Tramp üçüncü dəfə prezident olmaq istəyir - Üzeyir Cəfərov

12:32 01.02.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış hərbi-siyasi ekspert Üzeyir Cəfərovla hafta.az üçün budəfəki söhbətimizdə ABŞ-nin yeni prezidenti Donald Trampın hakimiyyətinin ilk 100 günlüyündə planetin hərbi-siyasi meydanında gözlənilən dəyişikliklər, həmin müddətdə Ağ evin, Pentaqonun konkret olaraq Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı sərgiləyəcəyi siyasət, 2020-ci ildə Qarabağda sarsıdıcı şəkildə məğlub etdiyimiz erməni ordusunun real durumu, Zəngəzur dəhlizinin hərbi yolla açılmasının mümkünlüyü, Rusiya-Ukrayna savaşı kimi mövzulardan bəhs etdik.

- Trampın hakimiyyətinin ilk 100 günlüyündə planetin hərbi-siyasi meydanında hansı dəyişiklikləri gözləyirsiniz?

- Hesab edirəm, Trampın seçkiöncəsi və andiçmə nitqində səsləndirdiyi məsələlərin çoxunu ilk yüz gün ərzində həyata keçirməsi bir qədər çətin olacaq. Onun özü də həmin çətinlikləri görür və hiss edir. Onların reallaşdırılmasını bir qədər arxa plana salıb. Onun Rusiyanın Ukraynaya hücumundan sonra başlanmış müharibəni cəmi 24 saata dayandıracağı barədə vədinin bu gün qeyri-real olduğu təsdiqləndi və artıq həmin müddət 6 aya çevrildi.  Buna görə də Birləşmiş Ştatların yeni prezidenti Pentaqona müəyyən tapşırıqlar verib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün daha ciddi işlər görülsün. Ukraynanın dirəniş göstərməsindən sonra Trampın reallığı nəzərə alması onu göstərir ki, Ağ evin yeni rəhbəri aydın dərk etməyə başlayıb ki, o bu savaşı yaxın tarixlərdə durdura bilməyəcək. Hər halda Tramp yenə də müəyyən addımlar ataraq çalışacaq ki, o bir hegemon dövlət başçısı kimi, verdiyi vədlərin heç olmasa bir hissəsini yerinə yetirsin...

Məsələn, bu günlərdə qanunsuz hesab edilən miqrantların Amerika Birləşmiş Ştatları ərazisindən köçürülməsi məsələsinə Kolumbiya prezidenti səviyyəsində dirəniş göstərilsə də, ABŞ lideri sonda həmin dövlət rəhbərliyini razı sala bildi və son məlumatlara görə, artıq Kolumbiya miqrantların daşınması üçün Amerikaya təyyarələr göndərir. Beləliklə, görünən odur ki, 100 gün ərzində Tramp müəyyən nəticələrə nail olacaq. Konkret olaraq İsraillə “HƏMAS” arasında atəşkəsin əldə olunması və girovların qarşılıqlı olaraq qaytarılması istiqamətində xeyli müsbət addımlar atılıb...

Tramp hakimiyyətdə olduğu növbəti 4 il müddətində Amerika Konstitusiyasına lazımi dəyişiklik edilməsinə nail olmaqla özünün üçüncü müddətə də prezident seçilməsinə şərait yaratmağa çalışacaq. Bu istiqamətdə artıq o ilk günlərdən mesajlarını səsləndirməyə başlayıb. Görünən də odur ki, hazırkı özünə münasibətdə loyal, üzüyola komandasıyla o, üçüncü dönəmdə də prezident olmaq şansına yiyələnə biləcək. Düzdü, həmin vaxta qədər Tramp daha da yaşlaşacaq. Ancaq hesab edirəm ki, bu amil onu öz arzusu uğrunda mübarizə aparmaqdan yayındıra bilməyəcək....

- Həmin 100 gün müddətində Ağ evin, Pentaqonun konkret olaraq Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı necə bir siyasət sərgiləyəcəyini hesab edirsiniz?

- Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülhə nail olunması üçün ABŞ tərəfindən Tramp dönəmində də müəyyən addımlar atılacaq. Yeni ABŞ prezidenti həm də öz nüfuzunun yüksəlməsi naminə iki Cənubi Qafqaz ölkəsi arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək. Bunun üçün o, dövlət katibi Mark Rubionun, eləcə də Pentaqonun atacağı addımlardan da yararlanacaq. Bununla belə, kardinal, böyük nəticələrin əldə ediləcəyini düşünmürəm. Hər halda tərəflər - həm Azərbaycan, həm də Ermənistan başa düşür ki, Tramp dönəmində Bayden dönəmindəkindən tamamilə fərqli bir siyasət həyata keçiriləcək. Ona görə də çalışacaqlar ki, ABŞ-nin də müəyyən istəklərini həyata keçirsinlər...

- Ermənistanın Azərbaycanla sərhəddə ciddi möhkəmləndirmə işləri görməsi haqda məlumatlar nə dərəcədə gerçəkdir? Ümumiyyətlə, 2020-ci ildə Qarabağda məğlub etdiyimiz erməni ordusunun real durumu haqda nə deyə bilərsiniz?

- Mən hələ də o fikirdə qalıram ki, növbəti 5 il ərzində də Ermənistan ordusu heç 2020-ci ildəki 44 günlük savaşdan öncəki durumda da bərpa edilmək gücündə olmayacaq. Erməni ordusu hazırda çox böyük çətinliklərlə baş-başadır.  Düzdür, Ermənistan öz ordusunu bərpa etmək üçün Fransadan, Birləşmiş Ştatlardan, Hindistandan, Yunanıstandan, Cənubi Koreyadan müəyyən miqdarda silah və texnika alır. Mütəmadi aralarında ziddiyyətlər yaranan Rusiyadan da müəyyən dəstək  almağa çalışır. Bununla belə, Ermənistan ordusunun real durumu istədikləri səviyyədə deyil...

Bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asriyan da  bildirdi ki, onların qarşısında duran əsas vəzifə sülh üçün hazırlaşmaq, delimitasiya və demarkasiya işlərini həyata keçirməkdir... Ermənistan ordusunun yaxın illərdə  hələ çox vəzifələri yerinə yetirməsi lazım olacaq. Onlar yetərincə təlimlər keçməlidir, müəyyən texniki təchizat və silahlandırma işlərini həyata keçirməlidirlər ki, normal bir vəziyyətə gəlsinlər. Bu gün Ermənistan ordusunun real durumu deyilənlərdən çox uzaqdır. Ona, hətta ən böyük orduya və maliyyə gücünə malik ABŞ tərəfindən, Fransa, Hindistan və s. tərəfindən dəstək verilsə də, düşünmürəm ki, Ermənistan bir daha ağılsızlıq edib Azərbaycana qarşı hansısa addımlar atsın...

- Bəzi şərhçilər Ermənistanın hətta Amerikanın, Fransanın, Hindistanın dəstəyi ilə Azərbaycana hücuma hazırlaşması haqda iddialar irəli sürür. Sizcə, bu nə dərəcədə gerçəkliyə uyğundur?

- Ermənistanın Azərbaycana hücuma hazırlaşması fikrini mən də bölüşürəm. Eyni zamanda yaxın illər üçün bunu qeyri-real sayıram.  Belə iddialar hər zaman olub və bu gün də o iddialar səslənməkdədir...

Bəzi maraqlı dairələr bir ajiotaj yaradırlar ki, Ermənistan Amerika, Fransa, Hindistan, Yunanıstandan və s. ona  görə silah almağa məcburdur ki, Azərbaycan onun ərazisinə hücuma hazırlaşır. Yəni  bununla Ermənistanın silahlanmasına haqq qazandırırlar.  Bunlar hamısı daxili auditoruyaya hesablanmış bir blefdir...

- Zəngəzur dəhlizinin hərbi yolla açılmasını nə dərəcədə mümkün hesab edirsiniz? Buna Avropa və ABŞ-nin necə reaksiya verəcəyi gözlənilir?

- Zəngəzur dəhlizinin açılması daha çox Ermənistandan asılı olan bir məsələdir. Azərbaycan bu məsələdə hər hansı bir problem görmür. Əsas məqam Ermənistanın Rusiya ilə Zəngəzur yoluna nəzarət məsələsini həll edib sona çatdırmamasındadır. Bütün bunlarla belə, Zəngəzur dəhlizi açılmalıdır və mütləq açılacaq.  Ermənistan 10 noyabr 2020-ci il tarixli sazişə əsasən üzərinə həmin dəhlizin açılması öhdəliyini götürüb.  Zəngəzur dəhlizi hərbi yolla yox, müəyyən siyasi-diplomatik, danışıqlar yoluyla açılmalıdır. Yəqin ki, Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq. Nəticədə bizim Naxçıvan Muxtar Respublikasının sakinləri də nəhayət, maneəsiz şəkildə Azərbaycanın bir hissəsindən o biri hissəsinə gedib-gələ biləcəklər. Məcburiyyət qarşısında qalsaq, biz digər vasitələrdən də istifadə etməli olacağıq. Hesab edirəm, bu, Ermənistan üçün heç də yaxşı variant deyil...

- Təhlilləriniz nə göstərir, 2025-ci ili Rusiyanın Ukraynaya qarşı savaşında məğlub ediləcəyi il hesab etmək olarmı?

- Mən zatən 2022-ci il fevralın 24-dən sonra, yəni Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən demişəm ki, Rusiya o müharibəni siyasi, iqtisadi və hərbi cəhətdən uduzub. İndi deyirlər ki, Rusiya Ukrayna ərazisinin 20 faizini ələ keçirib. Düzdür, amma hələ bu, qələbə demək deyil. Artıq fevral ayında müharibənin 3 ili tamam olacaq. Putin hələ də nəzərdə tutduğu heç bir hədəfə çatmayıb. Biz də 27-28 il ərzində Qarabağı itirmişdik və rus-erməni  birləşmələri torpaqlarımız üzərində hegemonluğu həyata keçirirdi. Nəhayət, 2020-2023-cü illərdə Azərbaycan işğal edilmiş əraziləri üzərində suverenliyini bərpa etdi. İndi bu gün hələlik Qazaxın 3  kəndi və Naxçıvanın Kərki kəndi işğal altındadır. Ermənistan da söz verib ki, bu məsələ ən geci aprel ayında öz həllini tapacaq... Ukrayna savaşında da Rusiya da bir təcavüzkar ölkə kimi gec-tez qəti şəkildə yerində oturulmalıdır. Hesab edirəm,  2025-ci ildə Rusiya-Ukrayna müharibəsi hansısa şəkildə müvəqqəti də olsa, durdurulacaq...

Elə Tramp administrasiyasının qarşısında duran vəzifələrdən biri də Ukraynada müharibənin dayandırılmasıdır. Bəziləri fikirləşirdi ki, yanvarın 20-dən ABŞ Ukraynanı tək buraxacaq. Düzdür, Ağ evdə 90 gün ərzində xarici yardımların dayandırılması haqda sənəd imzalanıb və müəyyən yoxlama və araşdırmalar aparılanadək Ukraynaya da bir çox yardımlar dayandırılacaq. Bu o demək deyil ki, Ramştayn formatı çərçivəsində digər Qərb ölkələrinin də Ukraynaya yardımı dayandırılacaq.  Qərbdən Ukraynaya yenə də dəstək var və o yenə də davam etdiriləcək...

- Ukraynanın məşhur jurnalisti Dmitri Qordon deyir ki, 2025-ci il mayın 9-dək Trampla Putin arasında danışıqlar nəticəsində Ukraynada hərbi əməliyyatların dayandırılması mümkündür. Siz necə hesab edirsiniz?

- Artıq hiss olunur ki, Rusiya da danışıqların tezliklə baş tutacağını hiss edir, ona görə də bəzi məsələlərdə tələsir. Son qarşılıqlı bəyanatlar da onu göstərir ki, bu məsələ yaxın vaxtlarda tərəflər arasında münaqişənin durdurulmasıyla nəticələnəcək.  Ukrayna da bununla bağlı prezident səviyyəsində bəzi bəyanatlar səsləndirib.  Putinlə heç bir halda danışıqlara getməmək haqqında qərar imzalayan Zelenski, yəqin ki, o sənədi yaxın günlərdə geri oxuyacaq. Ukrayna da müharibənin müəyyən danışıqlar çərçivəsində dayandırılmasını istəyir. Mən də hesab edirəm ki, 2025-ci ildə müharibə bütövlükdə bitməyəcək, ancaq hərbi əməliyyatlar müvəqqəti də olsa, danışıqlar aparılması üçün dayandırılacaq. Bu istiqamətdə müəyyən diplomatik fəaliyyət həyata keçirilir və danışıqların keçiriləcəyi məkan müəyyənləşdirilir...