Səudiyyə Ərəbistanının Turizm Nazirliyi 2023-cü ilin birinci rübündə tədiyyə balansının 22,8 milyard rial (6,08 milyard dollar) olduğunu açıqlayıb.
Hafta.az-ın “Independent Arabia”ya istinadən yazdığına görə, açıqlamada 1,6 milyard rial (430 milyon dollar) kəsir olduğu qeyd edilib.
Səudiyyə Ərəbistanı Mərkəzi Bankı bu ilin birinci rübündə turizm gəlirlərinin 37 milyard rial (9,87 milyard dollar) olduğunu və ilin ilk üç ayında artım sürətinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 225 faiz artdığını açıqlayıb. Mərkəzi Bank son açıqlamalarında turizm sektorunun cari balansa töhfəsinin artdığına diqqət çəkib.
Digər tərəfdən Səudiyyə Ərəbistanı Turizm Nazirliyi bu ilin ilk rübündə ölkəyə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz artaraq 7,8 milyon turistin gəldiyini bildirib.
Ərəb Turizm Təşkilatı (ATO) baş katibinin müavini Vəlid əl-Hənəvi bildirib ki, Səudiyyə Ərəbistanında turizm göstəricilərinin yüksəlməsi Ər-Riyadın üzərində çalışdığı turizm sektorunu inkişaf etdirmək üçün elan edilmiş iddialı və strateji planın həyata keçirilməsi ilə bağlıdır. Bu sektorun ölkənin ən əhəmiyyətli gəlir qaynaqlarından biri olacağını söyləyib.

Hənəvi açıqlamasında, “Keçmişdə ölkənin müxtəlif bölgələrində il boyu əyləncə ilə yanaşı, bir çox turizm mövsümünün açılması ilə daxili turizm proqramlarında sürətlənmənin və müxtəlifliyin şahidi olduq. Bütün bunlar bu sektorda yerli bum yaradıb və biz həm ölkə daxilində, həm də xaricdən turist cəlb edə bilmişik” deyib.
Bu ilin ilk rübündə ölkəyə gələn turistlərin sayının artdığını qeyd edən Hənəvi, ötən il turistlərin sayının artmağa başladığına diqqət çəkərək, 2022-ci ildə Səudiyyə Ərəbistanına 62 milyon turistin gəldiyini bildirib. O, həmçinin vurğulayıb ki, bu rəqəmlər Səudiyyə Ərəbistanının dünya turizmində, xüsusən də ərəb turizmində mühüm bir istiqamətə çevrildiyini göstərir.
ATO baş katibinin müavini bildirib ki, Ər-Riyad təkcə ərəb turizmi deyil, həm də beynəlxalq səviyyədə ən yaxşı turizm mərkəzlərindən birinə çevrilmək yolunda növbəti addımlar atıb.
O, turizm sektorunun inkişaf etdirilməsi planları ilə ümumi daxili məhsula 10 faizə yaxın töhfə vermənin hədəfləndiyini bildirib. Həmçinin deyib ki, bu, Səudiyyə Ərəbistanının 2030-cu il hədəflərinə uyğundur.
Turizm Nazirliyi bu çərçivədə Səudiyyə Ərəbistanının 2019-cu ildə dünya üzrə 27-ci, 2022-ci ildə isə turizm gəlirləri indeksində 11-ci yeri tutduğunu açıqlayıb. Nazirlik turizmin inkişafı və turizm xidmət məhsullarının təkmilləşdirilməsi sahəsində qabaqcıl təcrübələri tətbiqləməklə, eyni zamanda dövlət sektorları ilə əməkdaşlıq etməklə ən yaxşı beynəlxalq mərkəzlərə çatmağı hədəflədiyini qeyd edib.
Rəsmi xəbər agentliyi SPA, turizm naziri Əhməd əl-Xatibin açıqlamalarına əsasən, Səudiyyə Ərəbistanının bu il xaricdən 25 milyon turist gətirməyi hədəflədiyini bildirib. Xatib, turizm sektorunun ÜDM-ə birbaşa təsirinin 2030-cu ilədək ümumi hədəf olan 10 faizdən başqa, son 2022-ci ildə 3,2 faiz olaraq reallaşdığını bildirib. Səudiyyəli nazir turizmdə məşğul olanların sayının ötən illə müqayisədə 15 faiz artaraq 880 minə çatdığını qeyd edərkən, sektorda çalışan qadın işçilərin nisbətinin 44 faizə çatdığını qeyd edib.