Sovet dövründə neçə illər Yaxın Şərqin müxtəlif ölkələrində hərbi mütərcim kimi çalışmış, Suriyanı da yetərincə gəzmiş, xalqın həyat tərzi, ölkənin sənayesi, kənd təsərrüfatıyla maraqlanmış keçmiş ASDP sədri, politoloq Zərdüşt Əlizadə ilə hafta.az üçün söhbətimizdə Bəşər Əsəd rejiminin çöküşündən sonra ölkə daxilində baş verən proseslərdən, müxtəlif xarici dövlətlərin üsyançılara dəstəyi və yaxud keçmiş hakimiyyətlə münasibətlərindən, rejimin yıxılmasında əsaslı rol oynamış daxili amil və səbəblərdən, yeni yaradılan keçid hökumətinin Suriyada müəyyən etdikləri 18 ay müddətində sabitliyə və ölkənin ərazi bütövlüyünə nail ola bilib-bilməyəcəyindən və s. bəhs etdik.
-Zərdüşt bəy, Bəşər Əsədin qaçışından sonra belə versiyalar səslənir ki, Rusiya istəsəydi, Əsədi müdafiə edərdi. Yəni Rusiya məcburən yox, bilə-bilə geri çəkildi, çünki Putin Trampla razılaşıb və Suriyanı güzəştə gedərək Ukraynada işğal etdiyi Donetski, Xersonu, Zaporojyeni qazanacaq...
-Bunlar əsassız söhbətlərdir. Birincisi, Rusiyanın ABŞ ilə hansısa gizli razılaşması haqda heç bir sübut yoxdur. Rusiyanın Bəşər Əsədi, onun rejimini xilas etmək üçün gərəkli imkanları yox idi. O, bütün imkanlarını Ukrayna cəbhəsinə yönəldib. Kremlin əlavə qoşunu, gücü yoxdur, hamısı Ukrayna ilə müharibəyə cəlb olunub. Hətta məcbur olub Sakit okeanda donanmasındakı dəniz piyadalarını, Ermənistandakı, Tacikistandakı hərbi bazaların da şəxsi heyətlərinin bir hissəsini Ukrayna cəbhəsinə yolladı...
Əsəd rejiminin devrilməsi Rusiyanın ağır hərbi-siyasi itkisi demək oldu. Çox güman ki, yeni Suriya rəhbərliyi Xmeymim və Tartusdakı Rusiya bazalarının çıxarılmasını tələb edəcək. Nəticədə Aralıq dənizində yegənə hərbi dəniz bazasını itirəcək Rusiya - orada dəniz donanması saxlaya bilməyəcək. Bütün bunlar onu göstərir ki, hansısa gizli danışıqlar haqda deyilənlər boş söhbətdir.
-Belə çıxır ki, Suriyadakı diktatura rejiminin devrilməsində hakimiyyətin mahiyyətindən qaynaqlanan güclü daxili amillərlə yanaşı, beynəlxalq güclər də böyük rol oynayıb?
-Bəli, öncə deyilənləri də nəzərə alsaq, bu gün Əsəd rejiminin devrilməsi beynəlxalq siyasi güclərin qüvvə nisbətindən qidalanır... Suriyada nə baş verirdi? Orada ABŞ, Avropa, İran, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı əsas rol oynayırdı. Suriya cıdır meydanına, beynəlxalq güclərin yarış meydanına dönmüşdü. Atlarını çapırdılar, təpikləri isə dəyirdi Suriya xalqına... Ölkədən 5 milyon yarım insan qaçqın düşdü. Belə bir şəraitdə İranın və Rusiyanın gücü azaldı, əvəzində ABŞ, İsrail, Avropa və Səudiyyə Ərəbistanının gücü çoxaldı. Bundan da yararlanan Türkiyə üsyançılara dəstək verdi və onlar hücum edib Suriyanın mərkəzini tutdular. Əsədin ordusu isə çox bərbad vəziyyətdə idi, hərbçilərin maaşı çox aşağı idi, onların gələcəyə də ümidi yox idi. Ona görə də ordusu da bu diktatoru müdafiə etməkdən çəkindi və Əsəd də başını götürüb qaçdı...
-Bəs, sizcə, Bəşər Əsədin yıxılmasında rejim daxilindəki digər hansı amil və səbəblər əsas rol oynadı?
-Əsəd rejiminin çökməsinə gətirən əsas amil və səbəblər Suriyada 53 il fəaliyyət göstərmiş bu rejimin səmərəsizliyi və ədalətin olmaması idi... Dövlət nə deməkdir? Dövlət ilk növbədə onun qanunlarının işləməsi deməkdir. Suriyada isə mövcud qanunlar da işləmirdi. Qanunlar ictimai və sosial ədalətin təmin edilməsinə yönəlməlidir. Vətəndaş bilməlidir ki, o, bir dövlətdə yaşayırsa, o dövlətin qanunları var və həmin qanunlar onun da mənafeyini nəzərə alır...
Zahirən nə qədər güclü görünsə də, pulu da olsa, ordusu da, tankları, təyyarələri, raketləri də olsa, polisi, təhlükəsizlik qüvvələri, hakimləri də olsa, belə bir dövlətin içərisi boş və çürük olur. Bu cür dövlət bir müqəvvadır. Əsəd rejimi də belə bir müqəvva idi və o məhz bu səbəblərdən çökdü...
Hələ atası Hafiz Əsəddən bəri Suriya xalqı neçə dəfə etirazlara qalxıb, hər dəfə də bu üsyanlar minlərlə insanın qətli hesabına amansızlıqla yatırılıb və ata da, oğlu da hakimiyyətdə qalıblar.
- Bəşər Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar aparmağa nail olduğunu iddia edilir. Sizcə, bu, nə dərəcədə mümkündür?
- 1990-cı illərdə belə bir hadisə oldu. İstanbul hava limanında gömrük xidməti 100 dollarlıq əskinaslarla dolu 4 konteyner saxlamışdı. Məbləği 40 milyon dollar olan əskinasların çəkisi cəmi 360 kq olmuşdu. 40 milyon dollar 360 kq-dırsa və 4 konteynerə yerləşdirilirsə, onda 135 milyard dollar pulu nağd şəkildə daşımaq üçün təxminən 60 vaqonluq bir qatar, bir eşelon lazımdır. Digər tərəfdən, Suriya da, Rusiya da sanksiyalar altındadır, hər iki ölkənin bank sistemi məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem olan “SVİFT”dən uzaqlaşdırılıb. Ona görə Əsədin o məbləğdə pulu qaçaq yoluyla da köçürməsi mümkün deyil...
Üçüncüsü də, Amerikanın Milli Təhlükəsizlik Agentliyi bütün dünyadakı bank köçürmələrini nəzarət altında saxlayır və 3 min dollardan yuxarı hər bir köçürmə xüsusi kompüter proqramı vasitəsilə yoxlanır, həmin pulun köçürülmə mənbəyi, ünvanı, tarixi dəqiq öyrənilir. Nə üçün? Terrorizmə qarşı mübarizə məqsədi ilə...
Dördüncüsü isə axı heç Suriyanın o qədər pulu da ola bilməz. Onun Azərbaycan qədər nefti də yoxdur. Ölkəmiz 30 ildir müstəqildir, neft sənayesi 20-25 ildir qaydasında işləyir, amma bu gün Neft Fondunda təxminən 75 milyard dollar var. Elə bu neçə illər ərzində də neftdən cəmi 130-140 milyard pul gəlib Azərbaycana...
Mən özüm 1969-cu ildə Suriyada olmuşam, gəzmişəm, o xalqın həyatıyla, ölkənin sənayesi, təsərrüfatıyla maraqlanmışam. Bu ölkənin, dediyim kimi, nefti azdır. Bundan başqa isə yalnız çox miqdarda fosfat mədənləri var. Bir də keyfiyyətli çörək bişirilməsi üçün yaxşı və bol taxılı olur. Meyvə-tərəvəzləri də boldur. Lakin bu sərvətlər hesabına da Əsədin 135 milyard toplaması mümkün deyil...
-Zərdüşt bəy, sizcə, yeni yaradılan keçid hökuməti Suriyada müəyyən etdikləri 18 ay müddətində sabitliyə və ölkənin ərazi bütövlüyünə nail olacaqmı?
- Suriyadakı keçid hökuməti çox mürəkkəb və çətin bir vəziyyətlə üzləşib. Ölkə faktiki olaraq parçalanıb. Onun bir hissəsinə Amerikanın çox səxavətlə hərbi-siyasi maliyyə yardımı göstərdiyi kürd hərbi qruplaşmaları nəzarət edir. Özü də onlar kürdlərin Suriyada ənənəvi yaşadığı ərazilərdəndə kənara çıxaraq daha böyük əraziləri zəbt ediblər. Şübhəsiz ki, həmin qruplaşmalar özləri üçün hansısa bir əlavə imtiyaz, hüquq, ən azı muxtariyyət tələb edəcəklər. Əllərində qoşun, arxalarında Amerika dayanır...
İkincisi, Türkiyənin müdafiə etdiyi türkman hərbi birləşmələri mövcuddur. Onlar da artıq 10 ildən çoxdur ki, hərbi təlim keçirlər və ordu şəklinə düşüblər...
Üçüncüsü, Əsədin devrilməsini həyata keçirmiş əsas hərbi güc olan “Heyət Təhrir əş-Şam” qruplaşması var ki, onun başçısı əbu Məhəmməd Colaninin başına neçə illərdir ki, ABŞ MKİ tərəfindən 10 milyon dollar pul qoyulub. O da dünya miqyaslı terrorçu kimi tanınır. Colani əslən Suriyanın “Colan(yaxud Holan) təpələri” deyilən ərazisindəndir. Məlum olduğu kimi Tramp hələ ilk prezidentliyi dövründə həmin ərazinin İsrail tərəfindən ilhaq edilməsini tanıyıb. İsrail də Colan təpələrini zəbt edib və indi də elan edib ki, o ərazi əbədi İsrail torpaqlarıdır. Yəni Colaninin vətəni işğal edilib və o da vətəninin işğaldan azad edilməsi üçün mübarizəyə qalxmış 40 yaşli bir insan, bir kişidir. Həyatının da böyük bir hissəsi hərbi bir döyüşçü kimi keçib. İndi Colani Colan təpələrinin İsrail tərəfindən işğalına və ilhaqına razı olacaqmı? Düşünmürəm. Məsələn, hər hansı bir şuşalı razı olardımı ki, Şuşa əbədi olaraq Ermənistanın tərkibində qalsın. Əsla. Əlində silah olan silahla, qələmi olan qələmlə döyüşürdü...
Bundan başqa, Suriyada 50 ildən çox hakimiyyətdə olmuş ələvi zümrəsi var. Onlar ölkədəki əksər gəlirli, mənfəətli sahələri ələ keçiriblər. Əsəd qaçsa da, ələvilər göyə uçmadı ki... Ölkə əhalisinin 12 faizi ələvi təriqətinə mənsub insanlardır. Onlar Suruyada qalırlar, yaşayırlar. Bir sözlə, bütün bu sadalanan tərəfləri ortaq məxrəcə gətirmək çox müşkül məsələdir. Suriya çoxdinli, təriqətli və çoxmillətli bir ölkədir. Ərəbi, bədəvisi, türkmanı, kürdü, ermənisi, druzu və s. var. Belə ciddi qüvvələr nisbətində tarazlıq yaratmaq, Suriya vətəndaşının həyatına təminat vermək çox çətindir. İndi deyirlər ki, Əsəd devriləndən sonra ölkədəki və xaricdəki Suriya qaçqınları axınla öz vətənlərinə, yurdlarına qayıdırlar. Onların yaşayışını, təhlükəsizliyini təmin etmək böyük və ağır bir məsuliyyətdir, eyni zamanda böyük xərclər tələb edir... Bəşər Əsədin devrilməsi üçün səxavətlə pullar ayıran Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri Suriyanın bərpası üçün də yetərincə vəsait ayıracaqlarmı? Artıq Suriyada cıdır meydanı kimi atlarını qovmağa öyrəşmiş xarici qüvvələr Suriya xalqına, onun siyasi qüvvələrinə imkan verəcəklərmi ki, onlar öz aralarında razılığa gəlib ölkənin bərpasına və yenidən inkişafına nail olsunlar... Bunu demək çətindir. Mürəkkəb bir məsələdir...