İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.
DTX-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak etmişlər. İyulun 21-dək davam edəcək, təlimləri yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.
Öncə tədbir iştirakçıları “Bilgəh” İstirahət mərkəzinin ərazisində nümayiş olunan texnologiya sərgisinə tamaşa ediblər. Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunduqdan sonra ötən il baş tutan “Kiber düşərgə - 2021” yay məktəbinin ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx göstərilib.
Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilib.