Siyasi seriallar sifarişlə hazırlanır – Ərəstun Oruclu

15:57 05.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə sırf siyasi gündəmdən uzaq, lakin əslində elə siyasətlə sıx bağlı olan bir mövzudan - müasir siyasi və tarixi-siyasi serialların kütlələrin siyasi-ideoloji yönləndirilməsindəki rolundan bəhs etdik...

- Ərəstun bəy,  bu dəfə sizinlə tamam başqa, ilk baxışdan ictimai-siyasi gündəmdən uzaq, amma əslində keçmişdə də, bu gün də, gələcək də cəmiyyətlərin həyatına yetərincə təsiri olan mövzuda söhbət etmək istəyirəm. Bu mövzu, demək olar ki, bizim mediada işıqlanmır: müasir siyasi və tarixi-siyasi serialların kütlələrin siyasi-ideoloji yönləndirilməsindəki rolu... Tarixi-siyasi seriallar təsadüfənmi meydana çıxıb?

- Öncə onu bildirim ki, istər kino, istərsə də ədəbiyyatın, incəsənətin müxtəlif sahələrində fərqli cərəyanlar mövcuddur. Həmin cərəyanlar da incəsənət, mədəniyyət, ədəbiyyat və kinodan öz ideologiyalıarını yaymaq və öz təsir dairələrini genişləndirmək üçün istifadə edirlər. Bu heç kəsdən sirr deyil. Biz bu gün dünyanın ən böyük kino sənayesini cəmləşdirən Hollivuda baxsaq, orada ən azı üç cərəyan var: liberallar, solçular və mühafizəkarlar. Bəzən ilk ikisini eyniləşdirirlər: solçular və liberalları.  Əslində isə onlar fərqli cərəyanlardır. Şübhəsiz ki, bu cür cərəyanların arxasında müəyyən bir siyasi sifariş dayanır. Lakin bu o demək deyil ki, bütövlükdə incəsənət, mədəniyyət, kino hansısa konspiroloji məqsədlərə xidmət edir. O da var, sırf incəsənət də var.  İstənilən bir Amerika trillerinə baxsaq, orada heç bir ideoloji baza yoxdur. Amma bəzi filmlər var ki, hakimiyyətlə,  siyasətlə, iqtisadiyyatla bağlı orada açıq-aydın müəyyən bir ideoloji platforma və xətt görünür. Nəzərə alsaq ki, son 30-40 ildə kino industriyası həddindən artıq geniş vüsət alıb və insanların şüuruna, cəmiyyətlərin davranışına ciddi təsirə malik olduğundan şübhəsiz ki, bundan da istifadə olunur. Odur ki, belə filmlər təsadüfən meydana çıxmır...

- Bəs sizcə, konspirologiya hansı baxımdan zərərli və təhlükəlidir?

- Konspirologiya niyə təhlükəlidir və nəyə görə ondan istifadə olunur? Bu iki sualın bir cavabı var. Məsələ ondadır ki, konspiroloji nəzəriyyələrin beyinlərə, cəmiyyətə bədii əsərlər, filmlər, seriallar vasitəsilə yeridilir. Bilirsiz ki, hazırda insanlar oxumağa daha az meyilldirlər, nəinki filmlərə baxmağa. Xüsusən də qeyri-intellektual təbəqə. İntellektual təbəqə, əlbəttə, oxumağa, ilkin mənbələri araşdırmağa üstünlük verir. Amma cəmiyyətlərin böyük bir hissəsi əsas informasiyanı da, həyat haqda təsəvvürlərini də filmlərdən alır. O cür filmlər vasitəsilə belə bir kəsimi yönləndirmək olduqca rahatdır. Konspirasiya nəzəriyyələri məhz ona hesablanıbdır ki, insanlara 3 əsas məqamı aşılayır. Bir - konspirasiya mövcuddur, yəni hansısa bir sui-qəsd nəzəriyyələri var. İki - hansısa gizli təşkilatlar var  və onlar bütün konseptual məsələləri həll edirlər. O cümlədən də  hakimiyyət məsələlərini, dövlətlərin idarə olunması məsələlərini də... Buradan da o absurd söhbətlər meydana çıxır: “300 komitəsi”, “masonlar”,  “dünya hökuməti” , “gizli dünya hökuməti”. Üç - bu cür baxış dünyaya, həyata bu prizmadan yanaşmaq insanlarda özgüvəni qırır. İnsanlar tam olaraq əmin olur ki, o heç nə həll eləmir, onun müxtəlif seçkilərdə verdiyi səs də heç nəyi həll etmir. Çünki hər şeyi hardasa yer altında, meşədə, gizli bir daxmada oturmuş 5-10 nəfər, və yaxud 300 nəfər həll edir.  Bu o qədər absurd bir yanaşmadır ki, eyni zamanda o qədər effektiv yanaşmadır ki, bu, insanların faktiki iradəsini qırır, onların şüurunu dəyişir  və onları ictimai-siyasi nihilizmə sürükləyir.

Bu gün Avropa cəmiyyətindəki radikal meyillər, radikal cərəyanlar, əsasən millətçi, irqçi, dini təməlçi cərəyanlar məhz konspirasiydan istifadə edirlər. Hətta olmayan cinayətləri belə, miqrantların ayağına yazırlar. Misal üçün, ABŞ-da Tramp insanları inandırır ki, ölkədə cinayətlərin mütləq əksəriyyəti qeyri-leqal miqrantlar tərəfindən törədilir. Halbuki statistika tam əksini deyir. Yəni müxtəlif əsərlər, filmlər  və s. vasitəsilə tətbiq olunan konspirologiya artıq çox mühüm bir ictimai-siyasi manipulyasiya alətinə çevrilib. Təəssüf ki, bu belədir...

- Sizcə belə seriallar bir yandan xalq kütlələrində tarixinə sevgi, vətənpərvərlik  duyğuları aşılayır, digər yandan isə bir növ xalqı dolayısıyla öz taleyi uğrunda mübarizədən yayındırmır ki?

- Bu cür əsərlər, filmlər vasitəsilə izləyicilərin beynində bir paralel dünya yaradırlar. Məsələn, insanlara aşılayırlar ki, sən böyük bir xalqın nümayəndəsisən, sənin dövlətin güclü dövlətdir. Halbuki o nə zamansa olub, amma bu gün  elə deyil. Misal üçün, bir ölkəni götürək ki, başdan-başa problemlər içindədir. Təhsili- problem, elmi- problem, səhiyyəsi- problem, insanların gündəlik dolanışığı –problem, sosial-iqtisadi problemlər və s. Amma həmin ölkənin vətəndaşlarına aşılayırlar ki, sən demə, bu ölkə dünyada söz sahibidir. Halbuki heç o ölkə öz daxilində söz sahibi deyil...

Bax, cəmiyyətə belə yalançı ideyalar sırımaqla o insanlarda bir təskinlik hissi yaradırlar. Onlarda belə düşüncə formalaşır ki, hə, eybi yox, maaşım gündəlik dolanışığımı təmin etmir, uşağım xəstədir, özüm pis vəziyyətdəyəm, övladımın təhsili yoxdur, əvəzində mənim ölkəm dünyada söz sahibidir. Bunlar hamısı yalançı bir təəssürat yaratmağa yönəlib. Olduqca zərərli şeylərdir. Özü də yalnız hakimiyyət mənasında yox, xalqların öz hakimiyyətini seçə bilməsində, siyasi proseslərdə iştirakı mənasında yox, həm də onların gələcəyi, perspektivi mənasında. Çünki məhz bu cür texnologiyalarla xalqların böyük bir hissəsində yalançı özgüvən yaradırlar. O özgüvən ki, o şey reallıqda yoxdur. İnsanları atırlar bir paralel –virtual dünyaya və onlar orada öz xəyallarıyla yaşayırlar. Halbuki real dünya tamamilə fərqlidir. Bax, bu mənada da o şeylər olduqca təhlükəlidir. Lakin təbii ki, bütün kinonu, incəsənəti, mədəniyyəti buna aid etmək yanlışdır. Əlbəttə ki, bu gün dediyimiz tipdə, yəni insanları paralel dünyada yaşada bilən filmlərin, əsərlərin həvəskarları daha çoxdur. Çünki öz taleyini düşünməyə, ya çəkinən, yaxud tənbəllik edən, ya buna ağlı, intellekti çatmayan kütlə daha böyük kütlədir. O öz taleyini filmlərdə axtarır, öz xoşbəxtliyini orada görmək istəyir. Halbuki öz xoşbəxtliyi öz əlindədir. Amma o bunu görmək istəmir, görə bilmir artıq.

-Söhbətinizdən belə nəticəyə gəlmək olur ki, son vaxtlar Amerika, Avropa siyasətçilərinin  də dilindən eşidilən “dərin dövlət” anlayışı da konspirologiya elementidir. Amma bəhs etdiyimiz filmləri izləyən insanlarda belə təəssürat yaranır ki, tarixdə bu haqda ciddi faktlara rast gəlinməsə də reallıqda, məsələn, Osmanlıda, yaxud Birləşmiş Ştatlarda elə həmin dövlətlər yaranandan bəri onları yönləndirən hansısa gizli bir “ixtiyarlar”, “ağsaqqallar”  qurumu olub və indi də var...

- Konspirologiya hər yerdə var və o cümlədən Qərb dövlətlərində... Məsələn, konkret olaraq ABŞ-da “dərin dövlət” anlayışı konspiroloji mahiyyət daşısa da, amma həmin ifadəni sevən Donald Trampın bir neçə dövlət qurumunu nəzərdə tutduğu görünür. Bunlar ABŞ-ın Federal Təhqiqatlar Bürosu, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsidir. Bu da tamam başqa bir məsələdir, nəinki konspirasiya...

O da var ki, bu gün konspirologiya siyasi təbliğatın və daha çox populist təbliğatın çox mühüm bir alətinə çevrilib və ondan çox geniş çəkidə istifadə olunur.

- Özünüzün siyasi, tarixi və ya digər mövzularda serialları izləməyə həvəsiniz varmı və vaxtınız olurmu?

-Daha çox tarixi filmləri izləməyi sevirəm, əlbəttə. Xüsusən də sənədli filmləri. Hiss edəndə ki, izlədiyim filmdə hansısa bir konspiroloji çalarlar var, dərhal dayandırıram, artıq həmin filmə baxmıram və hesab edirəm ki, bu, absurd bir şeydir. Belə şeylərin təsiri altına düşmək istəmirəm. Əlbəttə, təsir altına düşmərəm heç vaxt... Daha çox tarixi araşdırmaları oxumağı sevirəm. Real siyasəti öyrənmək üçün real tarixi araşdırmalar qat-qat önəmlidir, nəinki əsasən müəlliflərin təxəyyül məhsulu və ya hansısa sifariş əsasında yaradılmış filmlər...

-Ərəstun bəy, sonda sözügedən mövzularda, konspirologiya, manipulyasiya ilə dolu siyasi, tarixi serialları həvəslə izləyən gənclərimizə nə məsləhət görərdiniz?

- Konspirologiya, manipulyasiya ilə dolu siyasi, tarixi serialları həvəslə izləyən gənclərimizə məsləhət görərdim ki, sadəcə olaraq dünyaya geniş pəncərədən baxsınlar. Dünya reallıqlar üzərində qurulub. Tarix boyu da bu belə olub. Reallıq nədir? Güclü fəaliyyət göstərən dövlətdir, güclü iqtisadiyyatdır, intellektdir. Və əlbəttə ki, bunların birgə, sinxron fəaliyyətidir.  Dünya bu cür idarə olunur. Yoxsa konspirasiya, hansısa gizli təşkilatlar, hansısa komitələr, masonlar və s.- bunlar hamısı uydurmadır. Bunlara uyan insanlar özlərini ictimai-siyasi reallıqdan kənara qoymuş olur və faktiki olaraq real dünyadan təcrid olunur.  Gənclərimiz, gələcək nəsillərimiz nə qədər belə şeylərdən uzaq dayanarlarsa, bir o qədər uğur qazanmış olarlar. Bu şeylərə uyan insanlar faktiki olaraq belə təbliğatın əsirinə və girovuna çevrilirlər və orada heç bir perspektivdən danışa bilmərik.