“Suriyada muxtar quruluşların yaradılmasına icazə verilməyəcək” – Burhan Koroğlu

09:30 23.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Suriyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu, prezident Rəcəb Tayyib Ərdoğanın paytaxt Dəməşqə səfər etməyi düşündüyünü bildirərək, “Xarici İşlər nazirimiz Hakan Fidan bu məsələ ilə bağlı bura gələcək. Bundan sonra daha əhatəli bir siyasi əlaqələr qurulacaq” deyib.

Hafta.az-ın yazdığına görə, TVNET-ə verdiyi açıqlamada Koroğlu, “Qonşuluq baxımından çox əhəmiyyətli olan və işğaldan qurtulduqdan sonra yeni bir prosesə girən Suriyada Türkiyənin ilk səfiri olmaq mənim üçün çox şərəflidir. Diploomatik əlaqələrimiz yenicə yenidən qurulmağa başlanıb,  biz xarici siyasətə cavabdeh olan nümayəndə heyəti ilə görüşdük. Onlar bütün xarici əlaqələri həmin nümayəndə heyəti vasitəsilə təmin edirlər. Burada mümkün fəaliyyət sahələrini danışdıq. Həm humanitar yardım, həm də ilkin görüşümüz oldu. Hökumətin qurulmasından sonra mümkün fəaliyyətlərlə bağlı daha əhatəli bir görüş keçirdik. Siyasi əlaqələr baxımından isə xarici işlər nazirimiz Hakan Fidan Dəməşqə gəldi. Bilirik ki, prezidentimiz də müəyyən vaxtda bura gəlmək istədiyini açıqlayıb, amma təbii ki, hər şey mərhələli olur” deyib.

Türkiyə ilə Suriyanın YPG-yə qarşı birgə hərəkət edəcəklərini bildirən Koroğlu, “Suriyada hökumətin bu çərçivədə açıqlamaları var. Əhməd əş-Şəra dedi ki, Suriyada ayrıca və muxtar dövlət quruluşunun yaradılmasına icazə verməyəcəklər. Biz rejimlə əməkdaşlıq edən strukturların mövcudluğunu rədd edirik. Biz öz sərhədlərimiz daxilində Türkiyəyə qarşı heç bir düşmən strukturun olmasını qəbul etmirik kimi bəyanatlar da verirlər. Bu, açıq şəkildə göstərir ki, yeni administrasiya Türkiyənin ərazi bütövlüyünə və sərhəd təhlükəsizliyinə hörmət edir” deyə bildirib.

Türkiyədəki suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı danışan Koroğlu, "Onlar qayıdanda evlərini tapa bilməyə bilərlər. Xüsusilə Hələb, Həma, Hums kimi bölgələrdə ciddi dağıntılar var. Türkiyə qaçqınların qalıcı və sağlam dönüşü üçün əlindən gələni edir. Burada bina, kanalizasiya, elektrik və su şəbəkələri kimi ciddi bir infrastruktur tələbi var” deyib.