Pentaqon binasında 70 ildən çox asılmış köhnə tunc lövhələr nazirliyin yeni rəsmi adı olan lövhələrlə əvəzlənib: bundan sonra nazirlik müdafiə deyil, Hərbi Nazirlik (Department of War) adlanacaq.
Hafta.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, lövhələrdən birinə son vinti bağlayan Pit Heqset nazirliyin yeni adının onun yeni ruhunu əks etdirdiyini bildirib. Hər biri 27 kiloqram ağırlığında olan lövhələrin ölçüsü təxminən 75x50 santimetrdir.
"NBC News" telekanalı daha əvvəl məlumat vermişdi ki, ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi xərcləri iki milyard dollar təşkil edə bilər, çünki minlərlə lövhə, işarə və blankın, eləcə də nazirliyin adı göstərilən digər əşyaların dəyişdirilməsini tələb edəcək. Təkcə blank və lövhələrin dəyişdirilməsinə təxminən bir milyard dollar xərclənə bilər.
ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Müdafiə Nazirliyinin adının dəyişdirilərək Hərbi Nazirlik adlandırılması barəsində fərman imzalayıb. O bildirib ki, dünyadakı mövcud vəziyyətlə əlaqədar olaraq bu ad daha münasibdir.
ABŞ Hərbi Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, sonra milli hərbi qurum kimi yenidən təşkil edilib. 1949-cu ildə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.
