Türkiyənin ÜDM-i tarixdə ilk dəfə 1 trilyon dolları keçdi

10:17 01.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zəlzələ fəlakəti və qlobal tənəzzül narahatlıqlarına baxmayaraq, Türkiyə fasiləsiz olaraq böyüməyə davam etdi və ilk dəfə olaraq milli gəlirdə 1 trilyon dollarlıq həddi keçdi.

Hafta.az-ın yazdığına görə, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatda deyilir ki, Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə yüzdə 3,8 artıb. Belə ki, iqtisadiyyat “Covid-19” epidemiyası tədbirlərinin həyata keçirildiyi 2020-ci ilin ikinci rübündən sonra ardıcıl şəkildə 12 rüb artıb. Fasiləsiz böyümənin təsiri ilə ümumi daxili məhsul ikinci rübün sonunda tarixdə ilk dəfə 1 trilyon dolları keçib. Milli gəlir dollar ifadəsində 1 trilyon 22 milyard dollara, TL ifadəsində isə 19,2 trilyon lirəyə çatıb. Adambaşına düşən gəlir isə 11985 dollarla 2014-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

İlin ikinci rübündə qeydə alınan 3,8 faizlik artımla Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ikinci, G20 ölkələri arasında isə üçüncü ölkə olmağı bacarıb. OECD ölkələri arasında Kosta Rika bu ilin aprel-iyun dövründə əvvəlki ilin eyni rübü ilə müqayisədə 5,1 faiz artımla birinci yeri tutub.

İkinci rübdə OECD ölkələrinin iqtisadiyyatlarının orta artımı 1,5 faiz səviyyəsində təxmin edilib. İkinci rüb üçün artım məlumatları açıqlanan G20 ölkələri arasında ən yüksək artım sürətinə sahib ölkə yüzdə 6,3 ilə Çin olaraq qeyd edilib. Bu ölkəni 4,9 faizlə İndoneziya, 3,8 faizlə Türkiyə və 3,5 faizlə Meksika izləyib. AB ölkələrinin artım sürətinə baxıldığında birinci yerdə İrlandiya, ikinci yerdə Türkiyə, üçüncü yerdə Portuqaliya gəlir.