Yay turizm mövsümü sona yaxınlaşdıqca xarici turistlərin Rusiyaya səfəri azalaraq gözləniləndən də xeyli aşağı düşüb.
Hafta.az-ın yazdığına görə, xarici turist axını 2020-ci ildə koronavirus pandemiyası başlayandan sonra kəskin şəkildə azalıb və hələ də bərpa olunmayıb. 2019-cu ildə - koronavirusdan əvvəl Rusiyaya ildə 5 milyon turist gəldiyi halda, 2023-cü ildə xarici turist axını nəzərəçarpacaq dərəcədə azalaraq 1,28 milyona düşüb.
Maliyyə sanksiyaları əcnəbilərin Rusiyada turlar almasına mane olan əsas problemlərdən biridir. Visa və MasterCard ödəniş sistemlərindən istifadə edə bilməmək mühüm amildir.
Hakimiyyət ölkəyə gələn xarici turistlərə MIR turist kartlarının verilməsinə başlamağı planlaşdırsa da, hələ ki, prosesə start verilməyib. Bundan əlavə, turistlərin gəlməməsinə bir səbəb də yerləşdirmə və otel haqlarının çox baha olmasıdır.
Rusiyada hökumət 55 ölkənin vətəndaşları üçün elektron viza sistemini işə salmaqla turizm problemini həll etmək istəyir. İyulda başlayan sistemdə çoxlu problemlər vardı. Bəzi ölkələrin vətəndaşlarının ölkəyə girişində problem yaranıb və ya ümumiyyətlə ölkəyə buraxılmayıb.
Elektron viza sistemində yaşanan problemlərin aradan qaldırılması və MIR kart sistemindən istifadənin genişləndirilməsi ilə yaxın aylarda Rusiyaya turist axınının artacağı gözlənilir.