“Rusiya sülhməramlılarının statusunun dəqiqləşdirilməsi ilə bağlı Azərbaycanla Moskva arasında aparılan danışıqlar Rusiya və Ermənistana verilən bir mesajdır. Rusiya sülhməramlıları həddini o səviyyədə aşıb ki, ən yüksək hakimiyyət eşalonunda bu haqda açıqlama verməyə ehtiyac yaranıb”.
Bunu hafta.az-a şərhində politoloq Natiq Miri rus sülhməramlılarının hüquqi və siyasi statusunun dəqiqləşdirilməsi ilə bağlı rəsmi müstəvidə verilən açıqlamalar ətrafında təhlillər apararkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti həqiqətən də rus sülhməramlılarından narazıdır. Bunu dövlət və hakimiyyət orqanları çox gözəl bilir və bu açıqlama ilə verilən mesaj məhz Rusiyayadır.
Politoloq bildirib ki, rəsmi müstəvidə bu məsələyə toxunulsa da, sülhməramlıların statusunun müzakirə predmeti olduğu və hələ də siyasi və hüquqi statusunun olmadığı haqqında ortada bir xatırlatma yox idi.
“Ancaq bu dəfə belə bir xatırlatma oldu və düşünürəm ki, bunun ünvanı birbaşa Rusiyadır. Rusiyaya deyilir ki, sizin heç bir statusunuz yoxdur. Bir növ hüquqi cəhətdən Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yerləşməsi beynəlxalq səviyyədə hüquqi mahiyyət daşımır. Bu da ona imkan verir ki, istənilən zaman, yəni 10 noyabr bəyanatının müəyyən müddəları yerinə yetirilmədiyi, götürülən öhdəliklərin icra olunmadığı təqdirdə Azərbaycan çox rahatlıqla Rusiya sülhməramlılarının ölkədən çıxarılmasına qərar verə bilər. Bunu Azərbaycan parlamenti də müzakirə predmetinə çevirə və bu yöndə qərar qəbul edə bilər. Yaxud Rusiyanın sühməramlıları adı altında fəaliyyət göstərən hərbi kontingentinə konkret çərçivə də cıza bilər. Əslində 10 noyabr sənədi imzalanandan sonra Rusiyanın gələcəkdə hədsiz davranışlarının qarşısını almaq üçün sülhməramlıların fəaliyət çərçivəsi əvvəldən cızılmalı idi. Çünki Rusiya heç bir zaman sülhməramlı statusunda hədini bilməyib. Biz bunu Gürcüstanda gördük və nəticə də ondan ibarət oldu ki, Cənubi Osetiya və Abxaziya işğal olundu. Bu işğalçı Rusiyadır, bununla yetməyən Rusiya Ukraynanın tərkibində olan Krım və Sevastopolu işğal etdi. Bu gün Donbasın müzakirə obyekti və müstəqilliyi haqqında söhbətlər gedir”.
Politoloq son zamanlar Qarabağda olan qanunsuz erməni birləşmələrinin Şuşaya, Hadrut və onun bəzi kəndlərinə hücum cəhdlərini xatırladıb. O, hesab edir ki, bu, rus sülhməramlılarının təhriki olmadan edilə bilməz və bizə olan ən böyük xəbərdarlıqdır.
“Biz belə bir xəbərdarlığı bir həftə öncə Laçın dəhlizində Rusiyanın pilotsuz uçaqlara qarşı keçirdiyi hərbi təlimlərdə gördük. Hər bir hərbi təlimdə konkret hədəflər olduğu üçün, təbii ki, burda hədəf Azərbaycandır. Belə olduğu təqdirdə bu Rusiyanın həddini aşması deyil, nədir?”
N.Miri Azərbaycan bu yöndə konkret əks addımlarını atıb. Onun fikrincə, Gorus -Qafan yolunun bağlanması buna nümunədir və bu, çox qətiyyətli bir qərar idi.
“Bununla həm Rusiyaya, həm də bu gün Qarabağa silah daşıyan İrana, Ermənistana ciddi bir mesaj verildi. Və bu gün Azərbaycan həmin yolda öz varlığını sürdürür. Əlbəttə ki, burda əsas Görus-Qafan yolu deyil. Əsas hədəf Ermənistanla Laçının sərhəddinin bağlanması mesajıdır. Düşünürəm ki, buna böyük anlamda ehtiyacımız var. Çünki bu gün Rusiya sülhməramlıları heç bir alternativ olmadan Laçın dəhlizinə nəzarət edir və prosesləri idarə edir. Düşünürəm ki, Ermənistandan və İrandan gələn bütün silahlar, eyni zamanda erməni əsgərlərinin daşınmasının arxasında məhz Rusiya durur. Ona görə də Laçın dəhlizində Azərbaycan silahlı qüvvələri Rus sülhməramlıları ilə birgə fəaliyyət göstərməlidir. Və yaxud da bu keşik məsələsi Türkiyə Rusiya ilə birlikdə həyata keçirilməlidir. Yaxud da sərhəd bağlanmalıdır. Azərbaycanın sərhəd qoşunları və gömrük xidməti sərhəddə fəaliyət göstərməlidir. Eyni zamanda bu gün Bakıda, Naxçıvanda Azərbaycan Türkiyə hərbçilərinin birgə təlimləri keçirilir. Bu Rusiyaya verilən mesajdır ki, Qarabağda baş verən istənilən hərbi təxribatda tək deyil. Türkiyə Laçında olan təlimlərdə bunu göstərdi ki, Qarabağın istənilən yerində lokal, ildırımsürətli təlimlər keçirilə bilər. Biz bunu sübut etmişik. Azərbaycanın xüsusi təhlükəsizlik orqanları belə bir əməliyyat keçirtdi. Hadrut ərazisində 72 nəfər erməni diversantını həbs etdilər. Bu gün də həmin diversantlar Azərbaycan həbsxanalarında yatır. Ona görə də növbəti belə addımda Azərbaycan tək olmayacaq. Əgər Rusiya bundan ciddi nəticə çıxartmayacaqsa, bu Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında gələcək perspektivdə Türkiyə hərbi bazasının yaradılmasına qədər inkişaf edə bilər. Əslində Rusiyaya verilən mesajlardan biri də budur, əgər Rusiya hərbi təxribatlardan vaz keçməzsə, Rusiyanın xoşuna gəlməyən siyasi-hərbi hadisə baş verəcək. Azərbaycan antiterror əməliyyatlarına artıq start verib. Bu yüksək səviyədə bildirilmir. Ancaq bunun bütün hazırlıqları görülüb. Hər an erməni təxribatına qarşı sentyabrın 27 də olduğu kimi sülhə məcburetmə əməliyyatları baş verə bilər”.