Qiymətlər 33 manatdan 360 manata qədər dəyişir
Son günlər apteklərdə “koronavirus testləri”nin satılması ilə bağlı çoxlu xəbərlər oxuyur, məlumatlar alırıq. Bu testlər koronavirusa yoluxmuş xəstələrin qanındakı antikorları aşkar etmək üçün nəzərdə tutulmuşdur.
Bəs görəsən, bu testlər hansı apteklərdə və hansı qiymətə satılır? Testin keçirilmə qaydası nə cürdür? Belə testləri ev şəraitində etmək təhlükəli deyil? Onun doğruluq faizi nə qədərdir? Hafta.az-ın əməkdaşı bu və digər məqamlara aydınlıq gətirmək üçün üz tutdu paytaxt ərazisində yerləşən apteklərə. Müraciət etdiyimiz bir çox müəssisədən bildirildi ki, müştərilər tez-tez bu haqda soruşsalar da satışda yoxdur.
Paytaxtın çoxsaylı nöqtəsində şəbəkələri olan “Depo Aptek”dən isə deyildi ki, hazırda satışda koronavirus testi var. Onun bir ədədinin qiyməti 33 manat 60 qəpikdir. Testi hər kəs evdə özü edə bilər. İstifadə qaydası qutunun üzərində qeyd olunub. Qan və xüsusi məhlul tökülür, 20 dəqiqə sonra nəticə bəlli olur.
Digər üz tutduğumuz ünvan isə“Elit Aptek” oldu. Aptekdə koronavirus testinin 5 ədədi 125 manata satılır. Əməkdaşlar istifadə qaydası haqqında ətraflı məlumat verməyərək, bunun qutunun daxilində qeyd olunduğunu söylədilər.
Məşhur apteklər şəbəkəsi olan “Zəfəran Aptek”dən isə bildirildi ki, son vaxtlar bizdən tez-tez soruşulsa da, satılmır. Əvvəl satışda olub, qiyməti isə 360 manat idi.
Testlərin həyata keçirilmə qaydası və dəqiqlik məsələsinə gəldikdə isə bu məcrada yaranmış suallarımızı həkim-infeksionist Nicat Əzimli cavablandırdı. O bildirdi ki, testlərin götürülmə üsulu PZR-dən (yaxma) elə də fərqlənmir, lakin dəqiqlik məsələsində fərq yaranır:
“Burada fərq elə də böyük deyil, təxminən, 10-15% təşkil edir. Buna dəfələrlə öz şəxsi təcrübəmdə şahid olmuşam. Cavab pozitiv çıxan xəstədə digər testlər də eyni nəticəni verib. Deyilənlər özünü praktikada da doğruldub ki, həqiqətən də testin iş prinsipi yaxşıdır. Testin götürülmə üsuluna gəldikdə isə deyə bilərəm ki, burada adi iynə vasitəsilə barmağı deşib qan almaq və testin üzərindəki boşluğa yerləşdirmək olar. Təbii ki, daha sonra barmağı təmizləyib pambıqla bağlamaq lazımdır”.
Mövzunu araşdırarkən maraqlı məqam ortaya çıxdı ki, bu da ev şəraitində test edib nəticəsi pozitiv çıxan vətəndaşın rəsmi qeydiyyata alınması məsələsidir. Görəsən, bu proses nə cür tənzimlənir? Təəssüflər olsun ki, bu sualımızın cavabını TƏBİB-dən ala bilmədik.
Görünən odur ki, belə testlərə tələbat yüksəkdir. Elə bu fikri aptek əməkdaşları da təsdiqləmiş oldular. Qeyd edək ki, koronavirus testləri dünyada müxtəlif ölkələrdə də satılmaqdadır. Bir sıra dövlətlərdə bu testlər vətəndaşlara daha əlçatan olsun deyə, marketlərdə belə mövcuddur.