Tailand şahzadəsi monarxiyanı müzakirəyə açır

12:30 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tailand kralı Maha Vajiralonqkornun oğlu Vaçaraesorn Vivaçaravongse deyib ki, monarxiyanın müzakirəsinə icazə verilməlidir.

Hafta.az-ın "The Guardian"a istinadən yazdığına görə, Vaçaraesorn, Nyu Yorkda Tailandda "vətənə xəyanət qanunu" çərçivəsində barəsində qanuni tədbir görülən şəxslərin fotoşəkillərinin yer aldığı sərgiyə qatıldıqdan sonra Facebook hesabında açıqlama verib.

Kralın ikinci oğlu deyib: "Mən monarxiyanı sevirəm və qiymətləndirirəm. Amma inanıram ki, məlumatlı olmaq heç nə bilməməkdən yaxşıdır. Hər kəsin öz təcrübəsinə əsaslanaraq şəxsi fikirləri var. Onları dinləmək lazımdır və bu heç nəyi inkar etmir. İstər siz onlarla razılaşın, istərsə də yox, bu başqa məsələdir. Ancaq hər kəs bir-biri ilə ağlabatan şeylər danışa bilməlidir".

Tailandda "dövlətə xəyanət qanunu" ilə təqsirli bilinənlər 15 ilə qədər həbs cəzası ala bilərlər.
2020-ci ildə ölkədə demokratiya tərəfdarı olan minlərlə etiraz monarxiyaya və ordunun siyasət və cəmiyyət üzərində nəzarətinə qarşı küçələrə çıxdı.
Thai Lawyers for Human Rights hüquq təşkilatının məlumatlarına görə, 2020-ci ilin noyabr ayından bəri krala xəyanətdə ittihamlanan 278 iş üzrə ən azı 257 nəfərə qarşı məhkəmə prosesi başlanıb. Bu şəxslərin ən azı iyirmisinin yaşı 18-dən aşağıdır.
Birləşmiş Millətlər Təşkilatı da bu qanunun ifadə azadlığını boğmaq üçün istifadə olunduğunu əsas gətirərək onun ləğvini tələb edib.

Kralın ikinci arvadı Sujarini Vivaçaravongsedən olan oğlu Vaçaraesorn Nyu-Yorkda hüquq firmasında işləyir.

Vaçaraesorn avqust ayında 27 ildən sonra Tailanda qayıtmaqla gündəm mövzusu oldu. Kralın ikinci oğlu paytaxt Banqkokdakı "Wat Yannawa" adlı Buddist məbədini ziyarət edib. Vaçaraesorn yola düşməzdən əvvəl verdiyi açıqlamada "Tailandın ümidlə dolu bir ölkə olmasını arzuladığını" söyləyib.

4 dəfə evlənən və 7 övladı olan kral Vajiralonqkorn hələ ki, rəsmi varisini açıqlamayıb.