Ukrayna silahlanır - Rusiya yeni səfərbərliyə hazırlaşır - TƏHLİL

10:23 19.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynanın işğalına hesablanan müharibəyə başlamasının bir ilinin tamamlanmasına sayılı günlər qalıb. Arxada qalan müddət bir çox ziddiyyətli gedişlər, bəyanatlar, qələbələr və məğlubiyyətlərlə xarakterizə edilir. Öncə Kiyevi 3 günə ələ keçirəcəyini düşünən Rusiya Ordusu qarşısında sürətlə geri çəkilməyə məcbur olan Ukrayna Ordusu zaman keçdikcə təşəbbüsü ələ aldı. Bir neçə uğurlu əməliyyatlarla Xarkov, Xerson və şimal istiqamətində ruslara ağır zərbələr vurdu.

Bunun müqabilində isə ruslar Donbas və ələ keçirdikləri ərazilərdə saxta referendumlarla bu torpaqları ilhaq etdiyini açıqladı. Üçyüzminlik səfərbərlik həyata keçirdi. Qış mövsümündə hərbi əməliyyatlar səngisə də, Donetskdə ağır döyüşlər tam sürətlə davam edir. Həmçinin Rusiya Ukraynanın infrastukturunu tamamilə sıradan çıxarmaq üçün ardıcıl raket hücumları həyata keçirir.

İndi yaranmış nisbi durğunluqdan  tərəflər öz hərbi potensiallarını artırmaq üçün çalışırlar. Ukraynaya hazırda ABŞ və Britaniya başda olmaqla, ən müasir silahların verilməsinə başlanılıb. Petriot sistemləri, NATO tankları, uzaqmənzilli artilleriya sistemləri, dronlara qarşı mübarizə vasitələri və s. Bunlar Qərbin Ukraynaya hərbi yardımının sadəcə çox kiçik bir hissəsidir.

Hazırda bütün dünya müharibənin bir ilinin tamalanmasına az müddətin qaldığı bir vaxtda Rusiyanın hərbi potensialını dirçəltmək üçün hansı addımları atacağını diqqətlə izləyir. Halbuki, tətbiq edilən ağır sanksiyalar fonunda Rusiyanın hərbi istehsal maşını tam gücü ilə işləyə bilmir və xeyli çətinliklrlə üzləşir. Bunu cəbhədəki rus hərbi birləşmələrinin təchizatında yaşanan problemlərdə də açıq görmək mümkündür.

Lakin Moskva öz iddialarını təmin etməkdə israrlı görünür. Bu məqsədlə ordusunun sayını daha da artırmağı planlaşdırır. Bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun hərbi potensialının artması ilə əlaqədar Rusiyanın şimal-qərbində qoşunlar qrupunun yaradıldığını açıqlayıb. Bundan əlavə, 2026-cı ilə qədər Rusiya silahlı qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılacaq. Ordunun genişmiqyaslı islahatları Finlandiya və İsveçin NATO-ya qoşulması ilə əlaqədar Şimali Atlantika Alyansının qarşıdan gələn genişlənməsinə cavabdır.

Rusiya Prezidenti Vladimir Putin dekabrda Şoyqunun təklif etdiyi silahlı qüvvələrin sayını cari hədəf səviyyəsindən (1,15 milyon nəfər) artırmaq planını təsdiqləyib, lakin Kreml irimiqyaslı hərbi əməliyyatların tamamlanmasının dəqiq vaxtını açıqlamayıb. Şoyqu qeyd edib ki, “genişlənmə silahlı qüvvələrin bütün qollarına təsir edəcək və onları təchiz etmək üçün yeni növ silahların tədarükü ilə uyğun olacaq”.

 Şoyqu nazirliyin “Teleqram” kanalında bildirib ki, Rusiya “üç motoatıcı diviziyası və iki hava hücumu diviziyası yaratmalı və bir sıra briqadaları birləşdirməli olacaq”. O, həmçinin ordu sıralarının artırılması çərçivəsində “müqavilə əsasında qoşunların cəlb edilməsinə xüsusi diqqət yetirməyə” çağırıb.

Bu gedişlər müharibənin taleyinə necə təsir göstərəcək? Ukraynanın rus hərbi ekspansiyasının genişlənməsinin qarşısını almağa gücü çatacaqmı? Hazırda hər kəsi bu suallar düşündürür. Öncə rus ekspertlərin mövcud durumu necə dəyərləndirdiyinə nəzər salaq.

Rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranetsin qənaətincə,  müharibə başlayandan Kiyevin malik olduğu sovet silahlarının 80-85 faizi döyüş əməliyyatları zamanı məhv edilib və ya yararsız hala düşüb. Ekspert qeyd edib ki, Ukrayna ordusu “pis vəziyyətdədir”, lakin hələ də sovet tankları, artilleriya və hava hücumundan müdafiə sistemlərinə malikdir:

"Hər halda, indiki vəziyyətdə Qərb Ukraynaya “onlarca, yüzlərlə” ağır və digər silahlar göndərir".

Bu tədarükün məqsədinə toxunan rusiyalı hərbi ekspert bildirib:

“Kiyev hücuma hazırlaşır. “Ukrayna ordusu öz döyüş qabiliyyətini ciddi şəkildə artırır və bu, Qərbin hesabına baş verir. Kiyev hücuma keçməyə hazırlaşır, ilk növbədə, Qərb silahlarının köməyi ilə. Bunu nəzərə almalıyıq”.

Bununla belə, analitik vurğulayıb ki, yüzlərlə Qərb zirehli texnikasını “həzm etmək” üçün silahlı qüvvələrə ciddi hazırlıq dövrü lazımdır. Bu arada o əmindir ki, hava hücumundan müdafiə sistemi həqiqətən də kritik mərhələdədir: "Və burada rus ordusu üçün həqiqət anı gəlir. Kiyev artıq yazda, qar yox olanda, yer quruyanda hücum planlaşdırdığını gizlətmir. Və bu, Rusiya ordusu üçün əsas məqamdır. Rusiya üçün növbəti səfərbərlik dalğasını keçirəndə Ukrayna ordusunun döyüşə, hücuma tam hazır olmasını, bütün sursatları, ərzaqları alana qədər gözləməsi cinayət olardı”, – polkovnik bildirib.

Baranetsin fikrincə, Ukrayna silahlı qüvvələrinə resursları bərpa etməyə və yeni hücuma hazırlaşmağa imkan verilməməlidir. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün Rusiya ordusu Soledarın ələ keçirilməsindən sonra ələ keçirilən strateji təşəbbüsdən istifadə edərək “daha da irəliləmək” lazımdır. Biz yeni texnika, silahlar, raketlər, toplar, tanklar, döyüş sursatları alırıq, düşmənə nəfəs verməmək üçün hər şeyimiz var. İrəli!” – deyə Baranets yekunlaşdırıb.

İş ondadır ki, müharibənin hələ də sonu görünmür. Qərb müharibənin Rusiya məğlub olana qədər davam edəcəyini açıq şəkildə bəyan edir.

Amerikalı politoloq və hərbi ekspert Skott Horton bildirib ki, “ABŞ-ın hiyləgər planı” Rusiyanı Ukraynadakı münaqişəyə sürükləmək və onu müstəqil oyunçu olmaqdan çıxacaq dərəcədə zəiflətməkdir. Hortonun sözlərinə görə, ABŞ və NATO danışıqlarda maraqlı deyil - onlara Şərqi Avropada münaqişənin mümkün qədər uzun müddət davam etməsi lazımdır:

"Biz danışıqlar istəmirik, biz bu müharibəni sürükləməklə Rusiyanı zəiflətmək istəyirik".

Eyni zamanda, Horton ABŞ-ın addımlarını Əfqanıstandakı müharibə və Soyuq Müharibə dövründə kiçik münaqişələr qalaktikası ilə müqayisə edib:

"SSRİ bir neçə cəbhədə həddindən artıq gərginləşməyə və döyüşməyə məcbur oldu, bu da sonda qüvvələrini tükəndirdi və dağılmasına səbəb oldu. Əvvəlcə Ukraynadakı üsyançıların dəstəklənməsi planlaşdırılırdı, lakin Ukrayna Silahlı Qüvvələri döyüşlərdə özünü çox yaxşı göstərdi və amerikalılar onların birbaşa dəstəyinə keçdi".

Ukraynalı hərbi ekspert Sergey Qrabski isə Rusiya Federasiyasında faktiki olaraq neçə nəfərin hərbi xidmətə çağırıla biləcəyini hesablayıb. O əmindir ki, Rusiya 20 milyon insanı səfərbər etmək iqtidarında deyil.

“Bütövlükdə Rusiya Federasiyasının insan potensialına nəzər salsaq, deyə bilərik ki, onlar ən azı iki milyon insanı cəlb edə bilər və bu, necə deyərlər, 20 milyona qədər dərslik göstəricilərinə baxmayaraq, obyektiv rəqəm olacaqdır. Əlbəttə ki, 20 milyon – bu, qeyri-realdır", – deyə o bildirib.

Qrabski, həmçinin Rusiyanın səfərbərlik imkanlarını çox da böyütməməyə çağırıb:

“Mən həmişə bu misalı gətirirəm: qismən səfərbərlik və ümumilikdə Rusiyada son bir ildə baş verənlər nəticəsində onlar faktiki olaraq bir milyona qədər, hətta daha çox işçi itirdilər, çünki bu işçilər orduya və hərbi xidmətə çağırılmışdılar. Düşünən beyinlər Rusiyadan qaçdı və bu artıq Rusiya iqtisadiyyatı üçün əvəzedilməz itkidir”, – ekspert vurğulayıb.

Qrabski əlavə edib ki, səfərbər edilmiş bölmələr üçün yeni texnika və silahlarla təmin etmək, istehsal etmək, daşımaq və təmir etmək lazımdır. O vurğulayıb ki, Rusiya bu məsələlərdə yalnız özünə arxalana bilər və onun resursları məhduddur.

Britaniyanın “The Timkkkkes” qəzeti Qərb kəşfiyyat məlumatlarına istinadən yazıb ki, Rusiya Federasiyası cəbhəyə 500 minə qədər adam göndərmək üçün yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır. Yaxın bir neçə həftə ərzində qərar verilə bilər.

Sentyabrda Rusiyada qismən səfərbərlik elan edildikdən az sonra müharibəyə dəstək səviyyəsi 34%-ə düşüb. Ancaq tezliklə əhəmiyyətli dərəcədə artıb. Keçmiş Kreml rəsmisi WSJ müxbirlərinə deyib ki, Kremlin müharibə ilə bağlı daxili sorğusu rusların növbəti, daha bir səfərbərliyə dözəcəklərini göstərir.

Rusiyalı politoloq Sergey Markovun da fikirləri maraqlıdır:

“Qərb elitası 2022-ci il hadisələri zamanı özünü zəif göstərdiyi üçün Rusiyanı bitirmək qərarına gəlib. Bundan əvvəl Rusiya 2014-15-ci illərdə Ukraynaya qoşun yeritmədiyi üçün özünü zəif göstərmişdi, bunu etməyə borclu idi. Üstəlik, o, Ukraynada ictimai rəy uğrunda heç bir mübarizə aparmadı, nəticədə orada zombi ordusu formalaşdı. Döyüşlər zamanı Rusiya özünü dünyanın ikinci ordusu kimi göstərmədi, səfərbərlikdə çox gecikdi, Ukraynanın infrastrukturunu vurmaq üçün geri çəkildi. Rusiyanın zəifliyini görən Qərb Ukraynanı kifayət qədər resurslarla təmin edir və rus xalqının əli ilə - ukraynalıların rus xalqı olduğuna heç kim şübhə etmir - Rusiyanı öldürmək istəyir. Rusiyanı məhv etmək üçün bu qərar qəbul edilib və həyata keçirilir”.

Müharibənin sonlandırılması ilə bağlı qalmaqallı açıqlamaları ilə yadda qalan ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin də fikirləri ciddi müzakirələrə səbəb olub. O deyib ki, Ukraynanın NATO-ya üzvlüyü sülh bərqərar olduqdan sonra “uyğun olacaq”.

Davosda Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı o, Rusiyanın işğalından əvvəl Ukraynanın NATO-ya daxil olmasına qarşı olsa da, indi bunu “arzu olunan nəticə” hesab etdiyini bildirib. Onun sözlərinə görə, əvvəllər Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasının Rusiya ilə müharibəyə səbəb olacağından qorxurdu.

"İndi proses bu səviyyəyə çatdığından, bu şəraitdə neytral Ukrayna ideyası artıq mənasızdır. Və təsvir etdiyim prosesin sonunda NATO tərəfindən istənilən formada zəmanət verilməlidir. İnanıram ki, Ukraynanın NATO-ya üzvlüyü münasib nəticə olardı”, - deyə keçmiş dövlət katibi bildirib.

Görünən odur ki, 2023-cü ildə də həm Rusiyada, həm də Ukraynada minlərlə insanın ölümünə səbəb olacaq müharibə tam gücü ilə davam edəcək. Proseslər qarşıdakı döyüşlərin daha ağır və çətin keçəcəyinə dəlalət edir. Çünki hər iki tərəfdən hərbi əməliyyatlara cəlb olunan insan resursları sürətlə artır. Bunun fonunda cəbhə xəttinə çox böyük dağıdıcı gücə malik yeni müasir silahlar göndərilir. Bir həqiqət dəyişməz olaraq qalır. Müasir üharibələrdə əsas amil ordudakı əsgər sayı yox, tətbiq edilən silahların keyfiyyətidir. Bu məsələdə Rusiya açıq şəkildə Ukraynaya, daha doğrusu Qərbə uduzmaqdadır. Səbəb isə məlumdur. Qərb birillik müharibə dövründə Rusiyanın hərbi potensialını xeyli dərəcədə zəiflətməyi və boşaltmağı bacarıb. Belə demək mümkündürsə, Ukrayna "məğlubedilməz" rus ordusunun ilk zərbə dalğasına görünməmiş şəkildə tab gətirdi və onun irəliləyişini minimuma endirdi. İndi hədəf zəifləmiş hücum ordusuna ağır zərbələr vuraraq onu əvvəlki mövqeyinə geri oturtmaq və ədalətli sülh danışıqlarının qapısını aralamaqdır. Təbii ki, bu məsələdə Qərbin Ukraynanı qarşıdan gələn müddətdə hansı səviyyədə dəstəkləcəyi də önəmlidir. Ağır sanksiyalar altında gözlədiyi nəticəyə hələ də nail ola bilməyən, müharibədən minimum siyasi və hərbi itkilərlə çıxmağı planlaşdıran Rusiyanın 2023-cü ilin yazına qədər Ukraynanı məğlub etmək planları isə gözlənilən qanlı toqquşmaların  ilk "xəbərçi"sidir.

Siyasət rubrikasından digər xəbərlər