"Rusiyanın Ukraynadakı ordusunda FƏRARİLİK ARTIR"

17:04 01.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Rusiya müharibəsi gərginliyi ilə davam edir. İlk vaxtlar yalnız görünən Ukrayna Qərbin, Avropanın, NATO-nun müəyyən manevrlərdən sonra dəstəkçi mövqelərini meydanda görür.

Ukrayna-Rusiya müharibəsindəki mövcud hərbi durumu hafta.az-a şərh edən  hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev yaranmış vəziyyəti təhlil edir:

“Rusiya ilə Ukrayna arasında başlanan dialoq uğurlu alınmadı. İqtisadi sahədə ciddi itkilər vermiş və sanksiyalarla daha çox çökən Rusiya geriyə addım atmır. Ukrayna isə tarixdə ilk dəfə bu qədər ciddi milli dirəniş göstərməkdədir. Ukraynada hər hansı haqsız tələblə razılaşmanın suverenliklərinin itirilməsi olacağını çox yaxşı bilirlər”.

Hərbi təhlilçi hazırda döyüş sahəsində olanlarla yanaşı, informasiya məkanında gedən ciddi mücadiləyə də diqqət çəkib.

“İnformasiya müharibəsi sahəsində Rusiya Qərbin qoyduğu əngəllərlə tam blokada vəziyyətindədir. Bu səbəbdən təsir və maraq sahələrində Ukrayna təbliğat imkanları ilə tam üstün vəziyyətdədir.

Diplomatik olaraq dünyanın əksər böyük dövlətləri Ukraynanı dəstəkləyir. NATO və Avropa Birliyi öncədən Ukraynaya heç bir dəstək vermədiyi görüntüsünü də uğurla həyata keçirdi. Ukraynada gedən döyüşlərdə qarşı-qarşıya olan gerçək tərəflər Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika (BRİCS) ölkələri və NATO-dur. Bu əks-tərəfdaşların lideri olan NATO Rusiyanın müharibə sahəsində zəif düşürüldüyü dövrdə çatışmalara aktiv girmədən məsələləri yaxında nəzarətdə tutmaqdadır”.

R.İmamquliyev hesab edir ki, Rusiyanın geniş cəbhədə müharibəyə girməsi, artıq indidən döyüş sursatlarının tükənməsinə gətirib çıxarıb.

“Başlanğıcda Rusiyanın hava sahəsində üstünlük əldə edə bilməməsi öz fəsadlarını göstərməkdədir. Ordu birləşmələri assimetrik hərb nəzəriyyəsinə görə qismən hazırlıqlıdır və geniş miqyasda bu cür əməliyyatları idarəetmə qabiliyyətində olmadıqları aşkar görünməkdədir.

Ukrayna Ordusu aldığı bilgilərə əsasən döyüş sahəsinin kəşfiyyat hazırlığı istiqamətində daha məlumatlıdır. Dərinliklərdə açılmış rus ordusunun maddi və texniki təminatı yetərli olmadığı üçün artıq ordu idarəetmədə özbaşınalıq və fərarilik halları görünməkdədir”.

Hərbi analitik hesab edir ki, Avropa dövlətləri təhlükənin fərqindədirlər və tampon bölgə olaraq Ukraynada gedən döyüş əməliyyatlarını silah, texnika, təchizat və maddi resurslara təmin edirlər. Əldə etdiyi maddi dəstək sayəsində Ukrayna yeni beynəlxalq dirəniş ordusu qurmaq istiqamətində niyyətini elan edib və fəaliyyətləri başladıb.

 “Rusiyanın  döyüş sahəsində hədəf müəyyənetmədə ciddi çətinliklərı var. Rus ordu birləşmələri bütün istiqamətlərdə təhlükə ilə üzləşirlər. Ordu içərisində idarəetmədə xaos hər keçən gün artmaqdadır. Ordu ilə siyasi iradə arasında ciddi fikir ayrılığı var. Ukrayna ordusu öz siyasi rəhbərinə tam etimad edir. Rusiyada xalq müharibəyə qarşıdır və ciddi etirazlar var.

Rusiya hələ də havada üstünlük əldə etməyib. Müharibə sahəsi barədə digər texniki vasitələrlə məlumatalma imkanının məhdud olduğu bir vaxtda bu əməliyyat sahəsində kor vəziyyətdə olmaq deməkdir”.

Hərbi analitik tərəflərin hərbi gücünün müqayisəsində Ukrayna Ordusuna döyüş sahəsinin kəşfiyyat hazırlığı baxımından da önəmli dəstəyinin olduğunu deyir.

“Hədəflər dəqiqliklə müəyyən olunur və resurslar səmərəli sərf edilir. Radio-elektron mübarizəsində Ukrayna Qərbin dəstəyi ilə tam üstün vəziyyətdədir. Rus ordusunun rabitə vasitələrindən effektiv istifadə edə bilməməsi əməliyyatların icrasında və yaranmış vəziyyət üzrə çevik qərarvermədə nöqsanlara yol açır”.

R.İmamquliyevin təhlillərinə əsasən, müharibənin ilk günlərində rahatlıqla hərəkət edən rus ordusu, artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Təminat yolları kiçik qruplar şəklində Ukrayna Ordusunun nəzarətindədir.

“Texnikalar ya hərəkət edə bilmir, ya da istifadə etməyə döyüş sursatları yoxdur. Rus əsgərləri aclıqla mücadilə edirlər. Onlara komandirləri tərəfindən deyilənin tərsinə yerli rusəsilli ukraynalılar belə onlara köməklik göstərmirlər.

İki eyni irq və dindən olan dövlətlərin bu müharibəyə girməsi Rusiya vətəndaşları tərəfindən qınanmaqdadır.  Rusiya generalları arasında ciddi fikir ayrılıqları var. Ümumi yanaşsaq,  siyasi və strateji idarəetmə, diplomatiya, informasiya müharibəsi, təbliğat, kibermüharibə, konvensional və assimmetrik əsaslarda müəyyən olunmuş döyüş taktikası, qüvvə nisbəti, qoşunların idarə olunması, maddi-texniki təminat və bir sıra digər amillər səbəbindən baxılsa, bu müharibə rus ordusunun Sovetlər Birliyindən sonrakı dönəmdə  ciddi inkişaf yolu tutmadığını açıq-aşkar sərgiləməkdədir”.