Çinin tək uşaq siyasətini dəyişməsi uğurlu oldumu?

12:26 20.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

CNN yazır ki, Çin tək uşaq siyasətini ləğv etsə də, bunun buraxdığı izlər Pekinin hazırkı əhalinin planlaşdırılması layihəsinə mənfi təsir edib.

Hafta.az-ın yazdığına görə, təhlil, Çində qadınların yeni nəslinin "ailələrinin mübarizələri və tək uşaq siyasəti altında verdikləri fədakarlıqlar səbəbiylə valideyn olmaq istəmədikləri" qiymətləndirməsini bölüşür.

Çin Milli Statistika Bürosunun yanvarda açıqladığı məlumatlara görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin materikinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona enib. Ötən il 9,02 milyon körpə doğulduğu halda, doğulanların sayı 9,56 milyon körpənin doğulduğu 2022-ci illə müqayisədə 5,6 faiz azalıb. Doğum nisbəti də milli qeydlərin aparılmağa başlandığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb və mində 6,39 olub.

1980-2015-ci illərdə həyata keçirilən tək uşaq siyasətindən sonra 2021-ci ildən etibarən cütlüklərə üç uşaq sahibi olmağa icazə verilib.

Tək uşaq siyasətinin ən ciddi şəkildə həyata keçirildiyi 1990-cı illərdə dünyaya gələn Fang, anası ikinci övladını dünyaya gətirəndə çox çətinlik çəkdiyini izah edir. Fang bildirir ki, ailəsi onu böyük əmisinin uşağı kimi təsvir etməli olub.

Evli 30 yaşlı qadın bu təcrübənin onda buraxdığı çapıqlara görə uşaq sahibi olmaq istəmədiyini söyləyərək, əlavə edib: “Uşaqlığım boyu hiss etdiyim bütün qorxular, sarsıntılar və etibarsızlıqlar bu qərarda həlledici oldu".

Tək uşaq siyasəti dövründə kəndli cütlüklərə də birincinin qız olması şərti ilə ikinci uşaq dünyaya gətirməyə icazə verilirdi. Bu tətbiqin keçərli olduğu 19 əyalətdən biri olan Şantunqda doğulan Yao, anası üçüncü uşağına hamilə qaldıqda böyük çətinliklər yaşadıqlarını izah edir.

25 yaşlı Yao hamilə qalan anasının başqa kəndə qaçdığını, özünü babasına və nənəsinə əmanət etdiyini bildirir.

Xəbərdə bir uşaq siyasəti dövründə gender əsaslı abortların və uşaq ölümlərinin baş verdiyinə də diqqət çəkilir. Xi'an Jiaotong Universitetindən Li Shuzhuo iddia edir ki, təxminən 20 milyon qız bu təcrübə səbəbindən "yoxa çıxıb".