Cənubi Qafqaz beynəlxalq müstəvidə cərəyan edən qlobal geosiyasi gərginlik fonunda özünün təhlükəsizlik riskini qoruyur. Burada əsas faktor Ermənistanın qlobal havadarlarının təhriki ilə sülhdən yayınması, Avropa və Qərbin regiona müdaxilə ilə işğalçı dövlətə havadarlıq etməsi, bölgədə gərginlik yaratma cəhdləri ilə diqqət çəkir. Türk Birliyinə qarşı yönələn təsirlər fonunda baş verənlər vəziyyətin heç də sadə olmadığını ifadə edir. Müsahibimiz deputat Azər Badamovdur.
- Bu gün Cənubi Qafqaz regionu Azərbaycanın sülh prosesinə doğru təklif və addımları, təşəbbüsləri fonunda necə müşahidə olunur? Ermənistanın Avropadan gələn təsirlər ilə sülh sazişini əngəlləyən davranışlarına baxsaq, Azərbaycan hansı güclərlə üz-üzə qalmağa məcburdur?
- Cənubi Qafqaz regionunun bu gün heç vaxt olmadığı qədər sülhə və əməkdaşlığa yaxın olduğunu görürük. Biz 44 günlük Vətən müharibəsi və 24 saatdan az bir müddətdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə ərazilərimizdə ədaləti bərpa etdik. Uzun illər idi ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən münaqişəli vəziyyət davam edirdi. Beynəlxalq platformalarda da həmişə münaqişənin sülh yolu ilə həll olunmasına çağırışlar olurdu. Amma dinc yolla münaqişə öz həllini tapmadı və yenidən müharibəni labüd etdi. Bu gün uzun illər Cənubi Qafqazın ən gərgin nöqtəsi olmuş ərazilərimizdə suverenliyimiz bərpa olunub. Uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar aparılır. Təbii ki, bu proseslər bizi sülhə daha da yaxınlaşdırır. Amma təəssüf ki, regionda sülhün yaranmasını əngəllənməyə çalışan və Ermənistanı silahlandıran Fransa və onun ətrafında olan qüvvələr var. Həmin qüvvələr bu gün regiona davamlı sülhün gəlməsinə əsas maneədirlər. Bununla yanaşı, qalib ölkə olaraq Azərbaycanın əsas məqsədi Cənubi Qafqazı sülh və əməkdaşlıq regionu kimi görməkdir. Ona görə də uzun illər xalqımıza və ölkəmizə qarşı cinayətlər törədilməsinə baxmayaraq, Ermənistana düşmənçilik səhifəsini çevirməyi və münasibətlərə yenidən başlamağı təklif etdik. Məhz bu gün müzakirə olunan sülh müqaviləsinin mətnini də Azərbaycan hazırlamışdır. Təbii ki, bu bizim sülhlə bağlı mövqeyimizi ifadə edir. Amma təəəssüf ki, Ermənistandan sülhə razılıq bildirsə də, sürətlə silahlanmanı, şərti sərhəddə təxribatlara əl atılmasını və razılaşdırılan bəndlərin icrası ilə bağlı hərəkətliliyi görmürük.
- Ermənistanın sərhəddə hərbi təxribatları nəyə hesablanıb?
- Sərhəddə baş verən təxribatlar və Ermənistanın sürətlə silahlanması heç də onların sülh niyyətində olduğunu göstərmir. Əgər Ermənistan həqiqətən sülh istəyirsə ilk növbədə təxribatlar və silahlanmadan uzaqlaşmalı və konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Təbii ki, bu proses baş verərsə iki ölkə arasında sülhlə bağlı bir sənəd yaxın dövrdə imzalana bilər.
- Ermənistanın hərbi hazırlığı, Avropa missiyasının “binokl siyasəti” regionda növbəti müharibə riskini nə qədər çoxaldır?
- Avropa kəşfiyyatçılarının şərti sərhəddə müşahidələr aparması və məlumatların toplanması sülh prosesinə zərbə vurur. Sual olunur ki, bu kəşfiyyatçıların sərhədimizdə marağı nədir. Təbii ki, məqsədləri Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına maneə olmaqdır. Qərb 30 ildə bu maneəni yaradaraq münaqişənin dinc yolla həll olunmasına imkan vermədi. İndi yenə də özlərinin çirkin niyyətlərini davam etdirərək kəşfiyyatçıları sərhədimizdə saxlamaqda davam etdirir. Ermənistan reallığı düzgün dəyərləndirməli və sülhə nail olunması üçün bütün əngəllərin aradan qaldırılması istiqamətində hərəkətə keçməlidir.
- Bu gün Azərbaycan-Çin strateji əməkdaşlığı hansı perspektivlərdən xəbər verir?
- Azərbaycanla Çin arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlığın inkişafına dair sənəd ikitərəfli münasibətlərin hərtərəfli inkişafı üçün geniş hüquqi baza yaratmışdır. O cümlədən, Azərbaycan Çinin təklif etdiyi “Bir kəmər bir yol” layihəsinə qoşularaq Orta Dəhliz layihəsinin əsas aktorudur. Bu, Çinin Avropa ilə ticari daşımaların həyata keçirilməsində rolunu daha da artırır.
Həm də bu gün ABŞ-ın tətbiq etdiyi rüsum siyasəti ABŞ-Çin münasibətlərində bir gərginlik yaratmışdır. Bununla yanaşı, ABŞ Çinlə əməkdaşlıq edən 70 ölkəyə təzyiq göstərməyə çalışır. Bu ölkələrin arasında ölkəmizin olub-olmaması sonra bəlli olacaq. Amma ABŞ-ın Azərbaycana olan münasibətində ölkəmizə qarşı Çinlə bağlı hər hansı bir təzyiq dairəsinə düşə biləcəyini hesab etmirəm. Çünki, Azərbaycan balanslaşdırmış siyasət yürüdür və bu da bütün qlobal aktorlarla münasibətlərin qorunub saxlanılmasına imkan verir.
- Qazaxıstan, Özbəkistan və Türkmənistanını yunan Kiprinə səfir təyin etməsi Azərbaycan cəmiyyətində də müzakirələrə yol açdı. müəyyən mənbələrdə bu addım türk dünyasının birləşməsinə, güclənməsinə gedən yolda növbəti əngəl hesab edildi. Bu vəziyyəti necə dəyərləndirirsiz?
-Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində səfir təyin etməsi xoşagəlməz hal oldu. Biz çalışırıq və istəyirik ki, Türk dünyasında fikir ayrılıqları olmasın və münasibətlərimizə kənar qüvvələr təsir etməsin. Amma təəssüf ki, həmişə istədiyimiz kimi olmur. Buna baxmayaraq, Azərbaycan Şimali Kiprin yanında olduğunu hər zaman ifadə edir. Dövlət başçımızın Şimali Kiprlə bağlı səsləndirdiyi fikirlər, nümayəndə heyətlərimizin mütəmadi qarşılıqlı səfərləri və Şimali Kiprin prezidentinin Şuşaya, TDT-nin qeyri-rəsmi sammitinə dəvət olunması Azərbaycanın Türk dünyasında bir monolit birliyin yaradılması istiqamətində göstərdiyi səylərin göstəricisidir. Təbii ki, Azərbaycan və Türkiyə Türk dünyasının daha da möhkəmlənməsi, kənar qüvvələrin dostluq və həmrəyliyimizə xələl gətirmə cəhdlərinin qarşısını alınması istiqamətində fəaliyyətləri davamlı olacaqdır.