Xarici valyuta ilə bağlı yeni qaydalar - MÜZAKİRƏ

16:55 17.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edib. Həmin dəyişikliklər 9 avqust 2023-cü il tarixində qüvvəyə minib. Dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq, 20 000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.

Xatırladaq ki, bu Qaydalar ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədilə 2016-cı ildə təsdiq edilib.

Qeyd edək ki, Mərkəzi Bankın xaricdə kartdan pulun nağdlaşdırılması ilə bağlı aylıq limit tətbiq etməsi sosial platformalarda müxtəlif cür şərh edilib. Bəziləri mövcud qaydaların yumuşaldıldığını, bəziləri isə sərtləşdirildiyini bəyan ediblər. Hətta qaydaların yumuşaldıldığı qənaətində olanlar gələcəkdə elektron ticarət və xarici ölkələrdən mal gətirmə ilə bağlı tətbiq olunan limitə də yenidən baxıla biləcəyi fikrindədirlər?

Bəs görəsən, məsələnin əsl mahiyyəti nədən ibarətdir? Mövcud qaydalar yumuşaldılıb, yoxsa sərtləşdirilib? Gələcəkdə elektron ticarət və xarici ölkələrdən mal gətirmə ilə bağlı tətbiq olunan limitə də yenidən baxıla bilərmi?

Məsələni qəzetimizə şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, əslində Mərkəzi Bankın yeni qərarından sonra mövcud qaydalar sərtləşdirilib: “Bundan əvvəl qaydalar belə idi ki, xaricə gedərkən nağd şəkildə 10 min dollar və kartında da istənilən məbləğdə vəsait aparmaq mümkün idi. Kartdakı həmin vəsaitdən də xaricdə istədiyin qədər nağdlaşdırmaq olurdu. İndi bu nağdlaşdırmaya limit qoyuldu. Yeni dəyişikliyə əsasən, fiziki şəxslər xaricdə ay ərzində kartdan 10 min dollaradək pulu nağdlaşdıra bilərlər. Əslində burada ajiotaja ehtiyac görmürəm. Çünki vətəndaşın xaricdə olarkən daha çox pulu nağdlaşdırmağa ehtiyacı yoxdur. Adətən xaricdə, xüsusən də inkişaf etmiş ölkələrdə kart ilə istənilən yerdə ödəniş etmək olur. Eyni zamanda, xarici səfər zamanı daha çox pul alış-verişə gedir. O da qeyd etdiyim kimi əksər ölkələrdə kartla istənilən yerdə ödəniş imkanı var. Yeni qaydalarda digər dəyişiklik xarici pul köçürmələri ilə bağlıdır. Azərbaycanda indiyədək vətəndaş heç bir əsas, səbəb göstərmədən 1 ay ərzində xaricə 10 min dollar köçürə bilərdi və gündəlik limit də 1000 dollar idi. Yəni gündəlik min dollardan çox pulu xaricə köçürmək mümkün deyildi. Məsələn, xaricə 5 min dollar köçürmək istəyən şəxs hər gün banka gedib min dollar köçürməli idi. İndi isə fiziki şəxsin xaricə pul köçürməsində gündəlik limit ləğv edilib, aylıq limit isə 10 min dollardan 20 min dollara qaldırılıb. Bu da vətəndaşların xərclərinin azalmasına səbəb olacaq, çünki hər dəfə xaricə pul köçürəndə komissiya haqqı ödənilir. İndi isə birdəfəlik 20 min dollar xaricə köçürmək mümkündür”.

Ekspert bildirib ki, bu limitlər əsaslandırılmamış köçürməyə görədir: “Yəni bu limitə qədər xaricə pul köçürəndə banka sənəd təqdim etməyə, məlumat verməyə ehtiyac yoxdur. Amma xaricdə yüz min dollarlıq mənzil alırsansa, bu zaman sənədləri banka təqdim etmək, əsaslandırmaq lazımdır. Yaxud xaricdə təhsil alan övladına ay ərzində 40 min dollar köçürmək istəyirsənsə, artıq bunu əsaslandırmaq, sənədləri banka təqdim etmək lazımdır. Başqa sözlə, ay ərzində 20 min dollardan çox vəsaiti xaricə köçürən şəxs, bunu mütləq müvafiq sənədlərlə əsaslandırmalıdır”.

Gələcəkdə elektron ticarət və xarici ölkələrdən mal gətirmə ilə bağlı tətbiq olunan limitə yenidən baxılması ehtimalına da toxunan mütəxəssis bunu mümkün sayır. Onun sözlərinə görə, dünya bazarında qiymətlərin artması fonunda limit məsələsinə yenidən baxıla bilər: “Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda istehsal olunmayan, yerli istehsalçılara heç bir rəqabət yaratmayan malların ölkəmizə rüsumsuz daxil olmasını təmin etmək lazımdır. Xüsusən də bu sadə vətəndaşların aldıqları bahalı olmayan mallara şamil edilməlidir. Əgər yerli istehsal varsa, rəqabət mövcuddursa tətbiq olunan limiti başa düşmək olar. Bu baxımdan limit məsələsinə yenidən baxmaq lazımdır”.