Milli Məclisin Səhiyyə komitəsində tibb işçiləri ilə bağlı qanun layihəsinin müzakirəsi mühüm və həssas məqamları əhatə etməsi ilə yadda qaldı. Qanunvericilikdə tibb işçiləri ilə bağlı edilən dəyişikliklər təbii olaraq ixtisaslı, savadlı həkim, tibb işçilərinin peşəkarlığının artırılması və eləcə də insanların öz sağlığını təmin etmək üçün öz həkiminə etimad göstərməsi baxımından diqqətlə izlənir. Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovdur.
- Milli Məclisin Səhiyyə komitəsində tibb işçiləri ilə bağlı qanun layihəsinə edilən dəyişikliklər hansı mühüm məsələləri özündə əks etdirir və hansı praktik nəticələr verə bilər?
- Bu, Azərbaycan səhiyyə işçiləri üçün çox vacib və uzun müddətdən bəri gözlənilən bir dəyişiklikdir. Bu günə qədər sertifikasiya imtahanları sadəcə bəlli bir müddət içərisində imtahan əsaslı sistem üzərində aparılırdı ki, bu da insanların 5 il müddətində əldə etdikləri bilik və bacarıqlarının bəzən stres halında ortaya qoyulmasında çətinlik yaradırdı. Bildiyimiz kimi, Avropa İttifaqının bir çox ölkələrində, eləcə də Türkiyədə tətbiq olunan daha fərqli, daha çox peşə inkişafı modeli üzərinə hesablanan modeli var. Yəni fəaliyyət göstərdiyi müddət ərzində konqreslərdə, konfranslarda iştirakı və oradan toplamış olduğu kredit balları, eləcə də öz sahəsi üzrə tədrislə məşğuldursa - məsələn bir kardioloq əgər öz sahəsi üzrə hər həftə tədris verirsə - bu, onun öz sahəsində inkişafını göstərən parametrdir. Yeni layihədə birmənalı olaraq sadəcə sertifikasiya imtahanından keçmək deyil, tibb işçilərinə əlavə olaraq sertifikasiya imtahanına girmədən 5 il boyunca yığmış olduğu ballarla bu mərhələdən keçmək imkanı yaradır. Digər tərəfdən, hər hansı səbəbdən - istər kredit balı, istərsə də sertifikasiya imtahanından keçə bilməyən insanların əvvəllər əmək müqaviləsinə xitam verilirdi və bu insanlar bir sonrakı imtahana girənə qədər sosial və maddi tərəfdən ciddi problemlərlə üz-üzə qalırdılar. Yeni müzakirəyə çıxarılan qanun layihəsində artıq bu məsələdə də həmin imtahandan kəsilmiş insanların önündə olan özünü təkmilləşdirmək üçün keçən müddət ərzində iş yerində saxlanması və 6 ay maaşın alınması kimi bir maddə də öz yerini tapır. Əlbəttə ki, hər iki maddə düşünürük ki, Azərbaycan səhiyyəsində son zamanlar vüsət alan yeni islahatların vacib tərkib hissəsidir. Hamımız bilirik ki, səhiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsi, Prezident tərəfindən qoyulan hədəflərə çatılması, səhiyyə sahəsindəki islahatların effektiv və uzunmüddətli keyfiyyət şəklinin qorunması üçün tibb işçilərinin özlərinin də bu sahəyə vermiş olduğu enerjinin forması çox vacibdir. Bu günə qədər olan sistemdə əfsuslar, sadəcə bir imtahandan kəsildikdən sonra bir çox hüquqlarının üzərindən xətt çəkilməsi səhiyyə işçilərində sters yaradırdı. Bu, hətta gənc nəslin nümayəndələrinin ölkəmizdə təhsil aldıqdan sonra xaricə getməsinin səbəblərindən biri kimi də göstərilirdi. Bunu üçün var olan yenilik Azərbaycan səhiyyə işçisinin, həm də səhiyyə sisteminin inkişafına öz töhfəsinə verəcək.
- Dəyişiklikdən biri də davamlı inkişaf modelinin tətbiqi ilə bağlıdır. Bu modelin üstünlüyü nədir?
- Bu, dünyada təcrübədən keçmiş və Dünya Tibb Federasiyasının tövsiyə etdiyi, bu gün Avropada və bir çox aparıcı ölkələrdə tətbiq edilən modeldir. Bu model içərisində bir az əvvəl dilə gətirmiş olduğum, daha çox insanları imtahana çəkmək deyil, aparılan islahatlar və ortaya qoyulmuş kriteriyalarla həkimlərin və tibb işçilərinin öz üzərində inkişafı üçün davamlı motivasiya yaradır. O, imtahan yerinə 5 ildən bir yığmış olduğu davamlı inkişaf balına görə hərəkat olacaq ki, qeyd etdiyim kimi bunun içərisində də həm yerli və beynəlxalq konfranslarda, həm xüsusi təlimlərdə iştirak, həm şəxsin xaricdəki aparıcı jurnallarda, dərgilərində çıxan məqalələri, ixtiraları, tibb təhsilində özünün funksionallığı - bütün bunlar müvafiq icra strukturunun bəlirlədiyi kriteriyalar çərçivəsində bəlli ballarla onun fəaliyyətinin bir parçası olaraq imtahan öncəsi dəyərləndiriləcək. Beləcə, həmin şəxsin davamlı şəkildə öz inkişafı ilə məşğul olan bir insanın imtahana girmədən sadəcə həmin müddətdə ortaya qoymuş olduğu bütün əməyi dövlətin qanunları tərəfindən qiymətləndirilərək öz peşə fəaliyyətinə davam etməsi üçün bir imkan yaradır. Bunun ən böyük əhəmiyyəti hüquqi cəhətdən sertifikasiya imtahanından üstün olan universitetdən alınan diplomun üstünlüyünü bir daha ortaya qoymaqla peşəkar tibb işçiləri və həkimlər üzərində təkmərhələli, sadəcə yazılı imtahandan çıxan nəticələrlə onların iş həyatına təsir edəcək stresin ortadan qalxmasına kömək edir. Gözəl tərəfi də odur ki, bu qanun layihəsi hər iki metodun istifadəsinə imkan verəcək.
- Bu dəyişiklik Səhiyyə sahəsində kadr hazırlığı, eləcə də keyfiyyətli tibbi xidmətin göstərilməsinə təsiri baxımından necə dəyərləndirilə bilər?
- Bu model qabaqcıl səhiyyə sisteminə inandığımız ölkələrdə tətbiq olunan modeldir. Bu modelin nəticələri dünya ölkələrində bilinəndir. Ona görə də düşünürük ki, uzun müddətdən bəri tibb işçiləri arasında narazılıq yaradan tərkmərhələli sertifikasiya sisteminin yerinə, qanunvericiliklə əsasında belə bir modelin gəlməsi birmənalı olaraq ölkədə aparılan səhiyyə islahatlarına, eləcə də hər bir vətəndaşın tibbi xidmətə daha keyfiyyətli əlçatanlılığına töhfə verəcək.