Suriyada Bəşər Əsəd devrildikdən sonra ölkədə güclü idarəçiliyin formalaşıb formalaşamayacağı maraq doğurur. Bu nöqtədə Suriyadan Türkiyəyə üstünlüklər və risklər var.
Hafta.az-ın yazdığına görə, hüquqşünas və siyasətçi Mustafa Kamal Çiçək bu risk və üstünlüklər barədə fikirlərini açıqlayıb.
Suriyada hakimiyyət dəyişikliyinin Türkiyənin daxili siyasətinə necə təsir edəcəyinə dair fikir bildirən Mustafa Kamal Çiçək deyib ki, əslində Suriya məsələsi 13 ildir ki, Türkiyənin gündəmini yaxından maraqlandırır.
“Rəsmi məlumatlara görə, Türkiyədə 3 milyona yaxın qaçqın var. Qeyri-rəsmi rəqəmin bundan iki dəfə çox olduğu bildirilir. Bu vəziyyət Türkiyənin ictimai həyatına və daxili tarazlığına birbaşa təsir edən bir məsələ idi. Ona görə də siyasətin əsas mövzularından biri olub. Suriyada hökumətin sürətlə devrilməsi hamıya sürpriz idi. Rəhbərlik çox müqavimət göstərmədən dəyişdi. Əvvəl MİT sədrinin gedişini, eyni maşında çəkilmiş şəklin yayılmasını, sonra isə xarici işlər nazirinin getdiyini gördük. Prezident Rəcəb Tayyib Ərdoğanın gedəcəyinə dair xəbər yayılıb. Bütün bunlar iqtisadiyyatda ilişib qalmış hökumətə bir az nəfəs aldırdı. İqtisadi vəziyyətdən çətinliyə düşən AKP heyəti ən azından meydançaya daha rahat çıxdı. Bu, AKP-yə mənəvi dəstək oldu. Müəyyən mənada AKP 31 martdan sonra itirdiyi mənəvi üstünlüyü Suriyadakı proseslər sayəsində tamamilə geri qaytarıb”, - ekspert deyib.
Suriyada bundan sonra baş verənlərin Türkiyəyə təsiri necə olacaq? Faydaları və riskləri nələrdir?
Mustafa Kamal Çiçək bildirib ki, vətəndaş müharibəsi Suriyada 1 trilyon dollara yaxın dağıntıya səbəb olub. İndi bu bölgənin dəyişdirilməsi məsələsi özü ilə Türkiyənin real sektoru üçün böyük potensial gətirir. Əslində, infrastrukturun yenidən qurulması istiqamətində faktiki addımlar atılmağa başlanıb.
Ekspertin sözlərinə görə, Türkiyənin ikinci mühüm qazancı suriyalı mühacirlərin geri qayıtması olacaq. Bu, sosial məsələlərdə rahatlıq gətirəcək.
“Riskləri ortaya qoysaq, ən böyük risk Fəratın şərqində PKK/YPG-nin nəzarətində olan bölgədir. Bu bölgənin taleyi necə olacaq, mərkəzi hakimiyyətə bağlanacaq, yoxsa muxtar bölgəyə çevriləcək? Suriyanın su ehtiyatları, neft yataqları və münbit torpaqları oradadır. Bu məsələ kifayət qədər kritikdir. Orada Türkiyənin istəmədiyi bir muxtar struktur ortaya çıxarsa, bu, Türkiyə üçün həm daxili siyasətdə, həm də terrorla mübarizədə böyük risklər yaradacaq” deyən cənab Çiçək bildirib ki, işlər daha da pisləşərsə və həmin bölgə ilə mərkəzi hökumət arasında münaqişə mühiti yaranarsa, mövcud suriyalıların geri dönməsini gözləyən Türkiyə daha da böyük bir köç dalğasına məruz qala bilər.