Dünən vəfat edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetanın atlara olan sevgisi hər kəsə məlumdur.
Qeyd edək ki, müxtəlif zamanlarda mərhum kraliçaya hədiyyə edilən atlar arasında Qarabağ atları xüsusi yer tutub.
Sonuncu dəfə Azərbaycan Prezidentinin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya 12-15 may 2022-ci il tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində təqdim edilib. “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.
Qeyd edək ki, SSRİ-nin rəhbəri Nikita Xruşov 1956-cı ildə kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.