Xarici ticarətdə müsbət saldo azalıb - ARAŞDIRMA

15:54 21.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 faiz çoxdur. 8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2 faiz azalıb, idxal isə 25,7 faiz artıb. Son nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24 faiz azdır.

Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatı 30 milyard 333 milyon ABŞ dolları dəyərində olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 faiz çoxdur. 7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,9 faiz azalıb, idxal isə 27,5 faiz artıb. Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6 faiz azdır.

Bəs, görəsən, xarici ticarətdəki müsbət saldonun azalmasına səbəb nədir? Xarici ticarətdəki müsbət saldo nə dərəcədə möhkəmdir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyəti göstərir: “İqtisadiyyatın real durumunu göstərən əsas indikatorlardan biri xarici ticarət dövriyyəsi – idxal və ixrac əməliyyatlarıdır. Tədiyyə balansını da əsasən məhz bu göstərici müəyyən edir. Və ümumiyyətlə, hər bir ölkə iqtisadiyyatında hər şey həmin ölkənin məhz nəyi alıb, nələri satması ilə və nə qədər alıb, nə qədər satması ilə ölçülür. Çox şeyi məhz bu müəyyən edir və real iqtisadi gücü də məhz bu amil təzahür etdirir. Məsələn, 3 il qabaq pandemiya şəraiti dünya ölkələrini ilk növbədə ona görə gücdən saldı ki, ticarət zəiflədi, ölkələrarası alış-veriş əlaqələri dayandırıldı və bütün bunların nəticəsində də istehsal azaldı. Xarici ticarətdə müsbət saldo ölkədə makroiqtisadi dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Hansı ki, bunun əsasında maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi, istehsalın artım tempi və s. kimi məsələlər durur. Ümumiyyətlə, qazandığından nə qədər az xərcləsən bir o qədər çox iqtisadi güc və maliyyə dayanıqlığı əldə edə bilirsən. Yetər ki, buna şərait olsun. Ancaq burada bir məqam var. O da bundan ibarətdir ki, biz, enerjidaşıyıcıları ölkəsiyik və müsbət saldo buna görədir. İdxal və ixrac əməliyyatlarımızın strukturuna diqqət yetirdikdə dövlət gəlirlərimizin əsas hissəsini neft və qaz sektorundan əldə olunan gəlirlər təşkil etdiyini görürük. Belə ki, gəlirlərimizin 90 faizdən çox hissəsini məhz bu sektordan ixrac məhsulları təşkil edir. Neft-qaz sektoruna daxil olmayan mallara gəldikdə isə, bir sıra meyvə-tərəvəz məhsullarını, bitki və heyvan mənşəli piyləri və yağları, şəkər, tərəvəz və meyvələr üzrə emal məhsullarını, alkoqollu, alkoqolsuz içkilər ilə sirkəni, sement, elektrik enerjisi, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar ilə pambıq lifi və ipliyi, qara metallar və onlardan hazırlanan məmulatları, alüminium və ondan hazırlanan məmulatları, həmçinin digər bu kimi məhsul və malları qeyd etmək olar. İdxala gəldikdə isə, onun strukturunda yeyinti məhsulları 16 faizdən çox yer tutur. Söhbət ət, süd, qaymaq, kərə yağı və süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü, bitki-heyvan mənşəli piylər və yağlar kimi məhsullardan gedir. Halbuki bunları özümüz də istehsal edə bilərik. Çünki bunun üçün ölkədə kifayət qədər potensial mövcuddur. Biz bir vaxtlar ət və ət məhsullarına olan tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəyirdik. Amma bu gün vəziyyət başqadır. Bu da onu göstərir ki, heyvandarlıq sahəsində çox ciddi problemlər mövcuddur”.

Ekspert vurğulayıb ki, bu gün əsas hədəf qeyri-neft sektorunun inkişafı olmalıdır: “Bəli, iqtisadiyyatımızda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçilib və bu istiqamətdə müvafiq nəticələr də əldə edilməkdədir. Ancaq tələb olunan budur ki, ixracda qeyri neft-qaz sektoruna aid məhsullar dominant rol təşkil etsin. Xarici ticarət əməliyyatlarımızda buna nail olsaq müsbət saldomuz da möhkəm və dayanıqlı əhəmiyyət kəsb edə bilər və edəcək. Buna isə hələ var. Ümumiyyətlə, ixrac sırf intensiv şərait sayəsində stimullaşaraq genişlənməlidir, ekstensiv şərait, yəni xarici konyunktur amillər hesabına yox. Dünya bazarlarında yaranan müvafiq konyunktur şərait hesabına yaranan üstünlük nisbi xarakter daşıyır və buna bel bağlamaq olmaz. 

Bu baxımdan, real olaraq hələ ki xarici ticarətimizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura sahibdir. Bu isə heç də qənaətbəxş vəziyyət deyil. Qeyri-neft sektorunun inkişafı sayəsində bunun əksini təmin etməliyik”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev də bu qənaətdədir ki, ixracda neft və neft məhsullarının payının azaldılması prioriotet istiqamət olsa da, buna lazımi səviyyədə nail olmaq hələlik mümkün deyil: “Xarici ticarətdə dayanıqlı müsbət saldo üçün daha ciddi işlərin görülməsinə ehtiyac var. Daha dəqiqi, ixrac potensialı sahələrinin inkişafı üçün kompleks tədbirlər gücləndirilməlidir. Biz idxaldan asılı ölkəyik. Əsas ixrac məhsulunuz isə neftdir. Onun da qiyməti sabit deyil, tez-tez dəyişir. Ona görə biz ixrac potensialımızı genişləndirməliyik. Məsələn, elə götürək kən təsəttüfatı məhsullarını. Axı, praktiki olaraq bizim bu istiqamətdə təlabatı ödəmək potensialımız çoxdur. Bu qədər məhsuldar torpaqlar varkən, nədən milyonlar kənd təsərüfatı məhsullarının idxalına xərclənsin? Bütün hallarda Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı birmənalı kənd təsərrüfatından başlanılmalıdır. İdxaldan asılılğın azalması, daxili təlabatın ödənilməsi, regionlarda məşgulluğun artırılması və s. kimi bütün məsələlər öz həllini məhz kənd təsərrüfatında ciddi irəliləyişlərin olmasında tapa bilər. Amma buna kağız üzərində deyil, yerlərdə praktik icrasına nail olmaq, həm də ən müasir innovativ yanaşmaların tətbiqi ilə nail olmaq lazımdır”.