Sosial sahədə bir çox aktual məsələlər var ki, hər birimizi maraqlandırır. Buraya tələbələrə ictimai nəqliyyatda güzəştlər, plastik cərrahlarla bağlı proseslər, maaş və pensiya artımı, əlilliyin təyinatı kimi məqamlar daxildir. Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevdir.
- Son illər Azərbaycanda ən çox narahatlıq yaradan məsələlərdən biri də pensiya yaşına az qalmış insanların mövcud iş yerlərini itirməsidir. Bu məsələ ilə bağlı mövcud durum nə yerdədir, hansı həll yolları nəzərdə tutulur?
- Pensiya yaşına az qalmış insanlarn işlərini itirməsi onlar üçün çox ciddi sosial, mənəvi və psixoloji problemlər yaradır. Ona görə də məşğulluq haqqında qanunda kvota müəyyən edən şəxslər siyahısına pensiya yaşına iki il qalmış insanlar da aid olunur. Yəni pensiya yaşına iki il qalmış insanlar iş axtaran olduqda onlara birinci növbədə kvota ilə iş təklif edilir. Amma eyni zamanda biz hökumətin hesabatında da bu məsələni qaldırmışıq və düşünürük ki, bu məsələnin daha geniş həlli lazımdır. Birinci növbədə məşğulluq haqqında qanuna və yaxud da məcəlləsinə əlavələr olunmalıdır ki, iş yerlərinin ixtisarı zamanı pensiya yaşına iki il qalmış bu insanlara imtiyazlar verilsin və ən son halda ixtisara getsinlər. Digər bir məsələ ondan ibarətdir ki, əgər onlar iş yerlərinin, vəzifələrin ləğvi ilə əlaqədar işlərini itirirlərsə, onların pensiya hüquqları pensiya yaşına iki il qalmış tanınsın. Biz bu məsələni hökumətin hesabatında da qaldırmışıq. Və yəqin ki, müsbət istiqamətdə həlli mümkün olacaq.
- Bu il pensiyalar, təqaüdlər və maaşlar artırıldı. Bununla yanaşı, bəzi kommunal xidmətlərin qiymətlərində də artım müşahidə olundu. Necə fikirləşirsiniz, hər iki artım bir-birinə adekvatdırmı?
- Pensiyaların, müavinətlərin, əməkhaqlarının artımı ölkə üzrə ümumi gözlənilən infilyasiyadan dəfələrlə üstündür. Yəni minimum pensiyalar, təxminən, 15 faiz, əməkhaqları 16 faiz artırıldı. Gözlənilən infilyasiya isə 2 faiz həcmindədir. Kommunal xərclərin artırılması isə faiz etibarilə müavinət və pensiyaların artımından aşağıdadır. Onu da söyləyək ki, kommunal haqları ilbəil artırılmır, amma maaşlar, pensiyalar, müavinətlər isə bir kateqoriyadan olan şəxslər üçün hər il artırılır. Bu mənada vətəndaşların sosial rifah halının qorunması dövlətin əsas sosial vəziflərindən biridir və bu da hökumətimizin və parlamentin diqqətindədir.
- Bu gün müzakirə olunan və tələbələri narahat edən məqamlardan biri ictimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsidir. Deputat olaraq bu məsələ ilə bağlı mövqeyiniz maraqlıdır.
- Tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsi bir zaman bizim ölkəmizdə də, cəmiyyətdə geniş müzakirə olunurdu. Sovet hökumətinin son dövrlərində də bu sahədə müəyyən işlər görülmüşdü və onlara aylıq güzəştli talonlar verilirdi. Müəyyən dövr ərzində - 90-cı illərdə də tələbələrin müəyyən güzəştləri, imtiyazları var idi. Amma 2000-ci illərdən biz ümumiyyətlə əhalinin sosial müdafiəsində ünvanlılıq prinsipinə keçdiyimizə görə güzəştlər, imtiyazlar bir çox hallarda ləğv olunaraq konkret pul vəsaitləri ilə əvəz olundu. Bu mənada tələbələrin təqaüdlərinin artırılması onların nəqliyyat xərclərini də qarşılamaq həddində olmalıdır. Eyni zamanda başqa ölkələrin də təcrübəsini əsas götürərək tələbələr üçün xüsusi kuponlar və yaxud da xüsusi talonlar vasitəsi ilə onların şəhərdaxili ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsinin tərəfdarıyam. Belə bir məsələnin hökumət tərəfindən, xüsusilə Nəqliyyat Nazirliyi tərəfindən araşdırılması yaxşı olardı.
- Son aylarda plastik cərrahlarla bağlı müəyən xoşagəlməz proseslərin şahidi olduq. Sizcə, məsələ necə nizamlanmalıdır? Qaydaların sərtləşdirilməsinin ölkədən həkim axınını daha da sürətləndirəcəyi iddia edilir.
- Plastik cərrahlar və digər kosmetoloji əməliyyatların ölkədə nəzarətsiz halda fəaliyyət göstərməsi barədə fikirlər var. Deyə bilərəm ki, bu sahə heç də nəzarətsiz deyildir. Amma bu məsələdə müəyyən qədər sui-istifadə halları çox olub. Azərbaycanda da plastik cərrahiyyə əməliyyatlarına həddən atıq meyllər var. Bu, xüsusilə də gənc, orta yaşlı qızlar, qadınlar arasında daha çox müşahidə olunur. Görünür bu, Qərbin və yaxud da hər hansı təbliğatın təsiri ilə artıb. Amma bu ötüb keçəcək bir haldır. Yəqin ki, yaxın illərdə bizim qızlarımız, gəlinlərimiz də başa düşəcəklər ki, Allahdan gözəl kosmetoloq yoxdur və Allahın verdiyi üzü hər hansı kosmetoloqun müdaxiləsi ilə dəyişəndə onun təbii gözəlliyi itmiş olur. Amma kosmetoloqların və kosmetoloji xidmətin həddən artıq lazımsız reklam olunması da belə əməliyyatlara gətirib çıxardır. Bu tibdə az əziyyətli və çox qazanclı sahələrdən biri olduğuna görə, həm də dəb təsirindən kosmetoloji və plastik əməliyyatlar sahəsində dərin bilikləri olmayan bir çox şəxslərin bu sahəyə maraq göstərməsi və nəzarətsiz şəkildə əməliyyatlar aparması son illərdə ağır fəsadlara, bir çox hallarda ölüm hallarının baş verməsinə səbəb olub. Bildiyimə görə hazırda Səhiyyə Nazirliyində xüsusi bir komissiya yaradılıb, kosmetoloq, plastik əməliyyat aparan cərrahların həm kvalifikasiyası, səriştəliliyi, sertifikatların olub-olmaması və bu işi hansı keyfiyyətdə aparacağı barədə dərin araşdırmalar aparılır və onlar yenidən lisenziyaya cəlb olunacaqlar. Bu məsələdə cəmiyyətimiz də bir qədər fəal olmalıdırlar. Xüsusən də plastik əməliyyata getməzdən öncə yaxşı olardı ki, həmin şəxslər psixoloji testdən keçərdilər və başa düşərdilər ki, bu əməliyyatlar onlara nə dərəcədə lazımdır.
- Vətəndaşlarda narahatlıq doğuran məsələlərdən biri də əlilliyin verilməsi ilə bağlıdır. Bir çox insanların sağlamlığında əlilliyini müəyyən edən problemləri olduğu halda hələ də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyasından keçə bilmədiyini iddia edir. Beləliklə, əslində əlilliyi olduğu halda dövlətin maddi dəstəyindən məhrum qalır. Bu istiqamətdə yaranan boşluqlar necə aradan qaldırıla bilər?
- Son illər əlilliyin verilməsi ilə bağlı çoxlu islahatlar aparılıb. Bundan öncəki illərdə buraxılan səhvlər, neqativ halların aradan qaldırılması və prosesin şəffaflıqla aparılması ilə bağlı xeyli işlər görülüb. Ola bilsin ki, belə islahatların aparılmasında müəyyən insanların əlilliyi olduğu halda onlara əlillik verilməyib və yaxud da əlillikləri kəsilib. Belə insanlar həm nazirliyə, həm parlamentdə bizim komitəyə, Ombudsmana müraciət edirlər. Bu müraciətlər fərdi qaydada araşdırılır və əlillik təminatı ilə bağlı xidmətə göndərilir. Komitəyə daxil olan bütün məktublar nəzarət qaydasında əlilliyin ekspertizası və reablitasiyası xidmətinə göndərilir və onlar hər biri əyani qaydada dəvət olunaraq əlillik vəziyyəti müəyyənləşdirilir. Bəli, bəzi insanlar var ki, ola bilsin həqiqətən də onlara əlillik dərəcəsi təyin etməyə imkan vermir. Amma bunlara da izahat işi aparılmalı, məlumat verilməlidir. Eyni zamanda, o insanların sosial təminatını həyata keçirməkdən ötrü mütləq onlara məşğulluğun təminatı ilə bağlı tövsiyələr verilməli, iş yerləri ilə təmin olunmaları üçün köməklik göstərilməlidir. Həm məşğulluq, həm əlilliyin ekspertizası xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan təşkilatlardır. Bu təşkilatlar arasında sıx əlaqənin olması belə, mövcud narazılıqların tamamilə aradan qaldırılmasına imkan yarada bilər.