Son günlərdə İranın qəti şəkildə İslam ölkəsi adına yaraşmayan, işğalçı, 30 il ərzində özünün şimal sərhədlərində «dost və qardaş» adlandırdığı Azərbaycan dövlətinin ərazilərini tamamilə dağıdan, məhv edən bir dövləti dəstəkləməsi Bakı ilə Tehran arasında müəyyən gərginliyə yol açıb.
Artıq İran rəhbərliyi «əzələ nümayişi»nə keçərək ordusunun inventarında olan 60-70-ci ilin silahları ilə silahlanmış ordusunun Araz çayı sahillərində hərbi təlimlərini keçirir. Açıq şəkildə bunun Azərbaycana «göz dağı» olduğunu bəyan edir. Tehran bir qədər də irəli gedərək işğal dövründə Ermənistan üçün can damarı rolunu oynadığı, Vətən müharibəsi zamanı kolonlarla silahların daşındığı Ermənistandan fərqli olaraq Azərbaycanın ayrılmaz parçası Naxçıvana dair sərgilədiyi mövqe də heç xoş qarşılanmır. Sadə dillə desək, açıq şəkildə şantaj, siyasətin ən çirkin metodlarına əl atır.
Bu gün İran Azərbaycan tərəfinə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyub. İranın belə bir addım atması Azərbaycana, eləcə də İrana hansı əks-təsirlərini göstərə bilər?
Hərbi ekspert Şair Ramaldanov hafta.az-a açıqlamasında bildirib ki, Ermənistanın 30 illik işğalçı siyasətinə və İranın bu ölkə ilə qurduğu əlaqələrə baxanda onun bu addımında təəccüblü heç nə yoxdur.
Ekspert qeyd edib ki, Azərbaycan torpaqlarını erməni işğalından azad edib öz haqqını bərpa edəndən sonra İranın zəfərimizi qısqanclıqla qarşılaması açıq görünürdü. İşğal dövründə Ermənistanın məhz İranla sıx əlaqələr qurduğu, İranın islami dəyərlərə zidd olaraq işğalçı xiristian ölkəyə dəstək durması təəssüf doğurmaqla yanaşı, bu gün verdiyi bəyanat və neqativ addımları da təəccüb doğurmur.
Ş.Ramaldanov hesab edir ki, İran Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoymaqla öz mövqeyini bir daha göstərir.
“İranın Naxçıvana gedən hərbi təyinatlı yüklərin daşınmasına qadağa qoyması Azərbaycana heç bir problem yaratmayacaq. Azərbaycanın alternativ yolları, dostları çoxdur. Biz onların hava yollarından istifadə etməklə yüklərin Naxçıvana daşınmasını təmin edəcəyik. Reallıqda Azərbaycanın elə bir yükü də yoxdur. Bu qadağa Naxçıvanda olan ümumqoşun alayına heç bir təsir göstərməyəcək. Naxçıvan plan üzrə öz təchizatını alacaq”.
Ekspert İrandan verilən “Azərbaycan təhlükəsizlik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın...” mesajlarının arxasında heç də xoş olmayan niyyətin dayanmadığını qeyd edib və bu məsələyə Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə keçirdiyi görüşdə tutarlı cavab verdiyini bildirib.
“Cənab Prezident o görüşdə etdiyi çıxışında bir daha təsdiqlədi ki, Azərbaycan özü öz siyasətini qurur, idarə edir və bizim heç kim tərəfindən idarə olunmağa ehtiyacımız yoxdur. Bütün məsələlər Azərbaycanın maraqları çərçivəsində həll olunmalıdır”.
Ş.Ramaldanov bildirir ki, Gürcüstan İran nəqliyyat vasitələrinin quru yolu ilə daxil olmasına qadağa qoyub. Onun fikrincə, bu, regionda müəyyən bir geosiyasi proseslərin gedişindən, maraqların toqquşmasından xəbər verir.
“Hər halda Prezident Azərbaycanın mövqeyini açıq şəkildə söyləyib. Azərbaycanın marağı regionda stabilliyin saxlanılmasından irəli gəlir. Əgər müəyyən ölkələr bunda maraqlıdırsa, bizə qoşula bilər. Bu gün Rusiyada xarici işlər nazirləri görüşəcəklər. Proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq. Düşünürəm ki, proseslər söz duelindən o tərəfə keçməyəcək. İranın düzgün mövqe tutacağına inanıram. Bizim üçün əsas odur ki, Azərbaycanın maraqları təmin edilsin. Azərbaycan onun ziddinə olan məsələlərə yol verməyəcək. Ehtiyac olarsa, Azərbaycanın da İrana qarşı analoji qərar qəbul etməyə haqqı var”.
İranın məlum «Naxçıvan həmləsi»ndən sonra gündəmin əsas müzakirəsinə çevrilmiş daha bir məlumat yayıldı. Belə ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) dünəndən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib.
Bu, artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilər. Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bu isə bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
Nəzərə almaq lazımdır ki, bu, birtərəfli addım deyil. Ermənistanla Azərbaycan arasında müharibə bitdiyindən regional aviasiya təhlükəsizliyi qaydaları da təbii olaraq dəyişib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.
Odur ki, Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirməyə başlayıb.
Bu məsələdə həm Azərbaycan, həm də Ermənistanın müvafiq öhdəliyi var. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistan hava məkanı ilə uçuşlar icra etdiyi kimi, eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər. Yəni, bu proses birtərəfli qaydaya yerinə yetirilmir, həm Azərbaycanın, həm də Ermənistanın regionda yeni reallıqlardan faydalanmaq imkanı yaranıb. Tərəflərin bu imkandan istifadə etməsi həm regional təhlükəsizliyə, həm münasibətlərin normallaşmasına töhfə verir, həm də bunun iqtisadi dividentləri var. Bir faktı vurğulamaq yerinə düşər ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Ermənistan mülki aviasiyasının da eyni qaydada Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə etməsi bu ölkə üçün daha əlverişlidir.
Son baş verənlər eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Ermənistan bununla tranzit ölkəyə çevrilir.
Başqa bir maraqlı məqam odur ki, belə olan halda Azərbaycanın uçuşlar üçün İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmır.