Sanksiyanın fəsadları: Rusiyanın 75 təyyarəsi xaricdə qalıb

12:00 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərbin sanksiyaları zamanı 75 təyyarəsi ölkədən kənarda olan və geri qaytara bilməyən Rusiya xarici lizinq şirkətlərindən daha çox yeni təyyarə almaq üçün hərəkətə keçib.

Hafta.az-ın yazdığına görə, Rusiyanın nəqliyyat naziri Vitali Savelyev hökumətin xarici lizinq şirkətlərindən təyyarələrin alınması üçün 300 milyard rubl (təxminən 4 milyard dollar) büdcə ayırdığını açıqlayıb. Bu resursların bir hissəsi hesabına Rusiyanın “Aeroflot” aviaşirkətinin 10 uzaqmənzilli təyyarə aldığını qeyd edən nazir Rusiyada mövcud olan təyyarələrin uçuşa yararlılığının maksimum 10 il saxlanıla biləcəyi barədə məlumat verib.

Savelyev əlavə edib ki, hazırda Rusiyada 1297 təyyarə istifadə olunur ki, onlardan 1167-si sərnişin, qalanları isə yük üçün nəzərdə tutulub.

Xatırladaq ki, ABŞ-ın Nyu-Yorkun Şərq dairəsi üzrə Dairə Məhkəməsi Rusiyanın “Rosneft” neft şirkətinə məxsus “Boeing” təyyarəsinin həbsinə order verib.

Aeroflot daha əvvəl xarici lizinq şirkətlərindən səkkiz ədəd "Airbus A330" və 10 ədəd "Boeing 777" aldığını açıqlamışdı. Təyyarələrin əksəriyyəti İrlandiya lizinq şirkətindən alınıb.