Kanadanın baş naziri Castin Trüdo G20 Sammitindən sonra ölkəsinə qayıtmaq istəsə də, qayıda bilməyib. Hökumət başçısı təyyarədə mexaniki nasazlıq yaranması səbəbindən Dehlidə əlavə bir gün də qalmalı olub.
Hafta.az-ın yazdığına görə, o, son vaxtlar təyyarələrdə nasazlıqlar yaşayan bir sıra yüksək profilli siyasətçilərdən yalnız biridir.
Kanada rəsmiləri, Baş nazir Castin Trüdo və nümayəndə heyətinin Kanada Hərbi Hava Qüvvələrinin yaşadığı "texniki çətinliklər" səbəbindən bir gün daha Dehlidə qalacağını təsdiqləyib. "Bu problemlər bir gecədə həll edilə bilməz" deyə bildirib Kanadanın Ali Komissiyası.
Kanadanın CTV televiziyası nasazlıq yaşayan təyyarənin Airbus modeli olduğunu və nə vaxt geri dönəcəyinin hələlik bəlli olmadığını bildirib. Telekanal həmçinin vurğulayıb ki, bu hadisə baş nazir Trüdonun qarşılaşdığı ilk təyyarə problemi deyil.
Bu arada, Almaniyanın xarici işlər naziri Annalena Baerbok da təyyarədəki nasazlıq səbəbindən avqust ayında Okeaniyaya səfərini təxirə salmalı olmuşdu.