İnterpol bəzən belə hallarda qərəzli mövqedən çıxış edir - Çingiz Qənizadə

18:45 03.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpaqlarını işğal edən və sonrakı dövrlərdə ölkəmizə, dinc əhaliyə qarşı çoxsaylı cinayətlər törətmiş Ermənistan və onun hərbi-siyasi göstərişlərini icra edən, əmr verən ermənilərə qarşı İnterpol vasitəsilə axtarış elan edilsə də, icra olunmur.

Bu fikirləri hafta.az-a hüquq müdafiəçisi Çingiz Qənizadə deyib:

“Faktlar var ki, erməni separatçılarının rəhbəri Araik Arutunyan müharibə zamanı Cenevrə Konvensiyasının tələblərini pozaraq dinc əhalinin məskunlaşdığı ərazilərə toplardan, raketlərdən atəş açılması ilə bağlı əmr verdiyini etiraf edib. Eyni zamanda Ermənistanın digər hərbçı və siyasətçilərinin cinayətləri da artıq faktlarla sübut olunub.

Belə olan halda Azərbaycan, təbii ki, bu cinayətkarların həbsi və ölkəmizə təhvil verilməsi ilə bağlı özünün də qoşulduğu interpol vasitəsilə axtarışlar verməli idi. Amma nəyə görəsə bu axtarışlar icra olunmur. Ermənistanın indi yüksək vəzifədə olmayan əvvəlki prezidentləri Köçəryan, Sarkisyan da bu axtarışların subyektləridirlər. Bu gün Araik Arutunyan kimi cinayətkarlar Moskvaya səfər edir, onu aeroportda qarşılayır, görüşlər keçirirlər. O, eyni zamanda digərləri “Laçın dəhlizi” vasitəsilə sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərinə - Qarabağa gəlir və orada tədbirlərdə iştirak edib geri qayıdırlar. Belə faktlarla üz-üzə qalmağımız həqiqətən narahatedici məqamdır və onların qarşısını almaq üçün hələlik əlimizdə olan yeganə vasitə beynəlxalq hüququn tələblərinə uyğun olaraq qoşulduğumuz interpol razılaşmasıdır. İnterpol həmin şəxsləri həbs edib Azərbaycana təhvil verməlidir. Burada həm siyasi, həm də hüquqi boşluqlar var. Hüquqi boşluq ondan ibarətdir ki, interpol bəzən belə hallarda qərəzli mövqedən çıxış edir və izahatlar, sənədlər istəyərək bəhanələrlə prosesi uzadır, ümumiyyətlə icra etmir. Siyasi tərəfdə isə Ermənistana dəstək verən qüvvələr beynəlxalq təşkilatların hamısında var və zaman-zaman bunun şahidi oluruq. Onlar da bu prosesin həyata keçirilməsinə maneçilik törədirlər. Ümid yenə Azərbaycanın özünə qalır. Hesab edirəm, biz Qarabağda olan azsaylı ermənilərlə bağlı məsələni həll etdikdən sonra, cinayətkarların həbsi ilə bağlı ciddi addımlar atacağıq.

Hüquqşünas hesab edir ki, Azərbaycan ərazisində qalan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamalıdırlar, ya da Ermənistan vətəndaşı olaraq, orada qalmağa iddia edəcəklərsə, rədd olub çıxıb getməlidirlər. Bundan sonra  həm 44 günlük müharibə dövründə baş verən cinayətlərə, həm də əvvəlki dövrlərdə ermənilərin törətdikləri cinayətlərə görə  beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb addımlar atacağıq. Bu qaçılmazdır”.