Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ermənilərin qondarma Milli Təhlükəsizlik Xidməti isə deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib.
Azərbaycanın öz torpaqlarında Azərbayacan əsgəri sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər tərəfindən tutulursa bu nə deməkdir?
Hərbi ekspert Şair Ramaldanov hafta.az-a açıqlamasında bildirib ki, Ağdərəyə gedən qazinin əməlində cinayət tərkibinin olub-olmaması müəyyən bir reqlament üzərində müəyyən edilir. Əgər onun əməlində cinayət tərkibi varsa, təbii ki, buna hüquqi qiymət veriləcək.
“Qospital da hərbi hissə sayılır. Əgər qazi hərbi hissəni özbaşına tərk eliyibsə, hansı istiqamətə getməsinin fərqi yoxdur, o artıq nizamnamənin tələblərini pozub. Və təbii ki, cinayət məsuliyyəti daşıya bilər”.
Ş.Ramaldanov hesab edir ki, Müdafiə Nazirliyinin cinayət işinin qaldırılması ilə bağlı bəyanatı heç kimə hesabat vermək üçün deyil. Qazini Ağdərədə yox, Tərtərdə tutsaydılar da ona cinayət işi qaldıracaqdılar. Yəni cinayət işinin qadırılması əsgərin hara getməsi, kimin əlinə düşməsinə bağlı deyil.
Ş.Ramaldanov bildirib ki, cinayət işini ağırlaşdıran səbəblər ola bilər.
“Biz bilmirik əsgər ora necə, hansı niyyətlə, hansı psixoloji durum altında keçib. Bunlar hamısı istintaq qrupu tərəfindən araşdırılacaq və verilən hüquqi qiymət əsasında Azərbaycan vətəndaşı cavab verəcək. Ona görə də prosesləri qabaqlamaq olmaz. İstintaq bitəndən sonra hər şeyi biləcəyik”.
O ki, qaldı özlərini “Arsax” milli təhlükəsizlik xidməti adlandıran ermənilərin abırsızcasına “həmin hərbçi “Arsax”ın sərhəddini keçib” deməsinə və bundan sonra Azərbaycan Müdafiə Nazirliyinin “onun haqqında cinayət işi qaldırmışıq” bəyanatına hərbi ekspert bu məsələlərə də birmənalı yanaşıb.
“Ermənilər nə gəldi danışa bilər. Ancaq biz bilirik ki, Azərbaycan daxilində olan müəyyən bir ərazi ermənilərin yox, sülhməramlı qüvvələrin nəzarətindədir. O ərazilərə də gediş-gəliş məhdudiyyətlidir. Bu da ola bilər ki, rus sülhməramlıları bu prosesə ordakı erməniləri cəlb etsinlər, bu başqa məsələdir. Ancaq Azərbaycanda ermənilərin nəzarət etdiyi ərazi yoxdur. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi var və ora necə, hansı rejimdə girmək, hansı icazə ilə girmək mümkündür, hamsı müəyyən bir təlimnamələrdə öz əksini tapıb. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə onların icazəsi və onların iştirakı ilə girmək olar. Yəqin ki, məsələlər araşdırılacaq və öz qiymətini alacaq”.