Tailand kralının oğlu monarxiyanı müzakirəyə açdı

11:33 22.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tailand kralı Maha Vajiralonqkornun oğlu Vaçaraesorn Vivaçaravongse deyib ki, insanlara monarxiyanı müzakirə etmələrinə icazə verilməlidir.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Vaçaraesorn, Nyu Yorkda keçirilən və Tailandda "vətənə xəyanət qanunu" çərçivəsində barəsində qanuni tədbir görülən şəxslərin fotoşəkillərinin yer aldığı sərgiyə qatıldıqdan sonra Facebook hesabından açıqlama verib.

Kralın ikinci oğlu deyib: "Mən monarxiyanı sevirəm və qiymətləndirirəm. Amma inanıram ki, heç nə bilməməkdənsə, məlumatlı olmaq daha yaxşıdır. Hər kəsin öz təcrübəsinə əsaslanan öz fikirləri var. əslində onları dinləməmək onların fikirlərini inkar etmir. Onlarla razı olub-olmamasından asılı olmayaraq, hər kəs bir-biri ilə ağlabatan danışa bilməlidir”.

Tailandda "dövlətə xəyanət qanunu" ilə təqsirli bilinənlər 15 ilə qədər həbs cəzası ala bilərlər.

2020-ci ildə ölkədə minlərlə demokratiya tərəfdarı monarxiyaya, eləcə də ordunun siyasət və cəmiyyət üzərində nəzarətinə qarşı küçələrə çıxıb.

“Thai Lawyers for Human Rights” hüquq təşkilatının məlumatlarına görə, 2020-ci ilin noyabr ayından bəri krala qarşı xəyanət ittihamı ilə açılan 278 iş üzrə ən azı 257 nəfərə qarşı məhkəmə prosesi başlanıb. Bu şəxslərin ən azı 20-nin yaşı 18-dən aşağıdır.

Birləşmiş Millətlər Təşkilatı da bu qanunun ifadə azadlığını boğmaq üçün istifadə edildiyini əsas gətirərək onun ləğvini tələb edib.

Kralın ikinci arvadı Sujarini Vivaçaravongsedən olan Vaçaraesorn Nyu-Yorkda hüquq firmasında işləyir. 42 yaşlı Vaçaraesorn avqust ayında 27 ildən sonra Tailanda qayıtmaqla gündəm yaradıb. Kralın ikinci oğlu paytaxt Banqkokdakı “Wat Yannawa” adlı Buddist məbədini ziyarət edib. Vaçaraesorn yola düşməzdən əvvəl verdiyi açıqlamada "Tailandın ümidlə dolu bir ölkə olmasını arzuladığını" söyləyib.

4 dəfə evlənən və 7 övladı olan kral Vajiralonqkorn hələ ki, rəsmi varisinin adını açıqlamayıb.