“Anam Zabuxda müəllim işləyib, yəqin, ruhu şaddır...” - Flora Qasımova

16:44 24.08.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın indiki və qədim ərazilərinin, xüsusən də işğaldan azad olunmuş torpaqlarımızın hər qarışı, o cümlədən doğulduğum Xankəndi bizim üçün əzizdir. Bu günlərdə rayon mərkəzi, eləcə də Zabux və Sus kəndləri birbaşa dövlətimizin, ordumuzun nəzarətinə keçməkdə olan Laçın rayonunun da qəlbimdə, taleyimdə xüsusi yeri var”.

Bunu hafta.az-a açıqlamasında  şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq deputat Flora xanım Qasımova söyləyib.

 “Ana tərəfdən ulu babam - XIX əsrin sonu XX əsrin əvvəllərində Zəngəzurun, Qarabağın, Şuşanın tanınmış din xadimi, ruhanilərindən olmuş Hacı Axund Molla Şükür Laçın rayonunun Ağanus kəndində doğulub, uşaqlığı o kənddə keçib. Odur ki,  anamın atası Mirzə Məhəmmədin də əsli həmin kənddən olub... Tale elə gətirib ki, anam Tahirə Məhərrəmova II Dünya savaşının bitməkdə olduğu dövrlərdə, təxminən 1945-ci ildə Ağdam pedaqoji texnikumunu bitirdikdən sonra təyinatla Laçının Zabux kəndinə göndərilib və orada müəllim işləyərək o iqtisadi-sosial baxımdan ağır illərdə o dağlarda böyüyən Azərbaycan övladlarının təlim-tərbiyəsi ilə məşğul olub...

Rəhmətlik ömrünün sonlarına qədər, xüsusən də işğal dövründə Laçının, Zabux kəndinin əsrarəngiz mənzərələrindən, havasının, suyunun təmizliyindən, qızıl balıqların oynaşdığı şır-şır axan Zabux çayının  gözəlliyindən söhbət edərdi”, - açıqlamasının davamında bunları söyləyən sabiq parlament üzvü Laçın camaatına xoş arzularını çatdırıb, dövlət və ordu rəhbərliyinə, hərbçilərimizə təşəkkürünü ifadə edib.

“Laçınlıların gözü bir daha aydın olsun! Bu günlərdə rayonun mərkəzi, həmçinin Zabux, Sus və s. kəndləri də  birbaşa Azərbaycan dövlətinin, ordusunun nəzarətinə qayıtmalı, o məntəqələrimizdə də Azərbaycan bayrağı ucaldılmalıdır. Bu münasibətlə Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik edir, inşallah, tezliklə abad, gözəl Laçın torpağında əvvəlkindən də gözəl yaşamlarını bərpa etmələrini diləyirəm...

Yəqin ki, müəllim kimi çalışdığı Zabux azad olunduğu üçün anamın da ruhu şaddır... Güman edirəm, ana babalarımın yurdu olmuş Ağanus kəndi, həmçinin Laçının ona qonşu digər kəndləri də ermənilərin oralarda yenidən “dəhliz” qurmaq xülyalarına rəğmən tezliklə Azərbaycan ordusunun nəzarətinə keçəcək və 30 ildən çox didərgin həyatı yaşayan soydaşlarımız tərəfindən daimi məskunlaşdırılacaq...

Təəssüf ki, bu gün ermənilərin vandal xisləti yenə də özünü büruzə verməkdərdir. Azərbaycan dövləti humanistlik nümayiş etdirərək onlara köçmək üçün 20 gündən çox vaxt verir, bunlar əvəzində Laçında, Zabuxda, Susda və s. evləri uçurur, yandırır, meşələrə od vururlar. Halbuki, 1992-1993-cü illərdə Laçından, Kəlbəcərdən məcburan çıxan soydaşlarımıza bu haylar nəinki bir gün, bir saat belə, vaxt vermirdi. Bu haqda qohumlarımızın danışdıqları 30 ildən çoxdur sinələrimizi göynədir. Bu gün yerli əhalini amansız qətllərlə, işgəncələr, girovluqlar, əsirliklər hesabına didərgin salaraq özgə torpağını illərlə zəbt etdikdən sonra oraları tərk edən erməni arvadları kövrəlirlər. Hələ yenə də yüz illərlə yurd etdiyimiz o torpaqların əsil sahibi olan bizlərin bu müddətdə nələr çəkdiyimizi anlamırlar. Belə xislətlə anlaya da bilməzlər... Hələ bir arsızcasına Azərbaycanı onları “vətənlərindən qaçqın salmaqda” suçlayır, “yenidən geri dönəcəkləri” haqqında ümidlərini ifadə edirlər...

Bu saat bizim artıq qəm-kədərdən deyil, torpaqlarımızın, şəhər və kəndlərimizin yağı düşməndən azad edilməsinə görə sevinc və şadlıqdan kövrəlməyimizə səbəb olan Ali Baş Komandana, ordumuza, onun igid, döyüşkən əsgər, zabit və generallarına təşəkkür edir, qazilərimizə Allahdan cansağlığı, şəhidlərimizə rəhmət diləyirik”, - deyə şəhid Milli Qəhrəman xanımı bildirib.