Azərbaycanın strateji məkanlarından olan Laçın şəhərinin, kəndlərinin işğalçı ermənilərdən təmizlənməsi prosesi postmüharibə dövrünün ən mühüm mərhələsi olaraq bitmək üzrədir. Azərbaycan ictimaiyyəti Laçın şəhərinin, onun kəndlərinin Azərbaycanın nəzarətinə keçməsini dövlət sərhəd təhlükəsizliyimizin təminatı, daha sonra Xankəndinin tam nəzarətə alınması, bütövlüyümüz istiqamətində həyata keçirilən ən mühüm tarixi hadisə kimi dəyərləndirir. Laçınlılar öz şəhərlərinin, kəndlərinin Azərbaycanın nəzarətə keçməsini, ermənilərin, sülhməramlıların ərazilərimizi tərk edəndən sonra bu yurdun azad nəfəs alacağı günü səbirsizliklər gözləyirlər.
Qəzənfər Hüseyn, Laçın şəhər icra başçısının keçmiş birinci müavini:
- Azərbaycan Dövlətinin Laçın şəhərinə, kəndlərinə tam nəzarəti əlinə alması ilə bağlı yayılan məlumatlar, hər bir laçınlı kimi, məni də qürrələndirir, sevindirir. Otuzillik işğal dövründə hər gün bu barədə düşünürdüm. İnanırdım ki, Qarabağ, Laçın azad olunacaq və bu fikirlərimi sosial şəbəkədə bölüşürdüm. İndi bir çox gənclərimiz deyirlər ki, siz bu inam hissini gənclərə aşıladınız və biz Laçının azad olunacağına inanaraq yaşadıq.
Bu sevinci bizə yaşatdıqlarına görə, qəhrəman Şəhidlərimizə, qəhrəman Qazilərimizə borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə cansağlığı versin.
Sözsüz ki, bu qələbəni bizə daddıran qətiyyətli, müzəffər Ali Baş Komandanımız oldu. Müzəffər Ordumuz, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirdik.
Biz elə bir tayfa ilə qonşu olmuşuq ki, revanşist, işğalçı siyasəti ilə bölgədə daim narahatlıq, müharibələr yaradıb. Tək yaxın 30 il ərzində bu mənfur qonşuların Azərbaycanda törətdiyi cinayətləri heç kəs unutmamalıdır. Azərbaycan insanları, gənclərimiz ötənlərdən nəticə çıxararaq bu millətlə ehtiyatlı, ağıllı davranmalıdır. Atalarımız bu qonşuya münasibətdə humanistcəsinə davranmaqla çox səhvlər edib.
Allaha çox şükürlər olsun, Laçın azaddır və Azərbaycanın tam nəzarətinə keçir. Onu deməliyəm ki, laçınlılar öz doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Laçınlılar öz yurdlarına gedib uçuq-sökük evlərində yaşaya-yaşaya, dövlətin də dəstəyi ilə kəndlərini, şəhərlərini bərpa edəcəklər. Yəqin ki, dövlətimiz müəyyən təhlükəsizlik tədbirləri görəndən sonra bərpa işlərinə başlanacaq. Bu prosesdə insanlarımızın üzərinə böyük iş düşür.
Bərpa işi elə getməlidir ki, təbiətə zərər vurulmasın. Laçını flora-faunası qorunmaqla təbii muzey halına salmaq olar. Turizmin inkişafı, faydalı qazıntılardan istifadə mütləqdir.
Kəndlər, şəhərlər salınarkən orada yaşayan əhalinin qonşuluq, qohumluq ənənələrinə əməl edilməlidir. Vaxtilə qonşu olan ailələr yeni evlərin bərpasından sonra da qonşu olsunlar.
Laçın şəhərində yeni qəsəbələr salmaq mümkün deyil. Şəhərimizin relyefi fərqlidir. Şəhərlərin salınması, inkişafı şimal-qərb, yəni Kəlbəcər istiqamətində aparılmalıdır. O istiqamətlərdə boş yerlər var. Laçın şəhərində çoxmərtəbəli evlər tikmək mümkün deyil. Bizim dövrlərdə 3-4 mərtəbəli evlər var idi. Çoxu salamatdır, yenə də tikib insanlarımzı ora məskunlaşdırmaq mümkündür.
İndi Zabux camaatı köçəcək, çünki orada hazır evlər var. Ermənilər Sus kəndini tamamilə dağıdıblar. Mollalar, Qızılca, Avazlar kəndləri də dağıdılıb. Ermənilər Zabuxda kənd qəbiristanlığını dağıdıb üstündə qəsəbə salıblar. Bərpa prosesində, yəqin ki, bu məsələyə diqqət çəkiləcək. İnsanlarımız öz yurduna köçəndən sonra həyat öz axarına düşəcək. Çətini köçün başlanmasıdır...
Otuzillik ayrılıq insanlarımızda yeni baxış formalaşdırıb – daha yaxşı yaşamaq, öz torpağında daha güclü kök salmaq arzusundadırlar. Ona görə də insanlarımız, elin sözü ilə desək, Laçında köçlü-köməçli məskunlaşacaqlar.
Babək Asalanov, Qarabağ qazisi, Müharibə Veteranları Təşkilatının sədri:
- Laçınlılar – keçmiş məcburi köçkünlər – torpaqlarımız işğaldan azad olunandan sonra mütləq mənada o torpaqlara qayıtmalıdır. İndi şükürlər olsun, sentyabr ayından Zabux, Sus, kəndlərinə, eyni zamanda Laçın şəhərinin özünə qayıdışlar olacaq. Biz o torpaqlar üçün qan tökmüşük, Şəhidlər vermişik.
Mən I Qarabağ müharibəsinin iştirakçısıyam. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuşam. Laçına doğru Güləbirddən tutmuş, Türklər, Səfiyan, Fərəcan, Xanallar, Suarası kəndlərindək II Vətən Müharibəsində döyüşlərdə iştirak elədik. Düşmən kapitulyasiya aktına imza ataraq, təslim oldu. Döyüşlər dayandı və təxris olunduq. Biz – 30 nəfərdən ibarət keçmiş döyüşçülər – ora kəşfiyyatçı-bələdçi kimi getmişdik. O yerləri yaxşı tanıdığımızdan Vətən Müharibəsində iştirak etdik. Üç minədək döyüşçümüz Vətən uğrunda Şəhid oldu. On mindən artıq qazimiz var. Bu, boş yerə olmadı, torpaqlar işğaldan azad edilib. Hər bir məcburi köçkünün borcudur ki, qayıdıb işğaldan azad olunmuş ərazilərdə yaşasın. İnşAllah, bu qayıdışa hazırlaşırıq.
Biz Laçın şəhərindənik. Ora qayıdıb yaşayışımızı davam etdirəcəyik. Rayonumuzu daha da inkişaf etdirəcəyik. Bütün dünya görməlidir ki, 1992-1993-cü illərdə işğala məruz qalmış rayonlarımızın əhalisi çox ürəklə torpaqlara qayıdır. Torpaqlar cənab Prezidentimiz başda olmaqla, ordumuzun gücü, qüdrəti, şəhidlərimizin qanı bahasına işğaldan azad olunub. Biz Qafqazda göstərdik ki, həqiqətən güclüyük, ordumuz güclüdür.
İllərlə həsrətində olduğumuz torpaqlar 44 gün müddətinə ordumuzun gücü ilə düşmən tapdağından azad olundu. Sevincimizin həddi-hüdudu yoxdur. Biz o torpaqlara qayıdırıq....
Ərşad Hüseynov, Qarabağ müharibəsi qazisi:
- Möhtəşəm bir tarixi hadisəni yaşayırıq. Laçın şəhərindən yan keçən yol artıq hazırdır, istifadəyə verilib. Laçın şəhərinin tam azad olunmasına saylı günlər qalıb. Yəqin ki, bir-iki günə ermənilər ərazimizi tərk edəcəklər. Laçın paralel olaraq sülhməramlıların nəzarətindən çıxacaq. Bundan sonra nəzarət Azərbaycan Ordusuna keçəcək. Tək Laçın şəhəri yox, Sus, Zabux və digər ətraf ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçməlidir. Bundan sonra Laçın şəhərinin bərpası, yenidənqurulması sürətlə davam etdiriləcək. İnfrastruktur bərpa olunacaq. İnsanların köçürülməsi və digər təsərrüfat fəaliyyətinin inkişafı istiqamətində addımlar atılacaq...
Xalqımız 30 ilə yaxın idi ki, yurdunun azadlığını həsrətlə gözləyirdi. Ona görə də hər kəsin ürəyi Qarabağla, Zəngəzurla döyünür. Hamı gözləyir ki, orada həyat bərpa edilsin, ölkəmizin təsərrüfat bölgəsinə qoşulsun. Həsrət bitsin və gəlib bu yurdlarda yaşayaq.
Hazırda mən də Laçındayam. Burada təsərrüfatla məşğul olan xeyli insan var, ordumuz var. Ordumuz yüksək əhval-ruhiyyədədir. Laçın camaatının bu yerlərə qayıtmasını ən çox istəyən Azərbaycan Ordusudur. Azərbaycan Ordusu yüksək dağlarda xidmət edir. Ordunun bu əziyyətə dözməsinin qarşılığı olaraq Laçında yüksək inkişafa nail olmalıyıq ki, ölkəmiz qüdrətlənsin, çiçəklənsin.
Çox böyük ümidlərimiz var. Laçın Azərbaycanın strateji rayonlarından biridir. Şərqi Zəngəzurun coğrafi mərkəzidir. Bir laçınlı kimi yox, Azərbaycan vətəndaşı kimi düşünürəm ki, Laçın qısa müddətdə möhtəşəm şəkildə bərpa olunmalıdır. Laçında elə şərait yaradılmalıdır ki, heç kəs cəsarət edib Laçına doğru xain baxmasın. Bizim arzumuz budur. Belə də olacaq. Laçının bərpası və yenidənqurulması ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynayır.
Yeni inşa olunmuş yol Qarabağ iqtisadi rayonunu Qərbi Zəngəzurla birəşdirir. Yolun Laçın rayon ərazisinə 7-8 kilometrlik hissəsi düşür. Həmin hissədən kənarda olan ərazi, artıq tam nəzarətə keçəcək. Bütün işlər lazımi səviyyədə görüləcək, möhtəşəm inkişaf prosesi başlanacaq”.
Rafiq Nağıyev, 1991-ci ildə Laçında yaradılan ərazi özünümüdafiə batalyonunun keçmiş qərargah rəisi:
- Müharibə başlamamışdan əvvəl həmişə əmin idim ki, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Bütün çıxışlarımda bildirmişəm ki, o torpaqlara qayıdacağıq. Heç vaxt razı olmamışam ki, o torpaqlara danışıqlar yolu ilə qayıdaq. Hesab etmişəm ki, torpaq uğrunda canını, qanını verən igid oğulların qanı elə müharibə yolu ilə də alınmalıdır. Şükürlər olsun, bu şərəfli yolla torpaqlarımızı qaytardıq.
Müharibəyə bir həftə qalmış sosial şəbəkədə döyüş yoldaşlarıma çağırış etmişdim. Köhnə döyüşçüləri müharibəyə hazır olmağa səsləmişdim.
Sentyabrın 27-si günü, səhər saat 6-ya 15 dəqiqə işləmiş Tərtərdə olan balaca qardaşım mənə yazdı ki, başladı. Əmin oldum ki, bu müharibədir... Bütün günü sevincimin həddi-hüdudu yox idi. Məni qınayan da oldu ki, müharibəyə niyə belə sevinirsiniz? Düzdür, müharibə ölümdür, itkidir, ağrıdır, dəhşətdir, acıdır. Bunu öz üzərimdə hiss etmişəm. Müharibə torpaqların azad edilməsinin ən şərəfli yoludur. ...Səhər mən, Qarabağ döyüşçüləri Babək Aslanov, Abbasov Çingizlə birlikdə Hərbi Komissarlığa getdik, könüllü olaraq müharibəyə getmək istədiyimizi bildirdik. Oradan bildirdilər ki, artıq 70 nəfər laçınlı yazılıb, biz də adımızı yazdırdıq. Müharibə dövründə könüllü müharibəyə getmək istəyənlərin ən çoxu Laçın rayonundandır. Şahidi oldum ki, insanlar müharibə getmək üçün az qala, bir-birləri ilə yumruqlaşmağa hazır idilər. Yəni birini yaşına görə aparmaq istəmirlər, o da narazılıq edib getmək istədiyini deyirdi...
Müharibə başlayanda könüllü olaraq getmək istəyirdik. Avtobuslar hazır olub yola çıxanda məni buraxmaq istəmədilər. Dedilər ki, sənin yaşın keçib, gedə bilmərsən. Buna baxmayaraq Laçının köhnə döyüşçüləri 30 nəfər könüllü döyüşə getdi və sonadək döyüşdü. Laçına, Şuşa sərhədinə qədər getdilər və 10 Noyabr Bəyannaməsindən sonra geri qayıtdılar.
Hazırda “Qaçkınkom”da Laçında yaşamaq istəyənlərin siyahısı tutulur. Çox sevindiricidir ki, orada da növbədir. Getmək istəyənin sayı həddən artıqdır. Onlar heç fikirləşmirlər ki, Laçında yaşamaq üçün şərait varmı, yoxmu? Bütün çətinliklərə baxmayaraq, laçınlılar Laçına getmək istəyirlər. Mən də artıq müraciət eləmişəm. Ailə üzvlərimizin sayını yazmışam. Bütün Azərbaycan sevinir. Sosial şəbəkələrdə Laçının bütün kəndlərinin adı sadalanır. Allaha çox şükür, Laçına qayıdırıq.
Ötən il sentyabr ayında kəndimizə getmişdim. Əvvəl elə bilirdim, Laçın bizdən küsüb. Gördüm ki, dağların, daşların üzü gülür. Bizi səbirsizliklə gözləyirlər. Allah Ordumuza dəyməsin. Allah Şəhidlərimizə min rəhmət eləsin. Onların saysində torpaqlarımıza qayıdırıq...