“Azərlotereya”da yeni dönəm - ARAŞDIRMA

14:31 11.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Cəmiyyətin xarici şirkətin idarəetməsinə verilməsindən gözləntilər nədən ibarətdir?

Məlum olduğu kimi, bir müddət əvvəl ölkə Prezidenti tərəfindən “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib. Sözügedən sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilməsi ilə bağlı müqavilə də imzalanıb.

Bəs, görəsən, “Azərlotereya” ASC-nin türk şirkətinə icarəyə verilməsi hansı dəyişikliklərə səbəb olacaq? Yeni idarəetmədən gözləntilər nədən ibarətdir?

Əvvəlcə ondan başlayaq ki, “Azərlotereya” 2002-ci ildə ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. 2020-ci ilin yanvarın 1-nə "Azərlotereya"nın aktivləri 16,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38 faiz çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 66,4 faiz artaraq 8,5 milyon manata, balans kapitalı isə 17 faiz artaraq 8,1 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 200 min manata çatıb. ASC 2019-cu ili 5,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2018-ci ilə nisbətən 73,5 faiz çoxdur. Amma türk şirkətinə idarəetməyə verilən “Azərlotereya” ötən illərdə büdcə köçürmələrini tam icra etməyib. Belə ki, Hesablama Palatası büdcə rəylərində xüsusi vurğulayırdı ki, şirkət mənfəəti olmasına baxmayaraq büdcəyə proqnozlaşdırılan dividendini tam həcmdə ödəmir. Məsələn, 2014-də ümumiyyətlə ödəməyib. 2015-2019-cu illərdə isə 8.4 mln. manat proqnozlaşdırılıb, amma cəmi 3.5 milyon manat ödəyib. Müqayisə üçün deyək ki, Türkiyənin Milli Piyango İdarəsinin 2019-cu üzrə hesabatına görə, şirkət satışdan əldə etdiyi ümumi gəlirdən uduş fondu xərcləndikdən sonra yerdə qalan 1.744 mlrd. lirənin 1.438 mlrd. lirəsini və ya 82,5%-ni müxtəlif vergilər (ƏDV, mənfəət, dividend, şans oyunları vergisi və s.) formasında Xəzinəyə köçürüb.

Yeni idarəedici - “YMT Sans B.V.” şirkəti

Məlumat üçün bildirək ki, “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman, media sektoru, reklam, turizm, lotereya oyunlarının təşkili və rəqəmsal texnologiyalar sahələrini özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın on il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə məşğuldur.

“Demirören Holding”, həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa CNNTürk, Kanal D kimi məşhur televiziya və radio kanalları,  Milliyyət, Hürriyyət, Vətən, Posta və s. qəzetlər daxildir.

Beləliklə, Türkiyənin məşhur şirkətinin “Azərlotereya”nın idarəçiliyinə cəlb edilməsi ölkəmizdə oyun sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan verəcək. Bu, dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin tətbiqinə imkan verəcək. İnvestisiyalar holdinqin Niderlanddan olan “Ymt Sans B.V.” törəmə şirkəti vasitəsilə həyata keçiriləcək.

Proqnozlara görə, cəmiyyətin fəaliyyətinin yenidən təşkili iqtisadi səmərənin artmasına gətirəcək, dövlət lotereyaların təşkilindən maksimal divident əldə edəcək, büdcə gəlirləri əhəmiyyətli şəkildə artacaq, eyni zamanda, ölkədə müasir lotereya tipli oyun sənayesi inkişaf edəcək. Lotereya sistemi potensial imkanlarını daha yaxşı bir şəkildə realizə edəcək, yeni satış sistemləri, həmçinin, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Əlavə distribüter şəbəkələri, xidmət terminalları əlavə multiplikativ effekt yaradacaq. Bütün bunlar bu sahədə “qara bazar”ın da sıxılmasına gətirəcək, vətəndaşları leqal oyunlara cəlb edəcək.

Qeyd edilməlidir ki, xarici investor qismində məşhur Türkiyə holdinqinin seçilməsi də təsadüfi deyil. “Demirören Holding”, həmçinin Azərbaycan iqtisadiyyatının enerji sektorunda təmsil olunur və Azərbaycan bazarı ilə yaxından tanışdır. Yeni idarəedici şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür.

Risk yükü aşağı düşə bilər

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı ekspert  Rəşad Həsənov deyir ki, dövlət müəssisələrinin müasir tələblərə cavab verən şəkildə idarə edilməsi zəruridir:

“Əksər hallarda biz dövlət şirkətlərinin səmərəsiz fəaliyyət göstərdiyini müşahidə edirik. Əslində bu qurumlar dövlətin gəlirlərinin formalaşmasında birbaşa iştirak etməlidirlər. “Azərlotereya”dan da gözləntilərin yüksək olmasına baxmayaraq dövlət büdcəsinə qatqısı çox zəifdir. Burada əsas problem məhz idarəetmədən qaynaqlanır. Ümumiyyətlə, dövlət müəssisələri özəl sektorla müqayisədə daha zəif inkişaf edir. Bu məsələyə subyektivlik faktoru çox ciddi təsi göstərir. Korrupsiyalaşma, vəsaitlərin qeyri-səmərəsiz istifadə edilməsi geniş yayılıb. Ona görə də burada idarəetmənin müxtəlif modellərinin tətbiq edilməsi yolu ilə hansısa formada bu qurumların fəaliyyətinin şəffaflaşdırılmasına zərurət yaranır. Düzdür, əminliklə deyə bilmərəm ki, bu qurumun Türkiyə şirkətinin idarəetməsinə verilməsi mövcud problemləri tam olaraq həll edəcəkdir. Ən azından dövlət-özəl əməkdaşlığı istiqamətində formalaşmış model kimi gələcəkdə öz töhfəsini verə bilər. Bu müəssisələr müəyyən şərtlər daxilində idarəetməyə verilir. Özəl sektor həmin müəssisələri idarə edərkən özünün spesifik maraqları olduğu üçün şirkətin gəlirliliyi, mənfəətinin təmin edilməsində daha çox maraqlı olur. Eyni zamanda, burada dövlət də öz üzərinə düşən öhdəliklərin əhəmiyyətli hissəsini qarşı tərəfə, yəni idarəediciyə ötürür. Beləliklə,  dövlət rahat şəkildə gəlirlə bağlı proqnozlaşdırma apara bilir. Qeyd etdiyim kimi, bu müəssisələr müəyyən şərtlər daxilində özəl şirkətlərə idarəetməyə ötürüldüyündən, dövlət zərərlərə də məsuliyyət daşımır. Dolayısı ilə dövlət üzərində formalaşmış risk yükü əhəmiyyətli səviyyədə aşağı düşür, müəssisələr daha səmərəli fəaliyyət göstərir və bu yolla onun gəlirliliyinin təmin edilməsi istiqamətindəki təbii iqtisadi əsaslar da təmin olunur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir.

“Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək. Bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir. Digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir”.

Oxunma sayı 186