Şəhərlər insanlardan fərqli qocalır - Elbay Qasımzadə

10:59 20.02.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin memarlıq üslubu müasir dövrün tələblərinə uyğun olaraq yenilənir. Ümumi memarlıq mənzərəsi şəhərin, əhalinin sosial-iqtisadi mədəni inkişafı prosesinə adekvat olaraq dəyişir. Ümumən bu gün Bakı şəhərinin memarlıq görüntüsü, mənzərəsi necə görünür? Müsahibimiz Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadədir:

- 2025-2030-cu illərdə Bakıda çox böyük söküntü işləri həyata keçirilicək. Köhnə binaların əksəriyyəti söküləcək. Bir memar olaraq necə fikirləşirsiz, bu işlərin həyata keçirilməsi zamanı əsas diqqət yetirilməli məqam hansılardır?

Bəli, Bakıda söküntü işləri aparılır və bu, təbii prosesdir. Şəhərlər insanlardan fərqli olaraq qocalır, lakin min illərlə yaşayır, insanlar isə qocalır və ölür. Şəhərlər ona görə ölmür ki, onların simasının dəyişməsi qabiliyyəti var. Onlar dəyişir və bu proseslərlə həyatlarını uzadırlar. Əsas meyar şəhərin baş planıdır. Baş plan hazırlanıb, təsdiqlənib. Görülən işlər yalnız və yalnız baş plan əsasında aparılmalıdır.

- Artıq bu söküntülərin Bakıda onsuz da bahalaşmaqda davam edən əmlak qiymətlərinə ciddi təsir göstərəcəyi bildirilir. Ekspertlər bunu artıq yeni binaların inşası üçün torpaq sahəsi qalmaması ilə əlaqələndirirlər. Ümumiyyətlə, Bakıda yeni çoxmənzilli binaların tikilməsi üçün ən əlverişli ərazilər hansılar sayılır? Bakının genişlənməsi hansı istiqamətdə həyata keçirilməlidir?

- Ekspertlərin binaların bahalaşmasında yeni binaların inşası üçün torpağın azlığını bir faktor kimi göstərmələri ilə razı deyiləm. Birincisi, bazar orada bahalaşar ki, insanların alıcılıq qabiliyyəti yüksəkdir. Bazarın bahalaşması onu göstərir ki, xalqın rifah halı kifayət qədər yaxşıdır. Evlərini satanlar da bunu bildikləri üçün qiymətləri qaldırırlar. İkincisi, yüksək mərtəbəli binaların harada tikilməli olduğunu tövsiyə edirəm. Yeni Baş planda Bakının tarixi mərkəzi, sərhədləri müəyyənləşib və çox ciddi reqlamentlər qoyulub. Ona əsasən Bakının tarixi mərkəzi hissəsində yüksək mərtəbəli binalar tikmək olmaz. Binaların tikintisi 5, 6, 7 mərtəbəyə qədər olar. Tikintilərin sıxlığı da göstərilib və bundan artıq olmamalıdır. Şəhərin ətraf rayonlarında nisbətən yeni salınmış mikrorayonlarda, yaşayış massivlərində, yəni tarixi sərhədlərdən kənarda yüksək mərtəbəli binalar tikmək olar.

- Baş plan da artıq təsdiqlənib. Bununla belə, ən çox narahatlıq yaradan məsələlərdən biri tıxaclardır. Əsas səbəb də dar yol həndəvərində vaxtilə inşa olunan xaotik çoxmərtəbəli binalar göstərilir. Bu problemi hansısa yolla həll etmək mümkündürmü? Həmin binaların söküntüsü ehtimalı varmı?

- Nəqliyyatın çoxluğunun əsas səbəbi ondan ibarətdir ki, Bakıda əhalinin sayı subyektiv olaraq çoxdur və əhalinin imkanlarına görə, demək olar ki, hər ailədə heç olmasa bir dənə maşın var. Yəni ailə var ki, iki, beş maşını var. Hər ailə üzvü evdən öz maşını ilə çıxanda əlbəttə ki, bu tıxaclar yaranır.
Bəli, Bakının mərkəzi hissəsi dar küçələrdir, çünki qədim şəhərdir. Gəlin etiraf edək ki, müəyyən obyektiv səbəblərə görə bəzi yerlərdə Bakının əhalisi subyektiv dərəcədə artıb.
Hal-hazırda möhtərəm Prezident tərəfindən Qarabağda, Şərqi Zəngəzurda aparılan yeni quruculuq işləri ona imkan verəcək ki, əhalinin bir hissəsi, haradasa 1/3 hissəsi öz doğma ata-baba yurdlarına qayıtsın. Bundan sonra nəqliyyat bir qədər rahat hərəkət edəcək.
Ümumiyyətlə, nəqliyyatda tıxac problemi dünyanın hər yerində var. əkcə bir şəhəri nümunə gətirmək istəyirəm: Tokionun 20 milyona yaxın əhalisi olduğu halda küçələrində tıxac yoxdur. Yaponlar çox intizamlı adamlardır. Onlar bizimkilər kimi evdən çıxıb çörək dükanına getmək üçün maşına minmirlər. Bizimkilər çörək dükanı evinin tinində də olsa, maşını ilə gəlir, o dükanın qarşısında düşüb çörək alır, maşın da qalır yolun ortasında. Beləliklə, arxadan gələn maşınlar o yolu keçə bilmir, şəxs qayıdıb maşına oturanda arxaya sürə bilmədiyi üçün məcburən şəhəri fırlanıb evinə qayıdır. Bax, bu kimi intizamsızlıq bu tıxacları yaradır. Məktəbə, bağçaya, işə, dükana, dərziyə, qohum-əqrəbaya - hər yerə maşınla gedirlər. Son vaxtlar şəhərdə nəqliyyat çox inkişaf edib, kifayət qədər yaxşı işləyən şəhər nəqliyyatımız, yeni avtobuslar, metro var. Bu yaxınlarda tramvaylar da olacaq.
İnsanlarda qəribə yanaşma var. Harasa öz maşını ilə gedirlər ki, başqları onları avtobusdan yox, maşından düşdüyünü görsünlər… Bax, bu şəhər mədəniyyəti, nizam-intizam Tokioda olsa da, Bakıda yoxdur.

- Son zamanlar Bakıda zəlzələ ehtimalı ilə bağlı çoxsaylı müzakirələr gedir. İnşa olunan binaların memarlıq baxımından zəlzələyə davamlılığını necə dəyərləndirirsiniz?

- Birincisi, zəlzələ proqnozunu verənlərə bir tövsiyəm var: Allahın işinə qarışmayın, Vallah, Onun qəzəbi çox ağır olur.
O ki qaldı binaların zəlzələyə davamlılığına, bu, memarlıq işi deyil, konstruksiyadır. Binaların konstruktiv davamlılığından irəli gələn bir məsələdir. Binaların keyfiyyətini deyə bilmərəm. Mən bəzi adamlar kimi hər şeyin eksperti deyiləm, yalnız memarlıq, şəhərsalma haqqında danışa bilərəm. Bilirəm ki, ölkədə olan tələblərə görə, Bakıda layihələndirilən binalar 8-9 bala hesablanır. Bu da kifayət qədərdir. Yəni Bakıda bundan artıq zəlzələ olmamalıdır. Bakının yerləşdiyi ərazinin geoloji tərkibi elədir ki, 5, 6 ballıq zəlzələ ola bilər, ondan yuxarı olmur. Bununla belə, tikilən binalar 9 ballıq zəlzələyə davamlıdır.