Ştaynmayer “Siz haqlısınız” mesajını verdi - Heydər Oğuz

12:40 12.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Onunla hafta.az üçün son illərdə ilk söhbətimizdə İsraillə Türkiyə arasında hərbi qarşıdurma ehtimalının yaranması, son həftələr ABŞ–İsrail tandemi ilə İran arasındakı gərginliyin artıq savaş həddinə gəlməsi haqda maraqlı fikirlər səsləndirdi, ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında moderatorluq edib-etməyəcəyi və digər məsələlər haqqında danışdı, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən ilk səfərinin əsas məqsədi, eləcə də Trampın yeni gömrük rüsumu düzənləmələri barədə gözlənilməz versiyalar irəli sürdü. Müsahibimiz siyasi şərhçi Heydər Oğuzdur.

– Ötən həftədən bəri barəsində ən çox danışılan mövzulardan biri,  guya, İsraillə Türkiyə arasında hərbi qarşıdurma ehtimalının yaranmasıdır. Məsələyə sizin də münasibətinizi bilmək maraqlı olardı...

–   Türkiyə ilə İsrail arasındakı gərginliyin hərbi qarşıdurmaya çevriləcəyinə inanmıram. Bu qarşıdurma nə Türkiyənin, nə İsrailin, nə də ABŞ-nin regional maraqlarına cavab verir. İki dövlət arasındakı ziddiyyətlər ritorik olaraq ən yüksək səviyyəyə yüksələ bilər. Son anda ABŞ-nin müdaxilə edib tərəfləri sakitləşdirəcəyini düşünürəm. Necə ki, son günlər ölkənin Baş naziri Binyamin Netanyahunun Ağ evə çağırılması və ABŞ prezidenti Donald Trampın onunla görüşündə Türkiyə və Ərdoğan barədə yüksək fikirlər söyləməsi də bundan xəbər verir.

 Bir çox ekspertlərin fikrincə, Netanyahu–Tramp görüşündə əsasən 4 mövzu (İrana qarşı birgə mübarizə; gömrük rüsumları; Qəzza məsələsi; Türkiyə ilə İsrail arasındakı gərginlik) masaya yatırılsa da, Tramp Netanyahunu əsasən Türkiyə ilə gərginliyi azaltmaq üçün ABŞ-yə çağırıb. Görüşdən öncə keçirilən mətbuat konfransında ABŞ liderinin açıq şəkildə Türkiyəni tərifləməsi onu göstərir ki, Ağ ev İsrailin bu gərginliyi artıran açıqlamalarından narahatdır və onu sonlandırmağa çalışır. Netanyahunun ABŞ səfərindən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Biz Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmirik” məzmununda açıqlama verməsi, İsrailin bütün təxribatçı əməllərinə Suriya lideri Əhməd əl-Şaraanın təmkinli reaksiyaları da gərginliyi azaldan amillərdən biri kimi ortaya çıxır...

ABŞ-nin İsraillə Türkiyə arasındakı gərginliyi azaltmaq səyləri səbəbsiz deyil. Fikrimcə, Vaşinqton İsrailin ərəbləri,  İranı, Türkiyəni hədəfə alan sərt siyasətinin onun özünə zərər verəcəyini anlayır və regionun ən güclü dövləti ilə İsraili barışdırmaq istəyir. Əks halda, Yaxın Şərq kimi önəmli regionda heç kiminlə yola getməyən İsraili dəstəkləyən ABŞ bölgə xalqlarının dərin nifrəti ilə qarşılaşacaq, nəticədə ən böyük rəqibi Çin nüfuz qazanacaq. ABŞ bu perspektivlə üzləşməmək üçün regional sülhü təşviq etməli, “İbrahim anlaşmaları” layihələri ilə bölgə xalqlarını iqtisadi əməkdaşlığa həvəsləndirməlidir. Bu yolda ən böyük problem isə İsrailin ipə-sapa yatmamasıdır...

– Son həftələr ABŞ–İsrail tandemi ilə İran arasındakı gərginliyin artıq savaş həddinə gəlməsi haqda informasiyalar, deyəsən, gerçəyə uyğundur?

–   Bilirsiniz ki, hətta ABŞ-nin sabiq prezidenti Co Baydenin hakimiyyəti dövründən etibarən İran mövzusu xüsusi aktuallıq qazanmağa başlamış və bu istiqamətdə bəzi addımlar atılmışdı. Donald Trampın hakimiyyətə gəlməsindən sonra isə məsələ daha ciddi şəkildə gündəmə gətirilmişdi. ABŞ-nin 7 ədəd ağır bombardmançı təyyarəsi (“B-52”), həmçinin 2 təyyarə daşıyan gəmisi İranın 3 000 km.-liyində yerləşən Dieqo-Qarsia adasına göndərilmiş və hərbə hazırlıq komandasına keçilmişdir.

 Hind okeanında yaşanan bu aktivlik ABŞ-nin İrana hücuma hazırlığı ilə izah edilir. Bu ehtimalı gücləndirən digər amillər də var. Belə ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İran dini liderinə təhdidvari məktub yazmış və ondan 2 ay ərzində nüvə proqramını dayandırmağı, orta mənzilli raket istehsalına son qoymağı tələb etmişdi. İran rəsmilərinin məlum tələbə rədd cavabı xeyli sərt olmuşdu. Trampın bu reaksiyaya laqeyd qalacağı inandırıcı görünmür. Əks halda, həm ABŞ-nin beynəlxalq nüfuzuna ciddi zərbə dəyər, həm də İran özünün nüvə silahlarını hazırlayıb toxunulmazlıq qazanar...

İrana qarşı müharibə 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə onun qol-budağını kəsirlər. Bu iş tamamlanandan sonra isə növbə ağacın kəsilməsinə gəlir. Fikrimcə, İranın proksi qüvvələrinin zərərsizləşdirilməsi ilə müharibənin birinci mərhələsi sonlanacaq. Beləcə, ikinci mərhələ başlanacaq və bu vaxt budanmış İranı kəsmək daha asan olacaq...

Trampın Xamneiyə verdiyi 2 ay möhlətin tamamlanmasına çox qalmayıb. Hücumun baş verəcəyi an İranın İsrailə hava zərbələri endirəcəyi düşünülür. Bu zaman isə İsrailin necə müdafiə olunacağını indidən düşünmək və mümkün hücumlara birgə hazırlıq məsələləri müzakirə olunmalıdır. Bu mənada Netanyahunun birdən-birə ABŞ-yə səfərə çıxması müharibənin yaxın zamanlarda başlayacağına bir işarə kimi görünür...

Mən  İranın son anda geri addım atacağı və ABŞ-la yekun razılığa gələcəyini də istisna etmirəm.

Sağlam ağıl da İranın ABŞ-yə gücü çatmayacağını və 100 faiz qələbə ilə nəticələnməyəcək savaşdan qaçacağını göstərir. Görünür, İran rəsmiləri məhz bu ehtimalı nəzərə alıb ABŞ və İsraillə danışıqlarda Azərbaycanı vasitəçi kimi görmək istəyir. Bəlkə də bu məqsədlə İran prezidenti Azərbaycana səfər etməyi planlaşdırır. Rəsmi Bakının xüsusilə İsrail ilə yaxın münasibətləri də İranın son çarə kimi Azərbaycana sığınmasını şərtləndirə bilər. Bu ehtimalın nə dərəcədə doğru olub-olmadığını İran prezidentinin ölkəmizə səfəri və Bakıda verəcəyi bəyanatlar da təsdiqləyəcək...

– Necə düşünürsünüz, Trampın son vaxtlar başlatdığı iqtisadi addımlara “tarif müharibəsi” demək doğrudurmu?

– Trampın tarif düzənləmələrinin ABŞ-nin və Avropanın maraqlarına zərər vurması bir həqiqətdir. Tramp bu addımı atmaqla, bir növ, idarə etdiyi super gücün imperial maraqlarını baltalayır. Başqa sözlə desək, öz dünya hegemoniyasından imtina edir. Xüsusilə də onun Avropa ölkələrinə tətbiq etdiyi yüksək faizli tarif rüsumları Qərb ölkələrini də zəiflədir. Bununla belə, Trampın yeni gömrük rüsumu düzənləmələrində Rusiya, Kuba və Şimali Koreya kimi ölkələrin yer almaması ABŞ prezidentinin onlara duyduğu hörmətdən qaynaqlanmır. Məsələ burasındadır ki, ABŞ ilə həmin ölkələr arasındakı ticarət əlaqələri olduqca zəifdir və əsasən, ABŞ onlardan strateji məhsullar alır. Məsələn, 2021-ci ilə qədər ABŞ–Rusiya arasında ticarət dövriyyəsi 36 milyard dollar idi. Ukrayna müharibəsi başlayandan sonra bu ticarət əlaqələri durma nöqtəsinə gəldi. 2024-cü ilin statistikasına görə, iki dövlət arasındakı ticarət dövriyyəsi 3.5 milyard dollara geriləmişdi. Yəni hardasa 10 dəfə azalmışdı. Üstəlik, ABŞ Rusiyadan uranium, xüsusi tərkibli kübrə və s. kimi xammallar alır. Bunlara tətbiq edilən gömrük rüsumlarının artırılması ABŞ-də sənayenin bəzi sahələrinin zəifləməsi ilə nəticələnə bilər. Görünür, bu səbəbdən də ABŞ Rusiyanı qara siyahıya salmayıb. O ki qaldı Şimali Koreya və Kubaya, bu ölkələrlə ABŞ arasında hər hansı ticarətin olmasına inanmıram. Olmayan bir şeyə nə rüsum?..

– Bəzi şərhçilər belə bir versiya irəli sürür ki, guya Tramp nəyin bahasına olursa-olsun, Nobel mükafatı almaq istəyir. Ona görə də Ukraynada uğur qazanmasa da,   heç olmasa, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında moderatorluğa nail olmağa çalışır...

– Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması nəticə etibarilə Zəngəzur dəhlizinin açılmasına xidmət edəcək. Zəngəzur dəhlizinin açılması isə daha çox Çinə və Avropa İttifaqına yarayır. Çinlə Avropa arasında inteqrasiyanın, ilk növbədə, ABŞ-yə faydası yoxdur. Əksinə, bu inteqrasiya ABŞ-nin öz dünya hegemoniyasını Çinə təhvil verməsi ilə nəticələnə bilər. Bu mənada Trampın adi bir Nobel sülh mükafatı alması üçün ABŞ-nin öz geo-siyasi üstünlüyündən vaz keçəcəyinə inanmıram...

– Yeri gəlmişkən, ötən həftə həm yerli, həm xarici mediada geniş müzakirə olunmüş mövzulardan biri də Almaniya Prezidenti F.Ştaynmayerin Cənubi Qafqaza səfəri ərəfəsində Qarabağ separatçılarının əski parçasının görüntüsünü paylaşması və ardınca İrəvana, oradan isə Bakıya gəlməsi ilə bağlı oldu. Siz Almaniya rəhbərinin sonda həmin ölkənin Prezident Administrasiyası rəhbərinin üzr istəməsinə səbəb olmuş “texniki” səhvinə necə dəyər verdiniz?..

–   Bilirsiniz ki, Azərbaycan XİN bu paylaşıma sərt reaksiya verdi, ardınca da Ştaynmayer həmin paylaşımını dərhal sildi. Bununla da kifayətlənməyən rəsmi Berlin Prezident Administrasiyası adından Azərbaycandan üzr istədi. Fikrimcə, alman lideri həqiqətən də bu paylaşımı ilə bizə hansısa mesajı vermək istəyirdisə, tələm-tələsik öz səhvlərini düzəltməz, erməni separatizmini dəstəkləyən mövqeyini davam etdirərdi. Bunu etmədilərsə, deməli, həqiqətən də həmin paylaşımla öz məqsədlərini aşmışdılar və nəticədə Almaniya adına qətiyyən yaraşmayan geri addımı atdılar…

 Mən rəsmi Berlinin bu “1 addım irəli, 2 addım geri” siyasətini ölkədə yaşanan siyasi xaosla əlaqələndirərdim.

 – Sizcə, Ştaynmayerin Bakıya səfəri əsas hansı məqsədi daşıyırdı?

– Rəsmi məlumatlara görə, iki dövlət rəhbərinin müzakirə etdiyi məsələlər əsasən bunlar olub: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, energetika sahəsində əməkdaşlıq, Xəzərdən keçən Orta Dəhliz, ikitərəfli əlaqələrin inkişafı, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi və s. Bu təsnifatdan da göründüyü kimi, liderlər əsasən enerji və Orta dəhliz məsələlərini müzakirə ediblər.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi bu gündəmə süni şəkildə yerləşdirilmiş mövzu idi. Görünür, Almaniyanın gedərayaq hökumətinin səhlənkarlığından doğan bu problemi ört-basdır etməyə çalışan Ştaynmayer məcburən əsas mövzudan yayınıb, özünü və alman hökumətini mənasız arqumentərlə əsaslandırmaq yolunu seçib...

 Onu da nəzərinizə çatdırım, Azərbaycan və Almaniya prezidentləri Bakıda Orta dəhliz, alternativ enerji məsələlərini müzakirə etdikləri bir vaxtda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Özbəkistanın Səmərqənd şəhərində idi. O da 5 Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə təxminən eyni mövzuları müzakirə edirdi və Avropa İttifaqı ilə Mərkəzi Asiyanın iqtisadi əməkdaşlığının yol xəritəsini cızırdı. Üstündən bir gün keçməmiş yenidən Bakıda Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgense peyda olmuş, o da İlham Əliyevlə yaşıl enerji sahələrində əməkdaşlıq məsələlərini masaya yatırmışdı. Eyni gündə İlham Əliyev həm də Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul etmiş, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdı. Maraqlıdır ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları da eyni gündə Bakıda keçirilmişdi. Bütün bunları yan-yana düzəndə məlum olur ki, Avropa İttifaqı alternativ enerjiyə keçmə layihələrini sürətləndirmək istəyir. ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı iqtisadi sanksiyalara başlamasından sonra bu kimi təşəbbüslər mənə təəccüblü görünmür. Fikrimcə, Aİ daha artıq yubanmadan öz başının çarəsinə baxmalı və onu gözləyən böhrandan dərhal çıxmaq barədə düşünməlidir. Bu baxımdan, Avropa İttifaqı liderlərinin eyni zaman kəsimində həm Cənubi Qafqaza, həm də Mərkəzi Asiyaya səfəri başadüşüləndir. Amma biz düşündüyümüz kontekstdə və həssaslıqda deyil. Məsələ burasındadır ki, Cənubi Qazqazda enerji təhlükəsizliyi baxımından ən zəif həlqə Ermənistandır. Faktiki olaraq öz enerji ehtiyacının 85%-ni Rusiyadan, 15%-ni isə İrandan alan Ermənistan şimal qonşumuzdan birbaşa asılıdır. Bununla belə, zaman-zaman ona meydan da oxuyur və meydan oxuya-oxuya Avropa İttifaqına meyillənmək arzusundandır. Bu da onu istənilən an Rusiyanın və İranın enerji şantajı ilə üz-üzə qalmasına yol aça bilər. Ermənistanın xilası bu mənada Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasından, barışıq əldə etməsindən keçir. Paşinyan hakimiyyəti isə Rusiyanın Ermənistandakı “5-ci kolon”un təzyiqi altındadır və ondan tələb olunan addımı atan kimi enerjisi kəsilə bilər. Ona bu ağır günündə qaz və neft verə biləcək yeganə ölkə var – Azərbaycan. Azərbaycan isə ondan konstitusiyasındakı ərazi bütövlüyümüzə iddialarını təmizləməyi tələb edir.

 O da məlumdur ki, İlham Əliyev öz son sözünü bir müddət bundan əvvəl demişdi. Bildirmişdi ki, indiyədək dəfələrlə bizi yalançı vədlərlə aldadan və zamana oynayan ermənilərin sözünə etibar etmir. Onlar sülh istəyirlərsə, zəhmət çəkib konstitusiyalarının indidən islah etməli və ATƏT Minsk qrupunun himayəsindən birdəfəlik vaz keçməlidir...

 – Bəs Almaniya Prezidenti Bakıdan özü ilə nə apardı və Azərbaycana nə verdi?

– O, Bakıdan Berlinə Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Qara dəniz-Avropa əməkdaşlığı ilə bağlı güclü siqnal apardı. Azərbaycana isə “siz haqlısınız” mesajı verdi.

– Ermənistanın bir yandan sülhdən, həmçinin Türkiyə ilə sərhədləri açmaqdan, diplomatik münasibətlər yaratmasından, digər yandan, Azərbaycanla sərhəddə atəşkəsin pozulması haqda məlumatlar yayılmasına necə baxırsınız?

–   Azərbaycanla Ermənistan arasında sülh şəraitinin yaranması təkcə Rusiyanın əleyhinə deyil. Bayaq da ifadə etdiyim kimi, ABŞ də bu məsələdə Rusiya ilə həmfikirdir. Eyni zamanda, Avropa İttifaqının bəzi aparıcı dövlətləri də bunu istəmirlər. Məsələn, Fransa Prezidenti Emmanuel Makron. Ötən il Sarbon Universitetində çıxış edən Makron Avropa ölkələrinin ölüm döşəyində olduğunu bildirmişdi. Fikrini isə onunla izah etmişdi ki, Avropa hərbi cəhətdən ABŞ-dən, enerji cəhətdən Rusiyadan, iqtisadi cəhətdən isə Çindən asılıdır. Bu asılılıqlardan xilas olmasa, Avropa ölümə məhkumdur. Təbii ki, belə bir anlayışa sahib olan bir ölkə Avropanın Çindən asılılığını artıran bir projenin baş tutmasına razı ola bilməz. Zəngəzur dəhlizinin açılması Avropada ən çox Şərqi Avropa ölkələrinə sərf edir və bu ölkələrin qlobal proseslərə yön vermək imkanları isə məhduddur. Bu mənada, Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda sülh ortamının yaranacağına ümid etmək sadəlövhlük olardı...