“Mən 1992-ci ildə Respublika Baş prokuroru kimi işə başlayanda keçmiş iqtidar 20 Yanvar qətliamı haqda cinayət işi qaldırsa da, onun araşdırılması, istintaqı istiqamətində heş bir iş görməmişdi… O zaman biz işə başladıq. 20 Yanvarla bağlı böyük bir istintaq qrupu yaradıldı. İlkin olaraq həmin faciəli hadisələr zamanı Azərbaycan SSR DTK-nın sədri olmuş Vaqif Hüseynovu və həmin qurumun bir şöbə müdirini həbs etdik”.
Bunu Hafta.az-a açıqlamasında 20 Yanvar qətliamı ilə bağlı cinayət işinin ilk illərdə aparılması haqda danışan sabiq Baş prokuror İxtiyar Şirinov söyləyib.
“1990-1991-ci illərdə həmin qırğının istintaqını SSRİ Baş Prokurorluğu apardığından, təbii ki, Moskvadan gəlmiş müstəntiqlər özlərinə lazım olan, bizdən gizli saxlanılmalı olan istintaq sənədlərini götürüb aparmışdılar. Çünki onlar Azərbaycanda qətliam törətmiş sovet ordusuna qarşı yox, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan xalq hərəkatı fəallarına qarşı “ektremist” damğası altında iş aparırdılar. Ancaq bütün çətinliklərə rəğmən biz 20 Yanvar cinayətində adı hallanan digər şəxslər, o cümlədən o vaxt Nazirlər Soveti Sədrinin birinci müavini olmuş Artur Rasizadənin barəsində də iş aparırdıq. Bildiyiniz kimi, o və o dövrkü rəhbərlikdən bir neçə digər şəxs Moskvaya – Mixail Qorbaçova teleqram vuraraq Azərbaycana sovet ordusunun əlavə hissələrinin yeridilməsini istəmişdi. Təəssüf ki, 1993-cü il 4 iyun olayları digər işlər kimi, 20 Yanvar cinayəti ilə bağlı da işlərin yekunlaşmasına imkan vermədi” –deyə sabiq Baş prokuror bildirib.