Ficinin baş naziri Sitiveni Rabuka Okeaniya Atletika Çempionatında medal qazanıb.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, 75 yaşlı Rabuka Avstraliyada yerləşən Okeaniya Atletika Assosiasiyasının təşkil etdiyi beynəlxalq çempionatda güllə atıcılığında bürünc medal qazanıb.
Ficinin paytaxtı Suvada keçirilən yarışda Rabuka 65 yaşdan yuxarı kateqoriyada yarışıb.
Hakim Xalq Birliyi Partiyasının lideri 7,09 metrlə avstraliyalı rəqiblərindən geri qalaraq yarışı üçüncü yerdə başa vurub.
Rabuka Facebook hesabında etdiyi paylaşımda, "75 yaşım olsa da, gənc nəslə sağlam yaşamaq vərdişini qazandırmağa ümid edirəm. Bu, mənim üçün əsl mənəvi gücləndirici oldu" deyib Fici lideri.
Bazar ertəsi çempionatda disk atma yarışında da mübarizə aparan Rabuka 4-cü olub və medal qazana bilməyib.
Fici lideri 24 yanvar - 2 fevral tarixləri arasında Yeni Zelandiyanın Kraystçörç şəhərində keçirilən 1974-cü ildə Britaniya Birliyi Oyunlarında da ölkəsini təmsil edib.
Rabuka 1987-ci ildə ordu komandiri olarkən iki dəfə çevriliş edib. May və sentyabr aylarında baş verən çevrilişlər nəticəsində ölkədə respublika elan olunub. Daha sonra administrasiyanı müvəqqəti hökumətə təhvil verən Rabuka 1992-ci ildə keçirilən seçkilərdə qalib gəlib və 1999-cu ilə qədər baş nazir vəzifəsini icra edib.
Rabuka 2022-ci ildə keçirilən seçkilərdə qalib gəlib və dekabrın 24-də ölkə başçısı olub.