Türkiyə Rusiyadan təbii qaz alışını azaltmağa davam edir. Rusiya prezidenti Vladimir Putin Soçidə bir araya gəldiyi prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə ölkəsinin 2023-cü ilin ilk səkkiz ayında “Türk axını” və “Mavi axın”dan Türkiyəyə 10 milyard kubmetrdən çox təbii qaz nəql etdiyini açıqlayıb. Ötən ilin müvafiq dövründə isə bu məbləğ 21,5 kubmetr olub. Beləliklə, Türkiyənin Rusiyadan təbii qaz alışı 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
hafta.az-ın yazdığına görə, ekspertlər 2023-cü ildə bu həcmin 15 milyard kubmetrə qədər azala biləcəyini və yeni antirekordun qırıla biləcəyini proqnozlaşdırırlar.
Rusiyanın Türkiyəyə təbii qaz nəqli 2023-cü ilin yanvar-avqust dövründə 39 faiz azalıb. Ötən ilin eyni dövründə Türkiyə Rusiyadan 16,3 milyard kubmetr təbii qaz alıb.
Bildirilir ki, Türkiyənin Rusiyadan təbii qaz alışının azalmasının əsas səbəbi qiymət artımı və buna görə də alternativ mənbələrə üz tutmasıdır. Təbii qaz idxalının TL-nin dəyərdən düşməsi, eləcə də təbii qaza tələbatın ümumi azalması və mayeləşdirilmiş təbii qaza keçidlə əlaqədar çətinləşdiyi vurğulanır.