3-cü antiterror əməliyyatı – “LAÇIN, KƏLBƏCƏR...”

13:48 12.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün həm Kəlbəcər və Laçını hədəf götürən atəş nöqtələrini susdurmalıyıq,  həm də Qarabağda qayda-qanun yaratma prosesini sürətləndirməliyik.

Bu fikirləri hafta.az-a politoloq Elxan Şahinoğlu  bildirib:

“Təxribatların sayı azalmır. Bir tərəfdən Ermənistan baş naziri Nikol Paşinyan deyir ki, sülhə alternativ yoxdur, sanki öz cəmiyyətini Azərbaycanla sülhə hazırlayır, digər tərəfdən isə kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsini qəsdən ləngidir. Bununla yanaşı Kəlbəcər-Laçın istiqamətində bizə atəş açırlar. Belə gedişat 3-cü antiterror əməliyyatını reallaşdıra bilər”.

 E.Şahinoğlu bəyan edib ki, Ermənistan hakimiyyəti və Qarabağda qalan erməni separatçıları ancaq güc amili ilə hesablaşır.  Onun sözlərinə görə, ermənilərə danışıqlar, fikir mübadiləsi məsələləri uzatmaq, təxribatlarını davam etdirmək üçün lazımdır. 

“Ermənilər qarşılarında güc görəndə onunla hesablaşırlar.  II Qarabağ savaşında bu öz təsdiqini tapdı və antiterror əməliyyatı keçirildi. Deməli 3-cü antiterror əməliyyatına da ehtiyac var. Laçını hədəf götürən atəş nöqtələrini susdurmalıyıq. Çünki biz Laçın və Kəlbəcəri yaxın müddətdə məskunlaşdırmalıyıq.  Proses başlamalıdırsa, demək əhalinin təhlükəsizliyi məsələləri də həll olunmalıdır.  İmkan verə bilmərik ki, Laçına və Kəlbəcərə köçürəcəyimiz insanlar 90-cı illərdə olduğu kimi təhlükədə olsun.  Biz təhlükəni aradan qaldırmaq üçün atəş nöqtələrini susdurmalıyıq.  Qarabağda qayda-qanun yaratmalıyıq.  Düzdür, Ermənistan yenə də haray-həşır salacaq, böyük dövlətlərə müraciət edəcək,  Rusiya da prosesə maneə olmaq istəyəcək. Amma bunlar  bizi dayandırmamalıdır”.