Yaşayış evinin önündəki zibil yeşikləri narazılıq yaratdı - FOTO - ŞİKAYƏT

13:17 04.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xətai rayonu “NZS” qəsəbəsində, Mingəçevir küçəsi, ev 20/40 ünvanında yaşayan  Zülfüqar Əhmədov  İcra Hakimiyyətinin fəaliyyətindən narazıdır. Belə ki, onun yaşadığı evin düz qarşısına zibil yeşikləri qoyulub. İndi vətəndaş hər səhər pəncərələrini məişət tullantılarının qoxusuna açır.

Şikayətçi Zülfüqar Əhmədov hafta.az-a açıqlamasında bildirdi ki, 3 il yarımdır həmin evi alıb, zibil qabları da əvvəldən orada olub. Daha sonra dəfələrlə aidiyyəti qurumlara məsələ ilə bağlı müraciətlər etsə də, şikayəti cavabsız qalıb:

“Evdə xəstə anam var. Bu da daha çox ona narahatlıq verir. Bir neçə dəfə problemimi Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə və Mənzil Kommunal Xidmətinə bildirmişəm, ancaq 3 ildən çoxdur, şikayətimə baxılmır”.

Daha sonra problemlə bağlı  Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirilib ki, 10 ildən artıqdır zibil qutuları həmin yerdədir. Şikayət edən vətəndaş da mənzilə köçəndə bunu görür və bilirdi:

“İndiki zibil qutuları yüksəksəviyyəli konteynerlərdir. Səliqə və sahmanı da öz yerindədir... Evin önündə 4 konteyner var, mütəmadi olaraq zibil daşınır. Şikayətçinin göndərdiyi şəkillər isə köhnədir. Orada zibil qutularının sayı 3 görünür”. 

O ki qaldı konteynerlərin yerini dəyişdirmək məsələsinə, qurum rəsmisinin sözlərinə görə bu, çox mürəkkəb məsələdir:

“Qutu uzun illərdən bəri həmin yerdə  yerləşir. Onu başqa yerə apardıqda digər qonşular narazılıq edəcəklər ki, "Niyə mənim evimin önünə qoydunuz?". Təxminən, 10 ildən artıqdır,  qutular elə oradadır. Qoy vətəndaş getsin Mənzil Təsərrüfatı Birliyinə, yaxud Mənzil Təsərrüfatı Departamentinə,  rəsmi şəkildə müraciət edib cavab alsın. Daha sonra aydın olsun ki, yerlərini dəyişdirmək olar, ya olmaz. Rəsmi müraciət edərək dəyişdirilməsini tələb etsin. Dünyanın hər yerində zibil konteyneri küçənin kənarına qoyulur”.

Görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Ümid edirik, tərəflər tezliklə razılığa gələcək və məsələ öz həllini tapacaq.

Banu

Oxunma sayı 743