Sülh sazişi ya Brüsseldə, ya da ABŞ-da imzalanmalıdır - Politoloq

20:21 09.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “2023-cü ildə Azərbaycanın əsas hədəfi Qarabağda suverenliyimizin təmin olunmasıdır.  Ötən il bu istiqamətdə ciddi addımlar atılıb. Ermənistan nə qədər müqavimət göstərsə də Praqada, Soçidə Azərbaycanın Qarabağ üzərində suverenliyini təsdiq edən sənədə imza atmaq məcburiyyətində qaldı. Bu gün bunu reallaşdırmaq lazımdır”.

Bunu hafta.az-a ANAP sədri, siyasi ekspert  Abutalıb Səmədov Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı qarşıdakı hədəfləri və mövcud problemlərin aradan qaldırılması istiqamətdində atılması vacib olan addımlara diqqət çəkərkən bildirib.

A.Səmədov bu gün Laçın yolunda davam edən aksiyaları məhz Azərbaycanın Qarabağ üzərində suverenliyinin təmin olunmasına yönəlmiş addımlar sırasına aid edib.  

O, sülh sazişinin imzalanması ilə bağlı proseslərin ləngidiyini, burda əsas günahkarın Paşinyan və Valday Forumunda ona ümid verən Rusiya prezidenti V.Putin olduğunu deyib.

“Paşinyan keçirilən görüşlərdə verdiyi vədin üzərində dayana bilmədi. Ona görə də Soçidə keçirilən görüş nəticəsiz başa çatdı. İlin sonunda Brüsseldə Sülh sazişini imzalamaq üçün çox yaxşı imkan yaranmışdı. Ancaq Ermənistan bu prosesi də ləngitdi. Məlumdur ki, Ermənistan Azərbaycan sülh sazşi ilə bağlı təqdim etdiyi baza prinsiplərini qəbul edib. Amma sonradan Ermənistan özü 6 şərt irəli sürdü ki, bu da son dərəcədə mənasız idi. Ona görə də sülh sazişinin bağlanması üçün heç bir problem yoxdur”.

Ekspert Azərbaycanın Qarabağla bağlı heç bir bəndin sülh sazişinə salınmasını istəmədiyini qeyd edib. Bildirib ki, bu məsələdə Brüssel və Vaşinqton Azərbaycanın mövqeyində dayanıb. Rusiya isə sülh sazişinə Qarabağla bağlı bənd salınmasını təklif etdi ki, bu da Ermənistanda bir ümid yaradıb.

“Sülh sazişi ya Brüsseldə, ya da ABŞ-da imzalanmalıdır. Nə qədər ki, Rusiya tutduğu mövqedən əl çəkməyib,  sülh sazişinin imzalanması Moskvada mümkün deyil. Nəzərə alsaq ki, Moskva son 2 ildə dəfələrlə mövqe dəyişikliyi göstərib, növbəti dönüşünü yenə də gözləmək olar. Əgər Azərbaycanın tələbləri nəzərə alınsa, saziş Moskvada da imzalana bilər”.

ANAP sədri hesab edir ki, ikitərəfli görüşlərin ciddi nəticə verməsi çox çətindir. Onun fikrincə, mütləq üçüncü tərəfin təzyiqlərinə ehtiyac var. Yoxsa bu danışıqlar sonsuza qədər uzana bilər.

“Həlledici danışıqlar üçtərəfli aparılmalıdır. Və kim Azərbaycanın mövqeyinə uyğun yaxşı təklif versə o ölkənin, yaxud birliyin vasitəçiliyi qəbul olunmalıdır. Çünki Ermənistan uduzan, zəif tərəfdir. Böyük dövlətlərin yardımı olan zaman Ermənistanın dili uzanır. Hələlik isə Putinin sonuncu təxribatını nəzərə almasaq, Ermənistan böyük dövlətlərdən yardım ala bilmir. Makronun mövqeyi sülh sazişinə xidmət eləmədi. Fransa həmişə ABŞ-ın yedəyəndə hərəkət etdiyi üçün bu ölkənin mövqeyi bizi narahat eləmir. ABŞ-ın mövqeyi prosesləri sürətləndirməyə xidmət edə bilər”.

Siyasət rubrikasından digər xəbərlər