Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp İsrail - Fələstin münaqişəsini dinc yolla həll eləmək üçün öz qaranlıq proqramını açıqladı. Əvvəl də qeyd etdiyimiz kimi, Fələstin əraziləri kimi tanınan strateji bölgələri İsrailə verən, Qüdsü tamamilə fələstinlilərdən alan bu proqrama əsasən, Fələstin dövləti nəinki sonradan salınmış və İsrailin ərazisi hesab olunan qondarma yəhudi qəsəbələri vasitəsilə parça-parça olur, hətta İordaniya ilə birbaşa sərhədini itirərək İsrailin ortasında anklava çevrilir. Əlbəttə, bəzi ərəb ölkələri Amerikaya “alqış” desələr də, Türkiyə, İran və sair kimi ədalət tərəfdarları planı rədd etdilər. Hətta İsrailin özündə də xalqın bir qismi narazıdır və onlar fikirlərini etiraz aksiyaları keçirməklə diqqətə çatdırmaqdadırlar.
Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Ərakat bütün baş verənlərə münasibətini Türkiyədə dərc olunan “Sabah” qəzetinə müsahibəsində ortaya qoyub. Oxuculara maraqlı olar deyə, müsahibəni ixtisarla diqqətə çatdırmaq istədik.
- Fələstin rəhbərliyinin bu planı rədd etməsi heç kimi təəccübləndirməməlidir. Trampın Yaxın Şərq qrupu nəinki məsələni birtərəfli qaydada həll etmək istəyir, hətta Fələstin torpaqlarının ilhaq olunmasında israr edən şəxslərdən ibarətdir.
- Sülh planı sizə görə nə məna daşıyır?
- Bu, prezident Trampın beynəlxalq təşkilat və quruluşlara mütləq mənada hörmətsizliyinin təzahürüdür. “Yüzilin anlaşması” deyil, "Yüzilin dələduzluğu" adlandıra biləcəyimiz bu plan, beynəlxalq qanunları tapdayaraq, Paris Protokolunun və ya UNESCO prinsiplərinin ziddinə gedərək işğalı qanuniləşdirmək məqsədi güdür.
- Məlumdur ki, Trampın impiçment məsələsi gündəmdədir, İsrailin baş naziri Benyamin Netanyahunun da ölkə daxilində siyasi imici təhlükədədir. Bu planın məhz indki zamanda ortaya atılması düşündürücü görünmürmü sizcə?
- Məncə birbaşa əlaqəlidir və eyni populist mövqeyə malik bu iki insana verilmiş ortaq mükafat sayılmalıdır.
- Bu haqlı mübarizənizdə Avropa İttifaqı və eyni soydan gələn ərəb ölkələrindən yetərli dəstəyi ala biləcəksiniz?
- ABŞ-ın bir çox ölkədən bu planın qüsursuz olmasına dair açıqlama verməsini xaiş etdiyini artıq bilirik. Biz isə planın bəzi qismlərini dəstəkləyən həmin ölkələrdən fərqli düşünürük. Əgər kimlərsə Vaşinqtondan yaxşılıq gözləyirsə, əvəzini öz ciblərindən ödəsinlər, bizim yox. Amma onu da yaxşı bilirik ki, ölkələrin heç biri təməl mövqelərindən yayınıb ilhaq planını dəstəkləməyib. Ümumiyyətlə, hesab edirəm ABŞ-ı dəstəkləyən ölkələrin heç biri müqəddəs Əl-Aqsa məscidinin statusu ilə bağlı yazılan müddəaları oxumayıb.
- Ərəb Liqası planı rədd edib. Sizcə proseslər ümidverici yolda gedirmi?
- Hər halda əlimizdə Ərəb Liqasının qərarı əks olunmuş sənəd var. Avropa ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən BMT indiyədək qəbul olunmuş sülh planlarının tətbiqini istəyir və əvvəlki sülh planlarının müddəalarını nəzərə almağı tövsiyyə edən açıqlamalar səsləndirilir. Bütün proseslər Trampın ilhaq planına qarşı inkişaf edir. Biz Avropa ölkələrini Fələstin dövlətini tanımağa və İsraili sistematik qanun pozuntuları səbəbilə sorğu-sual etməyə səsləyirik. Artıq BMT-nin İnsan Haqları üzrə nümayəndəsi çoxdan yayınlanmalı olan, amma indiyədək yubadılan siyahını açıqlamalıdır.
- Bəzi mütəxəssislər düşünür ki, Tramp bu addımı atmaqla yəhudi lobbisinin etibarını qazanmağa çalışır...
- Məncə bu o qədər də inandırıcı görünmür. Çünki çox sayda Amerika yəhudisi mənə zəng vuraraq bu plana qarşı çıxdıqlarını dedilər. Düzdür, Trampı dəstəkləyənlər də var, qanunsuz yəhudi məskənlərinin tikilməsinə maliyyə ayıranlar da. Yəni ikili mövqe var.
- Qüds xristianlar üçün də müqəddəsdir. Maraqlıdır, bu plana bölgədə yaşayan xristianlar necə baxır?
- Qüdsdəki kilsələrin təmsilçiləri ilk başdan plana qarşı çıxıblar. Bir neçə həftə əvvəl ABŞ, Avropa və Cənubi Afrika Respublikasından çox sayda keşiş bizi ziyarət etdi. Onlar beynəlxalq qanunlar və işğalın başa çatdırılması məqsədilə əsaslı həll variantının tapılması üçün çağırış etdilər. Dünya Kilsələr Şurası da Trampın qərarını qınayıb. Amma bunlar yetərli deyil, görüləsi çox iş var. Biz Fələstində dinamik xristian cəmiyyətinin olmasından qürur duyuruq.
- Ümumiyyətlə, Trampın qərarı xristianların maraqlarına toxunurmu?
- Çox sayda xristiandan, Qərb ölkələrindən gözlədikləri dəstəyi ala bilmədiklərini eşitdim. Onlar sözün əsl mənasında özlərini unudulmuş hesab edirlər. Bəzi avropalı siyasətçilərin planı dəstəkləməsini heç cür qəbul edə bilmirlər. Məncə bütün baş verənlərin dinlə az da olsa əlaqəsi yoxdur. Bu tamamilə irqçliklə bağlıdır.
- Fələstin bundan sonra BMT müstəvisində hansı addımları atmağı düşünür?
- Biz çoxdan hərəkətə keçmişik. Çalışırıq ki, diplomatik olaraq bu “yüzilin dələduzluğu”nun tamamilə aradan qalxdığına əmin olaq. Ərəb Liqası, Avropa ittifaqı, Afrika Birliyi, İslam Əməkdaşlıq Təşkilatı nümayəndələri ilə danışıqlar aparırıq, Rusiya və Çinlə məsləhətləşirik. Çalışırıq ki, məsələ BMT Təhlükəsizlik Şurasının gündəminə çıxsın.
- Konkret deyə bilərsinizmi ki, Trampın bu planını indiyədək konkret hansı ölkələr dəstəkləyir?
- Netanyahudan başqa heç kimin bu planı ürəkdən dəstəklədiyini düşünmürəm. Hələ ki, Trampa daha ciddi dəstək Macarıstan və Braziliyadan verilib.
- Daimi sülhün yaranması üçün nə təklif edir Fələstin tərəfi?
- Təklifimiz 1967-ci il sərhədləri əsas götürülərək, bölgədə iki bərabərhüquqlu dövlətin yaradılmasıdır. Şərqi Qüds müstəqil Fələstin dövlətinin paytaxtı olmalıdır. Eyni zamanda, qaçqın və köçkünlər məsələsi də daxil olmaqla, beynəlxalq qanunlar və BMT qərarları əsas götürülərək status məsələsi ilə bağlı bütün problemlər aradan qaldırılmalıdır.