxımdan xaosa səbəb olub. Binaların giriş hissələrində yerləşən internet qutuları bir çox hallarda acınacaqlı vəziyyətdədir. Onlarla şirkətin kabel və avadanlıqları bir-birinə qarışıb, normadan artıq yüklənib. Ustalar yeni qoşulma həyata keçirərkən mövcud naqillərin içində işləməyə məcbur qalır və bu zaman digər abonentlərin xəttinə zərər dəyir. Sakinlər bildirirlər ki, artıq bu adi hala çevrilib. Hər dəfə bir qonşuya yeni internet çəkiləndə digərlərinin bağlantısı kəsilir. Xüsusilə şənbə və bazar günləri bu hallar daha çox yaşanır. Texniki xidmət növbətçi rejimdə işlədiyi üçün nasazlığın aradan qaldırılması bəzən bir-iki gün çəkir. Bəzən sakinlər saatlarla, bəzən də günlərlə internetsiz qalmağa məcbur olur.

Ekspertlər hesab edirlər ki, belə vəziyyətin yaranmasının əsas səbəbi sistemsiz yanaşmadır. Hər bir provayder öz qaydasına uyğun kabel çəkir, heç kim bir-biri ilə koordinasiya etmir. Binalarda internet üçün nəzərdə tutulan texniki qutuların çoxunda kabellərin sayına və keyfiyyətinə nəzarət edilmir. Nəticədə həmin qutularda həm estetik, həm də texniki baxımdan qarışıqlıq yaranır. Naqillərin bir-birinə dolaşması və köhnəlməsi, izolyasiyanın olmaması hər an xəttin qırılmasına, hətta qısaqapanmaya səbəb ola bilər.

İnformasiya texnologiyaları üzrə mütəxəssislər bildirirlər ki, bu problemlərin qarşısını almaq üçün ilk növbədə binalarda internet infrastrukturu vahid sistem üzrə tənzimlənməlidir. Yəni hər binada internet provayderləri üçün ayrıca texniki otaq və ya mərkəzi qutu yaradılmalı, bütün şirkətlər bu sistemdən istifadə etməlidir. Bu zaman hər kəsin kabeli ayrıca qeydiyyatdan keçəcək və heç kim digər provayderin xəttinə müdaxilə edə bilməyəcək. Digər tərəfdən, mənzil-istismar sahələri və ya yerli icra qurumları binalarda kabel sisteminə nəzarət funksiyasını gücləndirməlidir. Hazırda çox hallarda bu məsuliyyət tamamilə şirkətlərin öhdəsinə buraxılıb. Nəticədə kim istəsə, istədiyi formada naqil çəkir, qutunun qapağını açıq qoyur, nəticədə həm təhlükəsizlik, həm də səliqə problemi yaranır.

Bəzi ölkələrdə bu məsələ çoxdan mərkəzləşdirilmiş qaydada tənzimlənir. Hər bina üçün ayrıca rabitə dolabı ayrılır, provayderlər bu sistemə qoşulmaq üçün rəsmi icazə alır. Azərbaycanda da bu model tətbiq olunsa, həm sakinlərin internet kəsintiləri azalacaq, həm də rabitə infrastrukturunun təhlükəsizliyi təmin ediləcək.

Maraqlıdır ki, binalarda kabel sıxlığı təkcə texniki deyil, həm də təhlükəsizlik problemi yaradır. Qutuların əksəriyyəti açıq vəziyyətdədir, naqillər izolyasiyasız və toz içindədir. Rütubət və qısaqapanma riski artır. Bu vəziyyət təkcə internetin dayanması deyil, yanğın təhlükəsi də yarada bilər.

Mövzu ilə bağlı Hafta.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, provayderlər bir-biri ilə rəqabət apararkən xidmətin sürətinə və qiymətinə diqqət yetirdiyi qədər infrastrukturun keyfiyyətinə də önəm verməlidirlər:

“Bu gün rəqəmsal dövrdə internet təkcə rahatlıq deyil, iqtisadi fəaliyyətin, təhsilin və sosial həyatın əsas dayaqlarından biridir. Bu baxımdan infrastruktur məsələləri həmişə diqqət mərkəzində saxlanılmalıdır”.

Ekspert bununla yanaşı qeyd edir ki, abonentlər belə hallarla qarşılaşdıqda tənzimləyici qurumu məlumatlandırmalıdırlar:

“Bu elə bir vəziyyətdir ki, mütləq tənzimləyici qurumun müdaxiləsi lazımdır. Abonentlər tənzimləyici qurumu məlumatlandırmalıdır ki, bununla bağlı müvafiq addımlar atılsın”.