İctimai nəqliyyat həftə boyu işləməlidir - Ekspert

13:36 10.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev şənbə-bazar günləri ictimai nəqliyyatın yalnız vaksin olunan şəxslərin istifadə etməsi şərti ilə açılmasını təklif edib.

Bəs görəsən hazırkı vəziyyətdə bu qaydanın tətbiqi ilə ictimai nəqliyyatın fəaliyyətin tam bərpası nə qədər realdır? Ümumiyyətlə həftə sonları yaranan nəqliyyat probleminin həlli nədir?

Məsələ ilə bağlı hafta.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşları həftənin günündən asılı olmayaraq “vaksin olunan” və “vaksin olunmayan” kimi qruplandırmaq yanlışdır”.

“Ümumiyyətlə mən həftə içi olduğu kimi həftə sonları da ictimai nəqliyyatın işləməsinin tərəfdarıyam. Ondan istifadə edənlərin isə vaksin olunan və olunmayan kimi bölünməsinə qarşıyam. Zamanında qəbul edilmiş məhdudiyyət qərarı absurd idi. Necə olur ki, virus həftə içi yoluxmur, həftə sonu yoluxur?”

Həmçinin ekspert ölkə üzrə vaksin olunmuş vətəndaşların sayının qərarın ləğvi üçün kifayət etdiyini vurğuladı:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanda yetərincə vaksin olunan var. 1 doza ilə götürsək 5 milyon, 2 doza ilə isə 2 milyon əhali peyvəndlənib. Bu heç də balaca rəqəm deyil. Ona görə, həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət qərarının ləğv edilməsinin tərəfdarıyam. İctimai nəqliyyat həftə boyu bir mənalı olaraq işləməlidir!”