Azərbaycanda islam bankçılığının tətbiqi dəfələrlə müzakirə predmeti olub. Amma bu məsələnin ölkəmizdə reallaşması indiyədək mümkün olmayıb. Halbuki bu gün dünyanın 102 ölkəsində 2500-ə yaxın maliyyə instutu tərəfindən islam bankçılığı tətbiq olunur. Çox maraqlı hal ondan ibarətdir ki, islam maliyyə alətləri təkcə islam dövlətlərində deyil , qeyri-müsəlman ölkələrində də aktiv şəkildə tətbiq olunur. Məsələn, Cənubi Afrika Respublikasında ölkə əhalisinin cəmi 2 faizi müsəlmandır.
Amma bu ölkədə bir neçə bank islam bankçılığı əsasında fəaliyyət göstərir. Təxminən 4-5 il bundan qabaq islam maliyyə alətləri dünya bazarında 1 trilyon dollar olub. 2023-cü ildə bu bazarın həcminin 3 trilyon dollardan çox olacağı proqnoz edilir. Bu o deməkdir ki, dünya üzrə islam bankçılıq sahəsində 4 milyard dollarlıq bir maliyyə bazarı olacaq. Onu da nəzərinizə çatdıraq ki, qonşu Türkiyədə islami bankçılığının bazar payı 5,9 faiz təşkil edir. 2023-cü ildə bu rəqəmin 15 faizə yüksələcəyi proqnozlaşdırılır.
Müşahidələr göstərir ki, bu gün Azərbaycanda islam əqidəli insanlar ənənəvi banklarla əməkdaşlıq etmək istəmirlər. Onlar vəsaitlərini əsasən, islam maliyyə alətlərinin inkişaf etdiyi ölkələrin banklarında saxlayırlar. Bu isə hər il milyonlarla dollar vəsaitin ölkədən çıxması deməkdir.
Maraqlıdır, görəsən, Azərbaycanda islam bankçılığının inkişafına mane olan səbəblər hansılardır? İslam bankçılığının ölkə iqtisadiyyatının inkişafında rolu nədən ibarətdir?
İslam bankçılığı hansı mexanizmlə işləyir?
Qeyd edək ki, İslam bankçılığı ilk dəfə 1970-ci illərdə meydana gəlib. Səbəb isə neftin qiymətindəki artımdan sonra Körfəz ölkələrində meydana gələn sərmayə artımı olub. İslami maliyyə təşkilatlarının ilk addımı 1963-cü ildə Misirdə yaradılan Gamr İslam Bankının yaradılmasıdır. 1975-ci ildə regional iqtisadi inkişafa istiqamətli İslam İnkişaf Bankı qurulur. Eyni ildə dünyadakı ilk islam prinsipləri ilə işləyən Dubay İslam Bankı yaradılır. 1980-ci ildən sonra Körfəz və Orta şərq ölkələrində sürətli iqtisadi inkişaf nəticəsində islam banklarının sayı əhəmiyyətli dərəcədə artır. Dünya üzrə islam banklarının çoxu Orta Şərq və Cənubi Asiya bölgələrində yerləşir. Bu bankların iş prisipinə gəlincə, ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləği, faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur. Müştəri üçün islam bankının biznes kreditlərindəki üstünlüyü ondan ibarətdir ki, biznesin uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, islam bankı geriyə heç nə tələb etməyəcək. Müştəri üçün islam bankının biznes kreditlərindəki xoşagəlməz halı ondan ibarətdir ki, müştərinin biznesi gözləniləndən daha çox gəlir gətirsə, müştəri islam bankına daha böyük məbləğ ödəməli olur. İslam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi qadağan edir. Son illər islam bankçılığının bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biri də məhz budur. Dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Bəhreyn, Qətər və Böyük Britaniya kimi ölkələrdə islam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur. Adi Qərb bankları və maliyyə institutları da islam maliyyəsinin məhsullarını uğurla tətbiq etməkdədir. Bu qurumların arasında “Deutsche Bank”, “Citibank N.A”, “Barclays” və s. var.
Qanun qəbul olunmalıdır ki…
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda islam maliyyə alətlərinin tətbiqi təklif edən ilk şəxs olub:
“2011-ci ildə çapdan çıxan “Azərbaycanın bank hüququ” adlı kitabımda mən bunu təklif etmişəm. İslam bankçılığı yalnız müsəlman ölkələrində yox, bütün dünyada, Avropada, ən inkişaf etmiş ölkələrdə, məsələn, Britaniyada da var. Ümumiyyətlə, sələmçilik yalnız islam dinində qadağan edilməyib. Yəni yəhudi və xristianlıqda sələmlə pul vermək qadağandır. Bu baxımdan islam bankçılığının xidmətlərindən yalnız müsəlmanlar istifadə etmir. Azərbaycanda da islam bankçılığını çoxdan tətbiq etmək lazımdır. Təəssüf ki, illərdir bu barədə danışırlar, qanunlar qəbul edəcəyik deyirlər. Ancaq bu, böyük problemdir. İslam bankçılığı haqqında qanunlar qəbul edilsə belə, nə dərəcədə səmərəli olacağı sual altındadır. Çünki islam bankçılığı şəffaflıq tələb edir. Burada da vəziyyətin nə yerdə olduğu bəllidir. İndiyədək Azərbaycan Beynəlxalq Bankın nəzdində açılan islam bankçılığı departamenti formal xarakter daşıyırdı”.
Onun fikrincə, qanun olmadan belə bir bankçılığın fəaliyyətindən söhbət gedə bilməz: “Qonşu ölkələrdən Qırğızıstanda, Qazaxıstanda islam bankçılığı haqqında qanun var. Yəni, sözügedən bankçılıq sələmçilik prinsipini qəbul etmir. Azərbaycanda elə şəxslər var ki, yaxşı sahibkar, biznesmen ola bilərlər, amma bankdan faizlə kredit götürmək istəmirlər. Əgər islam bankçılığı olarsa, bu zaman islam əqidəli şəxslər həmin bankdan rahatlıqla istifadə edə bilərlər. İndi onların vəsaitləri, sahibkarlıq potensialları kənarda qalır. Digər tərəfdən islam bankları olsaydı, İslam ölkələri Azərbaycana investisiya qoya bilərdilər”.
Biznesin xeyirinə və ziyanına ortaq olur
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyib ki, əvvəlcə nəzəriyyə kimi ortaya çıxan islam bankçılığı 60-cı illərdə maliyyə institutu kimi formalaşmağa başlayıb: “İslam bankçılığının yarandığı ilkin dövrlərdə bu tip maliyyə qurumları yalnız müştərilərdən əmanətlər toplayır, həmin vəsaiti iş adamlarına təqdim edərək birgə iqtisadi fəaliyyətin idarə olunması ilə məşğul olurdular. Sonralar isə artıq müştərilərə iqtisadiyyatın, demək olar ki, bütün sahələri üzrə faizsiz kreditlərin verilməsi, icarə, pul köçürmələri, o cümlədən ayrıca sığorta xidmətləri və faizlə əlaqəsi olmayan ənənəvi bankların həyata keçirdiyi hər növ maliyyə xidmətlərini təklif edirlər. Azərbaycanda mövcud olan mikromaliyyə institutlarının təklif etdikləri maliyyə vəsaitlərinə kiçik və orta sahibkarların əlçatanlığı baxımından yüksək faiz dərəcələrinin olmasını, ağır girov şərtlərini, kiçik məbləğdə vəsaitlərin verilməməsi və s. kimi bir sıra problemlər var. Bu da sahibkarın götürdüyü vəsaitdən gəlir əldə edib-etməməsindən asılı olmayaraq verilmiş borcun üzərinə faiz gəlir. İslam maliyyə sistemində isə sahibkarlara təqdim olunan vəsaitlərə görə heç bir faiz ödənilmir. Burada birgə iş qurulur və hər iki tərəf formalaşdırılmış biznesin xeyirinə və ziyanına ortaq olur”.