Sayğacları sıfırlanmayan vətəndaşlar nə etməlidir? - “Azəriqaz” rəsmisindən açıqlama

14:52 12.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

““Azəriqaz” İstehsalat Birliyi limitin sıfırlanması üçün əhali abonent qrupunun istifadə etdiyi mexaniki sayğacların göstəricilərinin oxunmasını yanvar ayının 10-da yekunlaşdırıb. Bu prosesə yanvarın 7-dən start verilmişdi. Həmin müddət ərzində İstehsalat Birliyinin baş direktorunun göstərişi ilə bütün əlaqədar strukturlar, eləcə də Regional qaz istismarı İdarələri gücləndirilmiş iş rejimində çalışıb”. Bunu hafta.az-a açıqlamasında sözügedən qurumun mətbuat katibi Ceyhun Səfərov bildirib.

Qurum rəsmisi həmçinin qeyd edib ki, əgər sayğac göstəriciləri oxunmamış abonent varsa, onlar məsələni araşdırmağa hazırdırlar: “Yanvar ayının 10-dan sonra səhv etmirəmsə, Göyçayın Yekəxana kəndindən bu tipli müraciət daxil olmuşdu. Regional İdarənin əməkdaşları dərhal vətəndaşın yaşadığı ünvana getdilər və məlum oldu ki, onlar hesablamanı düz aparmayıblar. Yəni, vətəndaş hesablamanı özü bildiyi kimi aparmışdı. Amma yerində araşdıranda məlum oldu ki, elə bir məsələ yoxdur.  Ona görə bəzən olur ki, hər kəs fərdi qaydada hesabatını aparır və müəyyən səhvlər olur. Lakin “Azəriqaz”da mərkəzi sistem mövcuddur. AZİS proqramında bütün abonentlərin bazası var və ora heç bir müdaxilə edilmədiyindən səhv də ola bilməz. Əgər hansısa abonentin problemi varsa, dərhal “Azəriqaz”a müraciət etsin ki, biz də məsələni araşdıraq”.

Qeyd edək ki, ölkədə smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər. Smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və artıq gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır.