Azərbaycan Respublikasının hələlik Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan Xocalı rayon mərkəzində - Xocalı şəhərində hazırda 1500 erməni yaşamaqda davam edir.
Hafta.az xəbər verir ki, bu barədə “Əsgəran rayonunun İvanyan icması” adlanan şəhərimizin qanunsuz “mer”i sayılan Boris Kaqramanyan erməni jurnalistlərə açıqlamasında bildirib.
"44 günlük müharibədən sonra digər məntəqələrdən icmamıza 50 ailə gəlib və hazırda burada cəmi160 ailə yaşayır. Məktəb hələ açılmayıb, təmir işləri aparılır, bir həftə sonra bitəcək. Bu tədris ilində məktəb 200-dən çox şagird qəbul edəcək. Bağçada 52 uşaq var. Ziyafət zalı təmir edilmişdir. Yollar bütün il boyu keçərlidir. Sakinlər elektrik və qazla təmin olunur. İvanyanda yeni yaşayış rayonu salınır. Bütün müasir standartlara uyğun inşa ediləcək mikrorayonda dayanacaq, oyun meydançası, idman meydançası, üç köşk, uzun müddətli istifadəyə yararlı bina (ticarət mərkəzi kimi) və ictimai nəqliyyat və avtobus dayanacaqları olacaq. Xarici işıqlandırma da təmin ediləcək”- deyə B.Kaqramanyan söyləyib.
Erməni “mer” Xocalıdakı erməni sakinlər arasında məşğulluq probleminin demək olar ki, olmadığını, yəni guya hamısının işlə təmin olunduğunu vurğulayıb.
Unutqanlara xatırlatma:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib və etnik azərbaycanlılara qarşı soyqırımı baş verib. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olunub.
Rəsmi rəqəmlərə görə, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...