Zooparka yeni heyvanlar gətiriləcək

12:28 17.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Təmirdən sonra burada böyük aquaterrarium olacaq

İki ildən çoxdur ki, Bakı Zooparkı təmir və yenidənqurma işləri səbəbindən öz fəaliyyətini dayandırıb. Bu müddət ərzində zooloji parkın  heyvanat aləmi Qaradağ rayonunda xüsusi şəraitdə saxlanılır. Hələ 2 il öncə bura təmirə bağlanarkən ərazisinin genişləndiriləcəyi deyilirdi. Genişmiqyaslı tikintiyə əsas səbəb isə heyvanların saxlanma şəraitinin yaxşılaşdırılmasıdır. Hazırda isə təmir işlərinin hansı mərhələdə olduğu barədə dəqiq məlumat verilmir.

Bəs görəsən, 2 ildir ziyarətçi qəbul etməyən Bakı Zooloji Parkında heyvanların saxlanılması,  işçilərin əməkhaqqının ödənilməsi hansı formada təşkil olunur? Hazırda zooparkın fəaliyyəti nə cür davam etdirilir? İstifadəyə veriləcək zooparka yeni heyvanların alınması planlaşdırılırmı?

Bu və digər suallara aydınlıq gətirmək üçün Hafta.az-ın əməkdaşı Bakı Zooparkının direktoru Azər Hüseynov ilə həmsöhbət oldu. O bildirdi ki, hazırda bütün heyvanlar Qaradağ rayonunda yaradılmış müvəqqəti saxlanc yerlərindədir:

“Bilirsiniz ki, artıq 2 ildən çoxdur zoopark fəaliyyətini dayandırıb. Burada yenidənqurma və bərpa işləri aparılırdı. Hazırda isə tikinti işləri yekunlaşmaq üzrədir. Saxlanc yerlərinə kənar şəxslərin giriş-çıxışı məhdudlaşdırılıb. Həm ərazinin uzaqlığından, həm də COVID-19 səbəbindən yalnız məhdud sayda işçilərimizin fəaliyyəti davam edir. Tikinti bitdikdən sonra, yenidən bütün heyvanlar öz yerlərinə gətiriləcəkdir”.

Direktor onu da söylədi ki, həftəsonları ictimai nəqliyyatın olmaması və yolun uzaqlığı nəzərə alınaraq işçilərin daşınması da həyata keçirilir:

“Bunun üçün əlavə maşın ayrılıb. Elə mən özüm də işçilərin daşınmasında iştirak edirəm”.

Azər Hüseynov ziyarətçilərin də olmadığı bu dövrdə işçilərin əməkhaqqı və digər məsələlərin hansı formada tənzimlənməsi mövzusuna  münasibət bildirdi. Bütün bu proseslərin hal-hazırda dövlət tərəfindən maliyyələşdirildiyini söylədi. Onu da əlavə etdi ki, zoopark fəaliyyətini bərpa etdikdən sonra yeni heyvanların alınması da planlaşdırılıb, hətta ötən il bəziləri artıq gətirilib:

“Yaxın gələcəkdə buraya yeni heyvanların gətirilməsi nəzərimizdədir. Müəyyən heyvanlar da var ki, onlar artıq gətirilib. Məsələn, elə ötən il Perm zooparkından Amur pələngi, Minsk zooparkından çay timsahları,  5 baş manqust gətirilib. Bundan başqa, digər yeniliklər və heyvan növlərinin gətirilməsi də nəzərdə tutulur. Yeni istifadəyə veriləcək zooparkda böyük aquaterrarium olacaq. Burada, xüsusilə Xəzər dənizinin balıqlarının saxlanmasını nəzərdə tutmuşuq”.

Qeyd edək ki, Bakı Şəhər Zooloji Parkı 2 yanvar 1942-ci ildə yaradılmışdır. Ərazisi 4.25 hektardır. Burada ölkəmizin təbiətinə xas olmayan onlarca heyvan növünün baxımı həyata keçirilir. Parkda ceyran, Dağıstan turu, nəcib maral, qırmızı canavar kimi nəsli kəsilməkdə olan heyvan növləri saxlanılır. Yenidənqurma işlərindən sonra isə fəaliyyətini davam etdirəcək zooparkda aquoterrarium  istifadəyə veriləcək ki, burada da bir-birindən fərqli su heyvanlarının saxlanılması həyata keçiriləcək.

Xatırladaq ki, Bakı Şəhər Zooparkı 1 fevral 2019-cu il tarixindən bugünədək öz qapılarını ziyarətçilərinin üzünə bağlayıb.